Accessibility links

Müəllimə Təhsil Nazirliyinin binası qarşısında aksiya keçirib


Ceyrah Rəhbəri aksiya zamanı
Ceyrah Rəhbəri aksiya zamanı

Cümə axşamı, sentyabrın 24-də Siyəzən şəhər İnternat Tipli Gimnaziyanın (Bakıdan 100 kilometr şimal) müəlliməsi Ceyran Rəhbəri Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib.

Müəllimə gimnaziyada qanunsuzluqların hökm sürdüyünü bildirib. Onun sözlərinə görə, qanunsuzluqlar gimnaziyaya ötən ilin sonlarında Aynurə Dadaşovanın direktor təyinatından sonra başlayıb.

“Aynurə Dadaşova direktor təyin edildikdən sonra məktəbdə hegemonluq, özbaşınalıq, hərc-mərclik yaranıb. Bu məmur məktəbi özününküləşdirib, özünə uyğun kadr islahatı aparır. Dərs bölgüsü onun şəxsi nəzarətindədir. Saxta diplomla işləyən müəllimləri aşkar etsə də onları yüksək dərs saatları ilə təmin edib. O deyir ki, Təhsil Nazirliyində, rayon polis şöbəsində adamları var. Ona heç kim heç nə edə bilməz,” Rəhbəri qeyd edib.

Müəllimə azı iki müəllimənin məktəbdə saxta diplomla işlədiyini iddia edib və onların adlarını çəkib. Onun sözlərinə görə, direktorun qanunsuzluqlarına qarşı etiraz etdikdən sonra təzyiqlərə məruz qalmaqdadır.

“Direktor yataqxanada qalan şagirdlərin sayını gizlətmək məqsədi ilə müəllimlərə təzyiq edir ki, dərsə gəlməyən şagirdlərə qayıb qoyulmasın, sinif jurnalları Təhsil Nazirliyinə qayıbsiz getməlidir. Mən isə yataqxanada olmayan şagirdlərə qayıb qoyuram. Bunun məsuliyyətini gözəl anlayıram. Çünki, sabah bir hadisə baş versə mən necə sübut edə bilərəm ki, həmin uşaq yataqxanada olmayıb. Bu xanımın qanunsuzluqlarını aşkar etdiyimə görə məni gözüm-çıxdıya salıb. Mənə dəfələrlə öz iş otağında hədə-qorxu gəlib, təhqir edib, açarları üstümə atıb. Bunları təsdiq edən səs yazılarım da var. Nazirliyə təqdim edə bilərəm. Məktəbdə cəmi 124 şagird olub, 60 nəfər işçi var. Hər iki şagirdə bir nəfər işçi düşür. Pandemiyadan əvvəl də uşaqlar dərsə gəlmirdi. Amma, davamiyyət düzgün hesablanmır. Təhsil Nazirliyinin komissiyası məktəbdə olub, qanusuzluqları deyiblər, lakin tədbir görülmür,” Rəhbəri deyib.

Müəllimə bildirib ki, direktor Aydın Məmmədov adlı şəxsi məktəbə təsərrüfat işləri üzrə rəhbər təyin edib.

“Aydın Məmmədova vəzifələrini xatırladanda o məni təhqir edib. Mən də Daxili İşlər Nazirliyinin “102 xidmətinə” şikayət etmişəm. Ancaq Aynurə Dadaşova dediyi kimi, onun polisdə, təhsil nazirliyində adamları var. Bu səbəbdən polisdə məni, şikayət edən şəxsi təqsirləndirilən şəxs kimi müəyyən etdilər. Ancaq Siyəzən rayon Məhkəməsi günahsız olduğumu müəyyən etdi və işi xitama verdi. Bundan sonra, Dadaşova məni təhqir və böhtan ittihamı ilə məhkəməyə verib. Biz müəllimlər Prezident Administrasiyasına şikayət edirik, göndərirlər Təhsil Nazirliyində Aynurə Dadaşovanı müdafiə edən şəxslərə, onlar da yazır ki, iş məhkəmədədir. Aynurə Dadaşova məni təhqir və böhtana görə məhkəməyə verib. Sual edirəm, bunun məktəbdəki qanunsuzluqlara nə dəxli var? Nazirlik bizim şikayətimizdə əks olunan qanunsuzluqları araşdırmalıdır,” o qeyd edib.

Siyəzən rayon Təhsil şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, həmin təhsil müəsisəsi rayon təhsil şöbəsinin tabeçiliyində deyil, Təhsil Nazirliynin nəzdindədir.

Məktəbin direktoru Aynurə Dadaşova isə Amerikanın Səsinin suallarına cavab verməkdən imtina edib.

"Bununla bağlı Təhsil Nazirliyinə müraciət etməyinizi xahiş edirəm. Mən müəllimənin iddialarına cavab verməyəcəm. İş məhkəmədədir," o qeyd edib.

Öz növbəsində, Amerikanın Səsi Təhsil Nazirliyinə ünvanladığı suala hələ cavab ala bilməyib.

Aksiya zamanı reportyor Anar Abdullayev saxlanılıb. O İnzibati Xətalar Məcəlləsinin 510-cu madəsi (xırda xuliqanlıq) ilə günahlı bilinərək 50 manat cərimə edildikdən sonra sərbəst buraxılıb.

Hadisə yerindəki şahidlərin məlumatına görə, çəkiliş zamanı Abdullayevə hücum edilib.

“Çəkiliş edirdik. Həmin zaman polis bizim vəsiqələrimizi istədi. Birdən Tural Qarayev adlı şəxs yaxınlaşdı Anara "massonlara işləyirsiniz" deyərək, başladı ona əl-qol atıb, təhqir etməyə. Hadisə yerindəki polisə isə "tutun bunu" deyirdi. Polis əməkdaşları Anar Abdullayevi və Tural Qarayevi saxlayaraq polis bölməsinə apardılar”, jurnalist Ülviyyə Əli bildirib.

Tural Qarayev 2019-cu il aprelin 17-də müxalif siyasətçi Fuad Qəhrəmanlının yetkinlik yaşına çatmamış qızına hücum etməsi ilə tanınır.

Yeniyetmənin anasının şikayətindən sonra Qarayev kiçik xuliqanlıq ittihamı ilə 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

XS
SM
MD
LG