Accessibility links

Los Ancelesdə Azərbaycan konsulluğu qarşısındakı aksiyada qarşıdurmalar baş verib


ABŞ-ın Los Anceles şəhərində Azərbaycan konsulluğunun qarşısında təşkil olunan etiraz aksiyasında erməni və azərbaycanlı diaspora üzvləri arasında qarşıdurmalar baş verib.

Yerli telekanallar toqquşmalar nəticəsində bir polis zabitinin yaralandığını və polisə hücum etməkdə şübhələnilən azı bir nəfərin saxlanıldığını xəbər verib.

Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı bəyanatda erməni etirazçıların yeddi nəfərə xəsarət yetirdiyini bildirib. Azərbaycanın Los Ancelesdəki konsulluğu qarşıdurmalar zamanı xəsarət alan bir neçə şəxsin fotolarını öz Facebook səhifəsində paylaşıb.

Rəsmi Bakı etiraz aksiyasının “radikal erməni daşnakları” tərəfindən təşkil olunduğunu və azərbaycanlı nümayişçilərə qarşı “zorakılıq və aqressiya” nümayiş etdirildiyini bildirərək, ABŞ-ın Azərbaycandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Aksiyanın təşkilatçısı və Amerikanın Erməni Milli Komitəsinin təmsilçisi Aleks Qalitski NBC telekanalına şərhində qarşıdurmalar baş verdiyini etiraf etmiş, lakin kiminsə yaralandığından bixəbər olduğunu demişdir.

O, erməni diasporasını təmsil edən nümayişçilərin sayının təqribən 3000 olduğunu bildirib.

Los Anceles şəhəri və şəhərin yerləşdiyi Kaliforniya ştatı Ermənistandan kənarda ən iri erməni icmasının məskunlaşdığı məkan sayılır.

Ermənistan dövlət rəsmiləri hələlik Los Ancelesdə baş verən insidentə reaksiya verməyib.

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz rayonu istiqamətində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında toqquşmalar baş verib, hər iki tərəfdə itkilər olub.

ATƏT-in Minsk Qrupu, ABŞ və Avropa İttifaqı tərəfləri atəşkəsi pozmamağa və döyüşləri dərhal dayandırmağa çağırıb.

Hazırda təmas xəttində vəziyyətin sabit olduğu bildirilir.

XS
SM
MD
LG