Accessibility links

Lukaşenko Rusiyanın nüvə silahlarına ev sahibliyinə hazır olduğunu bildirib


Belarusun avtoritar lideri Aleksandr Lukaşenko bildirib ki, NATO ABŞ silahlarını Almaniyadan çıxarıb Şərqi Avropaya yerləşdirəcəyi təqdirdə ölkəsi Rusiyanın nüvə silahlarına ev sahibliyi etməyə hazır olacaq.

Noyabrın 30-da verdiyi müsahibədə Lukaşenko ilk dəfə Moskvanın işğal etdiyi Krımı Rusiyanın bir hissəsi kimi tanıyıb və əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinlə yarımadaya səfər etməyi planlaşdırır.

Lukaşenko keçənilki mübahisəli prezident seçkilərindən sonra Qərblə artan gərginlik fonunda müttəfiqi Rusiya ilə sıx əlaqələr yaradıb.

Verdiyi müsahibədə NATO-nun baş katibi Yens Stoltenberqin bu yaxınlardakı bəyanatı ilə bağlı sualı cavablandıran Lukaşenko bildirib ki, o, Rusiyanı Belarus torpaqlarında nüvə silahı yerləşdirməyə dəvət edəcək.

Bu ayın əvvəlində Stoltenberq bildirmişdi ki, Berlinin yeni hökuməti nüvə bölgüsü sazişindən çıxsa, ABŞ-ın Almaniya bazasındakı nüvə silahları daha şərqə aparıla bilər. Bu, Rusiyanı qəzəbləndirəcək.

“Almaniya əlbəttə ki, ölkəsində nüvə silahının olub-olmayacağına qərar verə bilər. Lakin alternativ odur ki, biz asanlıqla Avropanın digər ölkələrində, həmçinin Almaniyanın şərqində nüvə silahına sahib olaq” - deyə, Stoltenberq bildirib.

Lukaşenko buna reaksiya olaraq Rusiyanın dövlət televiziyası - “Rossia Segodnya”-nın rəhbəri Dmitri Kiselyova deyib ki, o zaman mən Putinə nüvə silahını Belarusa qaytarmağı təklif edəcəm və əlavə edib ki, biz Belarus ərazisində buna hazırıq.

Onun sözlərinə görə, Belarus 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra geri aparılmış nüvə silahları üçün infrastrukturu qoruyub saxlayıb.

NATO müttəfiqləri Almaniyanın Sosial Demokratlar, Yaşıllar və Azad Demokratlardan ibarət yeni hökumətinin ABŞ-a məxsus 20 ədəd B-61 atom bombasının Almaniya torpaqlarından çıxarılmasını istəyəcəyindən narahatdır.

Lakin keçən həftə əldə edilmiş koalisiya razılaşmasına əsasən, Almaniya bəzi müttəfiqlərin qorxduğu kimi ABŞ-dan nüvə bombalarını çıxarmağı tələb etməyəcək, baxmayaraq ki, məsələ gələcəkdə yenidən gündəmə gələ bilər.

Rusiya və Belarusun arasında yaxın siyasi, iqtisadi və hərbi əlaqələri nəzərdə tutan qondarma birlik sazişi var. Lakin Lukaşenko uzun illər Moskvanın vəd etdiyi ucuz enerji və kreditə arxalansa da, əlaqələri dərinləşdirməkdən və suverenlikdən imtina etməkdən çəkinirdi.

İndi analitiklər deyirlər ki, Belarus və Rusiya ittifaq sazişini daha da dərinləşdirir, çünki Kreml Lukaşenkonun zəifliyindən istifadə edərək sərt güzəştlər əldə etməyə çalışır.

“Rossia Segodnya”ya müsahibəsində Lukaşenko ilk dəfə Krımı həm de-fakto, həm də de-yure Rusiyanın bir hissəsi hesab etdiyini bildirib.

"Biz hamımız başa düşdük ki, de-fakto Krım Rusiyanın Krımıdır. Referendumdan sonra Krım da Rusiya de-yure oldu" Lukaşenko deyib.

Rusiya 2014-cü ildə Ukraynanın rusiyapərəst liderini devirən etirazlardan sonra Kiyev və Qərb tərəfindən qanunsuz olaraq qınanılan referendum keçirdikdən sonra Ukraynanın Qara dəniz bölgəsindən Krımı zorla ilhaq edib.

Rusiyanın Krımla bağlı mövqeyini açıq şəkildə dəstəklədiyinə görə təzyiqlərə məruz qalan Lukaşenko indiyədək Krımın Rusiyaya məxsus olduğunu bəyan etməkdən çəkinirdi.

XS
SM
MD
LG