Accessibility links

Londonun meri Sadiq Xan imperialist xadimlərin heykəllərinin götürülə biləcəyini deyib


Bristol şəhərində qul taciri Edvard Kolstonun abidəsinin icazəsiz yıxılmasından sonra London şəhərinin meri çərşənbə axşamı deyib ki, Britaniya küçələrindən daha çox imperialist xadimlərin heykəlləri götürülə bilər.

Mer Sadiq Xan şəhərdəki abidələrin müxtəlifliyi əks etdirdiyini təmin etmək üçün komissiya təşkil etdiyini deyib. Bələdiyyədən verilən məlumata görə, İctimai Sahədəki Müxtəliflik Komissiya heykəllər, freskalar, küçə sənəti, küçələrin adları və digər abidələri nəzərdən keçirəcək və ondan sonra onlardan hansının qalıb-qalmayacağına qərar veriləcək.

"Xoşagəlməz bir həqiqətdir ki, xalqımızın və şəhərimizin sərvətinin böyük bir hissəsi qul ticarətindəki rolu ilə bağlıdır və bu, ictimai sferada öz əksini tapsa da, icmalarımızdan çoxunun paytaxtımıza verdiyi töhfələr bilərəkdən nəzərə alınmayıb", Xan bildirib.

Bu abidələrdən hansının saxlanıb-saxslanmaması barədəki mübahisələr 17-ci əsrdə Britaniyada qul ticarəti ilə məşğul olan xeyriyyəçi Kolstonun abidəsinin yıxılması ilə yenidən gündəmə gəlib. Kolstonun Britaniyanın cənub-qərbindəki Bristol şəhərindəki bürünc heykəli bazar günü "Qaraların Həyatı Mühümdür" nümayişi zamanı etirazçılar tərəfindən yıxılaraq, şəhər limanına atılıb.

Bristol sakinlərinin çoxu heykəlin yıxılmasını alqışlasa da, Britaniya hökuməti bunu vandalizm aktı adlandırıb və polisi günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.

Britaniyanın baş naziri Boris Conson qeyri-ağların ayrıseçkiliyə məruz qaldıqlarının "sərt reallıq" olduğunu etiraf edib və hökumətinin "qərəzin aradan qaldırılması və imkan yaradılması" işinə sadiq qaldığını deyib.

Lakin o, polisə hücum edən və ya dövlət abidələrinə zərər verənlərin qanunun qarşısında cavab verməli olduqlarını deyib.

Həftə sonu Londonda keçirilən etiraz aksiyaları zamanı nümayişçilər Uinston Çörçillin heykəlinin üzərinə "irqçi" sözünü yazıb. Müharibə dövründə Britaniyanın baş naziri olan Çörçill ölkəsinin nasist Almaniyasına qarşı qələbəsində böyük rol oynayıb. Lakin o həm də Britaniya imperiyasının sədaqətli müdafiəçisi olub və irqçi fikirlər ifadə edib.

XS
SM
MD
LG