Accessibility links

Azərbaycan Müdafiə Nazirliyi: Kəlbəcərdə Azərbaycan bayrağı qaldırılıb


Noyabrın 28-də Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonunda Azərbaycan bayrağının qaldırıldığı barədə məlumat yayıb. Nazirlik bunu əks etdirən video da yayıb.

Rayonun Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə verilməsi noyabrın 25-dən başlanıb. Az sonra Kəlbəcərin Söyüdlü (Ermənistan tərəfdə Zod) qızıl mədəni ərazisində baş verdiyi deyilən insidentlə bağlı məlumatlar və videolar yayılıb. Bundan sonra, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş Naziri Nikol Paşinyan arasında bir saat ərzində iki dəfə telefon danışığı olub.

Ermənistan Xarici İşlər Nazirliyinin Zod qızıl mədəni istiqamətində Azərbaycan hərbçilərinin iştirakı ilə baş verdiyi deyilən insidentə münasibətində bildirilir ki, noyabrın 27-də Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında döyüş növbətçiliyinin yerinə yetirilməsi üçün danışıqlar aparılıb və bu müddətdə müvəqqəti döyüş mövqelərinin quraşdırılması yerləri dəqiqləşdirilib.

"Delimitasiya və demarkasiya uzun və mürəkkəb bir prosesdir, dövlətlər arasında idarələrarası komissiyalar və işçi qrupları tərəfindən danışıqlar əsasında həyata keçirilir və nəticədə müvafiq beynəlxalq sənəd imzalanır," Ermənistan Xarici İşlər Nazirliyi bildirir.

Ermənistan Müdafiə Nazirliyi isə bildirib ki, Ermənistan, Rusiya və Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinin Ermənistan-Azərbaycan sərhədində xüsusi vasitələrdən (GPS) istifadə edərək demarkasiya işlərinə başlanılıb.

Nəhayət, noyabrın 28-də Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonunun qaytarılması ilə bağlı məlumat yayıb. Bununla yanaşı Müdafiə Nazirliyi Söyüdlü qızıl yatağı ilə bağlı yaranan insidentin həll edilib-edilmədiyinə aydınlıq gətirməyib.

Azərbaycanın Ermənistanla 787 kilometr uzunluğunda sərhədi var. Onun 170 kilometrə qədəri Kəlbəcər ərazisindədir. Tarixi məlumatlara görə, Azərbaycan və Ermənistan sərhədləri 1919-cu ildə dövlətlərarası komissiya tərəfindən razılaşdırılıb. Həmin sərhəd mərkəzlərinin bəzi hissələri Sovet dövründə qismən dəyişdirilsə də, ümumilikdə sərhəd məsələlərində insident yaradacaq məqamlar olmayıb.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında sentyabrın 27-də hərbi əməliyyatlar başlayıb. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra üçtərəfli bəyanat imzalanıb.

Razılışmaya əsasən Ermənistan noyabrın 25-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonu və Qazax rayonunun ərazisindəki kəndləri, dekabrın 1-dək isə Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb. Artıq Ağdam və Kəlbəcər rayonları Azərbaycan nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Tərəflər razılığa gəlib ki, münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılsın. Bu məqsədlə noyabrın 11-də Rusiya ilə Türkiyə arasında müqavilə imzalanıb. Ankaraya səfər edən Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti və Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 13-14-də Türkiyə-Rusiya Monitorinq Mərkəzinin təşkili məsələlərini müzakirə edib.

Türkiyə Böyük Millət Məclisi bu ölkənin Silahlı Qüvvələrinin Azərbaycanda Birgə Monitorinq Mərkəzi qurulmasında iştirakına icazə verib.

Türkiyənin vitse-prezidenti Fuat Oktay bu gün bildirib ki, Azərbaycanın hüquq və mənafeyini bundan sonra da qorumaq üçün Türkiyə hərbçiləri qardaş ölkədəki vəzifələrini ən qısa zamanda icra edəcək.

“Bundan sonra da ədalət mübarizəsində qardaşlarımızın yanında olacağıq,” vitse-prezident deyib.

Bu arada Rusiya sülhməramlı kontingenti Xankəndində dinc həyatın bərpası üçün işlərin davam etdirildiyini bildirib.

Nazirliyin məlumatına görə, regionda bütün təmas xətti boyunca atəşkəs müşahidə olunur.

Sülhməramlı kontingent Şuşa istiqamətində iki elektrik xəttini bərpa edib, 7 hektar ərazini minalardan təmizləyib. Noyabrın 27-də 168 partlayıcı maddə aşkar edilib.

“Ümumilikdə, Dağlıq Qarabağda minalardan təmizlənmə zamanı 8.77 hektar ərazi, 2268 kilometr yol, 78 ev minalardan təmizlənib, 312 partlayıcı obyekt aşkar edilərək məhv edilib,” Müdafiə Nazirliynin məlumatında deyilir.

Rus sülhməramlıları noyabrın 27-də 1 777 nəfərin Ermənistan ərazisindən Dağlıq Qarabağa qayıtmasını təmin edib.

“Ümumilikdə, noyabrın 14-dən başlayaraq 18,968 qaçqın, rus sülhməramlılarının köməyi ilə əvvəlki yaşayış yerlərinə qayıdıb,” məlumatda qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG