Accessibility links

Liviyanın rəqib qüvvələri Tripoli hava limanını ələ keçirdiyini bildirir


Liviyanın BMT-nin dəstəklədiyi hökümətə sadiq qüvvələr
Liviyanın BMT-nin dəstəklədiyi hökümətə sadiq qüvvələr

Liviyanın rəqib ordu komandiri Xəlifə Həftara sadiq qüvvələr şənbə günü bildirib ki, onlar Liviyanın paytaxtı Tripolidəki əsas hava limanına nəzarəti ələ keçirib. Həftar iki gün öncə qüvvələrinə Liviyanın BMT-nin dəstəklədiyi hökümətin qərargahını ələ keçirməyə göstəriş verib.

Həftarın mətbuat idarəsi internetdə yerləşdirdiyi postda Tripoli beynəlxalq hava limanının tam nəzarətini ələ keçirdiklərini bildirib. Onlar qoşunların hava limanının içində şəkillərini paylaşaraq, “biz Tripoli benyəlxalq hava limanının mərkəzində dayanmışıq” yazıb.

Həftarın Tripoliyə hücumu neftlə zəngin ölkədə yeni zorakılıq dalğası yarada bilər ki, bu da 2011-ci ildə diktator Müəmmar Qəddafinin devrilməsi ilə nəticələnən vətəndaş müharibəsindən bəri ən böyük zorakılıq ola bilər. Ölkə iki rəqib hökümət tərəfindən idarə olunur: Tripolidə beynəlxalq ictimaiyyətin dəstəklədiyi hökümət və şərqdə Həftarın əməkdaşladığı hökümət. Hər iki höküməti bir sıra yarı-hərbi dəstə dəstəyir.

BMT-nin dəstəklədiyi hökümət, onu dəstəkləyən yarı-hərbi dəstə və ya BMT bəyanat verməyib.

Tripoli hava limanı 2014-cü ildə başlayan döyüşlər təsisin böyük hissəsini dağıdandan bəri fəaliyyət göstərmir.

Mətbuat idarəsi bildirib ki, qoşunlar həmçinin Tripolidə Fayüz Sarrac hökümətini dəstəkləyən rəqib yarı-hərbi dəstələrlə döyüşlərin davam etdiyi bir vaxt Tripolidən cənubda yerləşən Vadi əl-Rabia ərazisini ələ keçirib.

Liviya Milli Ordusunun lideri Həftar cümə axşamı qüvvələrini Tripoliyə doğru səfərbər etdiyini elan edib. Bu isə gərginliyin nəzarətdən çıxacağına dair qorxulara səbəb olub, çünki ölkənin qərbində Zaviya və Misrata şəhərlərindən yarı-hərbi dəstələr Həftara qarşı müqavimət göstərməyə hazırlaşdıqlarını bildirib.

Həftar həmçinin Liviyadakı rəqiblər arasında yeni seçkilərlə bağlı yol xəritəsini hazırlamaq üçün nəzərədə tutulan BMT-nin vasitəçiliyi ilə qarşıdan gələn sülh danışıqlarını riskə atıb.

BMT-nin Təhlükəsizlik Şurası şənbə günü Həftarın qüvvələrini bütün hərbi hərəkatları dayandırmağa, eləcə də Liviyadakı bütün qüvvələri “bütün hərbi əməliyyatlara son qoymağa” çağırıb.

XS
SM
MD
LG