Accessibility links

Lokal döyüşlərin davam etdiyi bildirilir


Cəbhə xətti
Cəbhə xətti

Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyunca lokal döyüşlər davam edir. Tərəflər çoxsaylı itkilərin olduğunu bildirir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

“Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib. Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə atəşlə ciddi zərbə vuraraq onun müqavimətini zəiflədib və müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib. Oktyabrın 25-də aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin 2 artilleriya qurğusu, 2 BM-21 “Qrad”, 1 komanda-qərargah maşını, 1 komanda idarəetmə məntəqəsi, 2 yük maşını, 1tank və bir neçə atəş nöqtəsi məhv edilib,” Müdafiə Nazirliyi bildirir.

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Hovanisyan bildirib ki, oktyabrın 25-də hərbi əməliyyatlar davam etdirilir.

“Oktyabrın 24-də günortaya qədər şimal istiqamətində şiddətli döyüşlər olmadı. Güclü artilleriya atəşi günortadan sonra başladı. Mərkəzi istiqamətdə, Martuninin cənubunda və Hadrutun şimalında meşələrə və yaşayış məntəqələrinə bitişik ərazilərdə təxribat və kəşfiyyat qrupu zərərsizləşdirildi. Buna baxmayaraq təxribat qrupları ilə döyüşlər davam edir. Oktyabrın 24-də cənub istiqamətində də şiddətli döyüşlər olmadı. Düşmən müxtəlif texniki vasitələrdən istifadə edərək kiçik lokal hücumlar şəklində bir neçə dəfə hücum əməliyyatları aparmağa cəhd etdi. Cəhdlər dəf edildi, bəzi bölgələrdə düşmən geri çəkildi. Zirehli maşınlarla yanaşı bir neçə avtomobil məhv edildi. Ümumiyyətlə, oktyabrın 24-də cəbhənin müxtəlif istiqamətlərində böyük gərginlik olmadı,” o, qeyd edib.

Hovanisyan bu gün, oktyabrın 25-də Facebook səhifəsində yazıb ki, səhər saatlarında Azərbaycan Ordusunun avtomobili ələ keçirilib. O, ayrılıqda Azərbaycanın dövlət nömrə nişanının və KAMAZ markalı yük avtomobilinin fotosunu nümayiş etdirib.

Özünü tanınmamış Dağlıq Qarabağın “Müdafiə Ordusu”nun mətbuat xidməti kimi təqdim edən qurum bildirib ki, oktyabrın 25-də gecə Qarabağ münaqişəsi zonasında gərgin vəziyyət davam edib.

“Bazar günü bəzi ərazilərdə artilleriya döyüşləri davam edir. Axşam saatlarında düşmən qüvvələri yenidən dinc yaşayış məntəqələrini, xüsusilə Martuni bölgəsindəki Karmir-Şuka, Taqavard, Qişi, Spitakaşen icmalarını və Əsgəran bölgəsindəki Avetaranos kəndini atəşə tutub. Hazırda təmas xətti boyunca lokal döyüşlər davam edir. “Müdafiə Ordusu”nun bölmələri düşmən təxribat qruplarının aşkarlanması və zərərsizləşdirilməsi tapşırığını yerinə yetirməkdə davam edir,” məlumatda deyilir.

Hərbi itkilərə gəlincə, oktyabrın 22-də Rusiya prezidenti Vladimir Putin "Valday" beynəlxaql diskussiya klubunda suallara cavabda bildirib ki, əldə etdiyi məlumatlara görə hər bir tərəf 2000-dən çox insan itirib.

"Ümumilikdə ölənlərun sayı 5000-ə yaxındır," Putin qeyd edib.

Ermənistan oktyabrın 25-də daha 11 hərbçisinin öldürüldüyünü bildirib. Rəsmi məlumatlara görə, ümumilikdə Ermənistan 974 hərbçisini itirib. Lakin məlumat müstəqil təhlilçilər tərəfindən təsdiq olunmayıb.

Azərbaycan tərəfi hərbi itkilərlə bağlı məlumat vermir. Ancaq sosial şəbəkələrdə Azərbaycan tərəfinin də hərbi itkiləri barədə məlumatlar yayılır.

Münaqişə dövründə çoxsaylı mülki itkilər də var. Azərbaycan Baş Prokuroru bildirib ki, oktyabrın 24-də iki mülki vətəndaş vəfat edib və ümumilikdə sentyabrın 27-dən oktyabrın 2-dək Azərbaycanın 65 mülki vətəndaşı həlak olub, 300 nəfər yaralanıb.

Azəbaycan Müdafiə Nazirliyi oktyabrın 25-də Ağdam, Tərtər və Ağcabədi rayonlarının ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğu barədə məlumat yayıb.

