Azərbaycan, Türkmənistan və Türkiyə tarixi "İpək yolu"nun dirçəlməsində əsas rol oynayır. Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Aşqabadda türkmənistanlı həmkarı Rəşid Meredovla görüşündə bildirib.
"Türkmənistanlı həmkarım ilə "İpək yolu"nun dirçəlməsi, dəmir yollarının inşası, Transxəzər qaz kəmərinin tikintisi və sonradan Transanadolu qaz kəmərinə (TANAP) çıxmaqla Türkmənistan qazının Avropa bazarlarına nəqli imkanlarına dair məsələləri müzakirə etdik", - "Anadolu" agentliyi Mövlud Çavuşoğludan sitat gətirib.
Nazir bildirib ki, Türkiyə noyabrın sonlarında Türkmənistanda keçiriləcək nəqliyyat üzrə regional konfransda iştirak etməyi planlaşdırır.
O deyib ki, türkmənistanlı həmkarı ilə Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanın Türkmənistana qarşıdakı səfərini və Türkmənistan, Azərbayan, Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsinin mümkünlüyünü də müzakirə edib.
Görüşün yekunu olaraq nazirlər 2019-2020-ci illərdə Türkiyə və Türkmənistan xarici siyasət idarələri arasında əməkdaşlıq proqramı barədə sənəd imzalayıb.