Accessibility links

Müdafiə Xətti: Avqust ayında qanunsuz cəzalandırmalar kütləvi xarakter alıb


Müdafiə Xətti təşkilatı

"Avqust ayı ərzində Azərbaycan Konstitusiyasınının, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının, BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinin, Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Paktın tələbləri əsasən gözlənilməyib, insan hüqüqları, xüsusilə, siyasi azadlıqlar kobud surətdə tapdanıb."

Bu barədə “Müdafiə Xətti" İnsan Haqları Təşkilatının 2021-ci ilin avqust ayı üçün Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatında deyilir.

“Müdafiə Xətti” tərəfindən aparılan monitorinqlər zamanı müəyyən edilib ki, son aylarda azadlıq, ədalətli mühakimə, şərəf və ləyaqətin müdafiəsi hüquqları, sərbəst toplaşmaq, vicdan, söz və fikir azadlıqları pozulub, qanunsuz cəzalandırmalar kütləvi xarakter alıb.

“Xüsusilə, siyasi yüklü cinayət mühakimə icraatlarında qanunçuluq, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi, obyektivlik, qərəzsizlik və ədalətlilik təmin edilməyib, cəzaçəkmə müəssisələrində cinayət-hüquqi xarakterli tədbir kimi cəzanın məqsədlərinə nail olunması üçün səy göstərilməyib, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə optimal tədbirlər planı realizə edilməyib və ya buna maraq göstərilməyib,” sənəddə qeyd edilir.

Eyni zamanda, “Müdafiə Xətti” dərin narahatlıq hissi ilə göstərir ki, avqust ayında qaçqın və ya sığınacaq almış şəxslərə qarşı polis zorakılığı müşahidə edilib.

“Siyasi iştirakçılıqla bağlı sərt və ənənəvi məhdudiyyətlər aradan qaldırlılmayıb, hökuməti əhatə edən korrupsiya meylləri genişlənib. Hüquq siyasətinə məsul olan dövlət institutları insan hüquqlarını pozan vəzifəli şəxslər haqqında məsuliyyət tədbirləri görməyiblər,” hesabatda deyilir.

Hüquq müdafiə təşkilatı bildirir ki, avqust ayında hüquqi yardım əngəllənib, hakimin qarşısında vəkil polis tərəfindən zorakılığa məruz qalıb.

“Vəkil Coşqun İsgəndərov Şirvan Apellyasiya Məhkəməsində həmin şəhərin polis şöbəsinin əməkdaşları tərəfindən zorakılığa məruz qalıb, döyülüb.”

“Müdafiə Xətti” qeyd edir ki, qanunvericiliyə 1 oktyabr 2017-ci ildə edilmiş dəyişikliyə müvafiq olaraq, Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərə məhkəmədə nümayəndə kimi çıxış etmək qadağan edilib.

“Nümayəndəlik institutunun məhdudlaşdırılması ilə hüquq müdafiəçilərinın sayı kəskin şəkildə azalıb. Son illər Azərbaycanda vəkillərin sayı (1844) artsa da, yenə Avropa ölkələrindən və qonşu Gürcüstandan çox geri qalır. Eyni zamanda, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər,- əgər Mülki Prosessual Məcəlləyə təklif edilən yeni - 174.5-ci maddə qüvvəyə minərsə. Qeyd edilən mürtəce norma qüvvəyə minərsə, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirliməsinə ciddi zərər vuracağına şəkk edilməməlidir,” sənəddə qeyd edilir.

Hüquq müdafiə təşkilatı avqustun 3-də feministlərin polis idarəsinin önündə “Qadın qətlləri siyasidir!” şüarları ilə keçirdiyi aksiyadan sonra şiddətə məruz qaldıqlarını bildirir.

Sənəddə qeyd edilir ki, cəzaçəkmə müəssisələrində məhkumlara qarşı işgəncə verilir, qeyri-insani rəftar, ləyaqəti alçaldan davranış göstərilir.

