Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, nazirlik daimi əsasda sülhməramlılarla əlaqədədir və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir.
“Qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyət yaxından izlənilir,” Müdafiə Nazirliyi qeyd edir.
Azərbaycan Ordusunun Əfqanıstanda sülhməramlı missiyası barədə qısa məlumat
20 noyabr 2002-ci ildən Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı nümayəndəsi Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərkibində fəaliyyət göstərməyə başlayıb.
15 yanvar 2008-ci ildə Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı 40 nəfərə çatdırılıb.
19 fevral 2009-cu ildən Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatlarında Türk taboru tərkibində fəaliyyət göstərib. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, ISAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini təmin edib və patrul xidmətini həyata keçirib.
5 oktyabr 2010-cu ildə Azərbaycan missiyaya əlavə olaraq 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə olmaqla, 4 zabit göndərib və sülhməramlı kontingentin sayı 94 nəfərə çatdırılıb.
Azərbaycan Ordusu 9 yanvar 2018-ci ildən şəxsi heyətinin sayını 120-yə çatdırıb.
Hazrda missiyanın müvafiq komandanlıqlarında təmsil olunmaqla yanaşı, Azərbaycan Ordusunun sülhməramlı qüvvələri Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını icra edir.