Accessibility links

Müdafiə naziri ABŞ səfiri ilə görüşüb


Müdafiə naziri ABŞ səfiri ilə görüşüb
Müdafiə naziri ABŞ səfiri ilə görüşüb

Azərbaycanın müdafiə naziri Zakir Həsənov aprelin 16-da Amerika Birləşmiş Ştatlarının Azərbaycanda yeni təyin olunan səfiri Li Litzenberqer ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan ilə ABŞ arasında əlaqələrin NATO proqramları çərçivəsində və ikitərəfli əsasda qurulduğunu qeyd edən müdafiə naziri hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Həsənov Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb.

Nazir qeyd edib ki, aparıcı dövlətlər və beynəlxalq təşkilatlar bəzi münaqişələrdə iştirak edən tərəflərə təsir göstərdikləri halda, Dağlıq Qarabağ münaqişəsinə yanaşmada ikili standartlara yol verir.

Li Litzenberqer öz növbəsində iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edən səfir ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini bildirib.

ABŞ-Azərbaycan əməkdaşlığının strateji əhəmiyyət kəsb etdiyini qeyd edən səfir Azərbaycan Ordusunda aparılan islahatları izlədiyini və bu sahədə əldə edilən nailiyyətləri yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. İki ölkə arasında hərbi əməkdaşlığa toxunan Litzenberqer Azərbaycan sülhməramlılarının Əfqanıstanda keçirilən missiyada iştirakından məmnunluq ifadə edib.

Sonra tərəflər regional və ikitərəfli əməkdaşlıq, Xəzər dənizi və mühüm enerji infrastrukturlarının təhlükəsizliyi, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə, hər iki ölkənin hərbi təhsil üzrə mütəxəssislərinin qarşılıqlı səfərləri, həmçinin maraq doğuran bir sıra digər məsələləri müzakirə edib.

XS
SM
MD
LG