“1 saylı Bakı İstintaq Təsridxanasında saxlanılan məhkumlar- Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli quru aclıq ediblər. Məhkumların ailə üzvləri bildirib ki, quru aclıq edən məhkumları cərimə təcridxanasına (“kars”) keçiriblər, onları qandal ilə çarpayının dəmir dirəyinə bağlayıblar, sanitar qovşağına belə getmək yasaq edilib. Quru aclıq edən məhkumlar Suriyadakı vətəndaş müharibəsində qanunsuz silahlı birləşmələrin tərkibində iştirak ittihamı ilə həbs olunublar. “Tovuz işi” kimi bilinən cinayət işi üzrə mühakimə olunan və quru aclıq edən məhkumlar ittihamları saxta hesab etməklə, özlərini təqsirsiz sayırlar.”

“Müdafiə Xətti” dərin narahatlıqla göstərir ki, ötən ay Müsəlman Birliyi Hərəkatının üzvü, vicdan məhbusu Abbas Hüseynə saxlandığı 8 saylı Cəzaçəkmə Müəssisəsində işgəncə verilib.

“Müdafiə Xətti”nə Abbas Hüseynin yaxınları məlumat verib ki, avqustun 2-də günorta saatlarında Hüseynin saxlanıldığı kameraya daxil olan bir neçə müəssisə işçisi ona qarşı zor tətbiq edərək qollarını bağlamaq istəyib. Abbas Hüseynin buna imkan vermədiyini gördükdə ona qarşı fiziki zor işlədiblər, kamerada döyüblər. Onun hansı səbəbdən və niyə təzyiqə məruz qalması haqqında heç bir məlumat verilməyib. Amma güman edilir ki, işgəncəyə səbəb Hüseynin həbsdə olmasına baxmayaraq, ölkədə baş verən ictimai-siyasi hadisələrə mütəmadi olaraq münasibət bildirməsidir,” hesabatda qeyd edilir.

Hüquq müdafiə təşkilatı Bakının Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 nəfər heyvansevərin 15 sutka inzibati qaydada həbs edilməsindən narahatdır.

“Qapalı keçirilən prosesdə aktivistlər - Nicat İsmayılov, Elxan Mirzəyev və Nicat Azayev İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq, polisin qanuni tələbinə tabe olmamaq maddələri ilə təqsirli biliniblər. Aktivistlər avqustun 6-da Fəvvarələr meydanı adlanan ərazidə meymunun foto üçün istifadə edilməsinə etiraz edəndən sonra saxlanılıblar.”

Bununla yanaşı, heyvansevər fəallar “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin qarşısında aksiya zamanı zorakılığa məruz qaldıqlarını bildirib.

“Aksiya iştirakçılarından Əhməd Məmmədli, Rüstəm İsmayılbəyli, Kamran Məmmədli, Rəvan Axundov, Fərid Cabbar, Nicat İsmayıl, Elmir Abbasov və Elxan Mirzoyev Sabunçu Rayonun 12-ci polis şöbəsinə aparılıb, 400 manat məbləğində cərimələniblər.”

“Müdafə Xətti” vicdan azadlığı barədə bildirir ki, bir sıra dindarlar şiddətə məruz qalıb. Təşkilat Aşura Günü şiə müsəlmanların tədbir keçirməsinə imkan verilmədiyini bildirir.

“Müdafiə Xətti” təəssüf hissi ilə qeyd edir ki, İslam Partiyasının sabiq sədr müavini, Qarabağ qazisi Hacı Mehdi Şamilli inzibati qaydada 10 sutka həbs edilib.

Sənəddə həmçinin həbsdəki keçmiş baş prokuror və səfirin səhhətində problemlər olduğu bildirilir.

Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı sabiq səfiri Eldar Həsənov mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə, dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməməkdə və vəzifə saxtakarlığında ittiham edilir. O, həbsinin və verilən ittihamların qanunsuz, əsassız, qərəzli və sifarişli olmasına etiraz olaraq bü günə qədər ifadə verməkdən imtina edir.

