Liz Trass iqtisadi təlatümlər və enerji xərclərinin artdığı bir vaxt Boris Consonu əvəz edərək, çərşənbə axşamı Böyük Britaniyanın yeni baş naziri oldu.
Britaniya Kraliçası II Elizabet çərşənbə axşamı Liz Trassı Şotlandiyada Balmoral sarayında qəbul edərək, Mühafizəkarlar Partiyasının yeni seçilmiş liderini baş nazir olmağa və yeni hökuməti formalaşdırmağa dəvət edib.
Son altı ildə Mühafizəkarlar Partiyasından dördüncü baş nazir olan Trass üç il vəzifədə qaldıqdan sonra istefa verməyə məcbur olan Boris Consonu bu vəzifədə əvəz edəcək.
47 yaşlı Truss həmçinin Britaniyanın üçüncü qadın baş naziridir.
Trass kabinet rəhbəri kimi vəzifəyə Britaniyada iqtisadi tənəzzül, artan elektrik enerjisi ödənişləri və qarşıdan gələn qış mövsümündə mümkün yanacaq çatışmazlığı kimi problemlərlə qarşılaşaraq gəlir.
"Mən vergiləri azaltmaq və iqtisadiyyatımızı inkişaf etdirmək üçün insanların enerji ödənişləri həmçinin enerji təchizatı ilə bağlı uzunmüddətli problemlərin həlli məqsədi ilə cəsarətli plan təqdim edəcəyəm," o deyib.
Bir sıra qalmaqallarla vəzifəsini tərk etmək məcburiyyətində qalan sabiq baş nazir Boris Conson çərşənbə axşamı səhər Douninq küçəsində toplaşan jurnalistlərə və siyasətçilərə ölkənin bir araya gəlməsinin vaxtının yetişdiyini bildirib.
Conson siyasəti bir kənara qoyaraq, mühafizəkarları "Liz Trass, onun komandası və proqramı"na dəstək verməyə çağırıb.
Vida nitqində Conson uğurlarına, o cümlədən koronavirus pandemiyası zamanı peyvənd proqramına və Rusiyaya qarşı mövqeyində Ukraynaya dəstəyinə toxunub.
O, həmçinin Brexit-i əsas nailiyyətlərindən biri kimi göstərib.