Özünü tanınmamış "Dağlıq Qarabağ Respublikası" adlandıran qurumun fövqəladə hallar xidməti bildirir ki, oktyabrın 25-də yaşayış məntəqələrinin atəşə tutulması davam edib.

“Mülki insanlar arasında itki yoxdur, dağıntılar dəqiqləşdirilir,” məlumatda deyilir.

Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun ombudsmanı Artak Beqlaryan Twitter səhifəsində yazıb ki, ümumilikdə, sentyabrın 27-dən inidyədək 34 dinc sakin həlak olub, 109 nəfər yaralanıb.

“Dağlıq Qarabağın əhalisinin təxminən 60 faizi həm Ermənistanda və həm də Dağlıq Qarabağın daxilində məcburi köçkündür,” o qeyd edib.

Bir gün öncə, oktyabrın 24-də Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Vaşinqtona səfəri zamanı jurnalistlərə deyib ki, Qarabağ münaqişəsi zonasındakı döyüş əməliyyatları nəticəsində 90,000 insan qaçqın düşüb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik bildirir ki, oktyabrın 24-də 9 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 31 ədəd partlamış mərmi qalıqları aşkar olunub, 2 ədəd raket, 8 ədəd top mərmisi və 2 ədəd dron zərərsizləşdirilib. Ümumilikdə agentlik tərəfindən 27 sentyabr – 24 oktyabr 2020-ci il tarixlərində 291 ədəd partlamamış hərbi sursat (PHS), 1 144 ədəd 9N235 bombacıqları, 1 180 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd qaz qumbarası, 16 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 6 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 432 ədəd partlamış raket hissələri aşkar olunub.

Münaqişə ətrafında siyasi səviyyədə çalışmalar da davam edir.

Rəsmi Yerevan bildirir ki, oktyabrın 24 – 27-dək Fransa parlamentinin 15 millət vəkilindən ibarət nümayəndə heyəti Ermənistanda səfərdədir. Nümayəndə heyətinin Dağlıq Qarabağda olacağı da gözlənilir.

“Ölkəmiz Rusiya və ABŞ ilə birlikdə münaqişəyə həll yolu tapmalı olan Minsk Qrupuna rəhbərlik edir. Böyük diplomatik və humanitar vəzifələrimiz var,” nümayəndə heyətinin üzvü Florens Provandye deyib.

Fransanın Milli Demoqrafik Araşdırmalar İnstitutu ölkədə yaşayan insanların etnik mənşələrinə dair dəqiq məlumat bazası olmadığını bildirir. Lakin bəzi müşahidəçilər və media qurumları Fransada 250-750 min arasında erməni mənşəli insanın yaşadığını təxmin edir.

Florens Provandye atəşkəsə hörmət edilmədiyini və hücumların davam etdiyini - dinc yaşayış məntəqələrinin atəşə tutulduğunu deyib. O xatırladıb ki, Fransanın erməni icması 600 mindən çox insanla təmsil olunur.

“Mən soydaşlarına qarşı hücumlar görməkdən əziyyət çəkən erməni icmamızı düşünürəm. Bu diplomatik səfər onlara dəstək olduğuna işarədir, eyni zamanda Avropanın qapılarında davam edən dəhşətli bir qarşıdurmanın həyəcanıdır,” o qeyd edib.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Fransanın parlament nümayəndə heyətinin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinə toxunaraq bildirib ki, səfərdə iştirak edən Fransa parlament üzvlərinin əksəriyyətinin erməni lobbi dairələri ilə bağlılığı və erməni lobbisi tərəfindən maliyyələşdirildiyi heç kimə sirr deyil.

“Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Həmsədr ölkələr neytrallığı və vasitəçilik missiyasında qərəzsizliyi təmin etməlidir. Bu səfər ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın neytrallığına kölgə salır. İndiki həssas dönəmdə bu qəbildən olan provokativ addımlar haqlı olaraq Azərbaycan ictimaiyyətinin ciddi hiddətinə səbəb olur,” Azərbaycan prezidentinin köməkçisi qeyd edib.

Oktyabrın 23-də ABŞ Dövlət Katibi Pompeo Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla ayrı-ayrı görüşlər keçirib.

ABŞ, Fransa və Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmsı üzrə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələridir. 1994-cü ildə atəşkəsdən bəri danışıqlar hələ ki, uğursuzluqla nəticələnib.

Hərbi əməliyyatlar Cənubi Qafqazda Ermənistanla müdafiə paktı bağlayan Rusiya və Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyənin münaqişəyə cəlb olunması ilə bağlı narahatlıqların artmasına səbəb olub.

XS
SM
MD
LG