“Eyni zamanda, Eldar Həsənovun səhhəti ağırdır, saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında bir neçə dəfə öz üzərində nəzarəti itirib. Həbsdə cərahiyyə əməliyyatı keçirib.”

Təşkilat monitorinqlərinə əsaslanaraq hesab edir ki, “Gəncə işi” üzrə təqsirləndirilən şəxslərə qarşı keçiirlən məhkəmədə qanunvericilik normaları pozulub.

“Bəlli olub ki, cinayət işi üzrə cinayət və cinayət-prosessual məcəllələrinin prinsiplərinə əsasən riayət olunmayıb, qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət, humanizm, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi, şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi hüququ pozulub. Eyni zamanda ittiham olunan şəxslərin hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi prinsipləri gözlənilməyib, işgəncəyə, qeyri-insani rəftara, ləyaqəti alçaldan davranışa məruz qalmamaq hüququ pozulub, təqsirləndirilən şəxslərə ailə üzvləri ilə görüşə şərait yaradılmayıb, bəzi hallardasa müdafiəçilərlə ünsiyyət əngəllənib, ümumiyyətlə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi təmin edilməyib,” sənəddə qeyd edilir.

Hesabatda deyilir ki, müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Xəzər rayon şöbəsinin üzvü Aqil Hümbətov barəsində cinayət işi qaldırılıb, 4 aylıq həbs qətimkan tədbiri seçilib. Polis məlumat yayıb ki, Aqil Hümbətov Zirə sakininə bıçaqla xəsarət yetirib.

“Aqil Hümbətov özünün Facebook hesabında davamlı şəkildə ölkə başçısı İlham Əliyevi və bütövlükdə hakimiyyəti kəskin tənqid edib. Əsas tələbi odur ki, hökumət tərəfindən uşaq pulu bərpa edisin. O, ailənin yeganə gəlir gətirəni olaraq zibil daşımaqla məşğul olub. Təqsirləndirilən şəxs Aqil Hümbətov vəkili Nemət Kərimli vasitəsilə “Müdafiə Xətti”nə məlumat verib ki, o, saxlandığı andan etibarən işgəncəyə məruz qalıb, etmədiyi cinayəti boynuna almaq tələb edilib, əks təqdirdə lüt soyundurularaq zorlanacağı ilə təhdid olunub.”

Sənəddə bildirilir. ki, ictimai-siyasi fəal Bəxtiyar Hacıyev Facebookda onu blok etdiyinə dövlət başçısı İlham Əliyevi məhkəməyə verib.

“Siyasi fəal iddiasını onunla əsaslandırıb ki, prezidentin Facebook səhifəsi onun şəxsi profili deyil, dövlət hesabına saxlanan və kontenti dövlət hesabına formalaşan resursdur. Prezidentin təminatı da dövlət hesabına həyata keçirilir, səhifədə özünün fəaliyyəti ilə bağlı məlumatlar paylaşır, insanlara bu fəaliyyəti bəyənmək, müzakirə etmək imkanı verir. Hacıyev indiki halda Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) və 14-cü (ayrı-seçkiçiliyin qadağan olunması) maddələrinin pozulduğunu qeyd edib,” Müdafiə Xətti qeyd edir.

Qeyd: Rəsmi Bakı insan hüquq və azadlıqlarının pozulması ilə bağlı hesabatları qəbul etmir və bir qayda olaraq qərəzli sayır. Azərbaycanın yüksək rəsmiləri ölkədə bütün fundamental hüquqların, o cümlədən söz, fikir, toplaşmaq azadlığının tam təmin edildiyini bildirir. Dövlət rəsmiləri insanların iradəsinə görə təqib edilmədiyini bəyan edir. Bununla yanaşı, Azərbaycan mətbuat azadlığı indeksinə görə 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir. Yerli hüquq müdafiəçiləri ölkədə 120-dən çox siyasi məhbusun olduğunu iddia edir.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG