Accessibility links

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatı blogerə, AXCP fəalına və keçmiş müdafiə nazirinə azadlıq tələb edir


Müdafiə Xətti təşkilatı

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatı bloger Aslan Qurbanov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Paşa Umudov və keçmiş müdafiə naziri Rəhim Qazıyevin həbsi ilə bağlı bəyanatlarla çıxış edərək onlara azadlıq tələb edir.

“Müdafiə Xətti” hesab edir ki, bloger Aslan Qurbanovun həbsi ifadə azadlığına qanunsuz və kobud müdaxilədir.

Aslan Qurbanov
Aslan Qurbanov

Qurbanov iyulun 14-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

“Ağır epilepsiya xəstəsi olan gənci həbs edərkən ona heç nə ilə bəraətləndirilə bilməyən sağlıq və psixoloji durumuna zərər vuran kobud zorakılıq tətbiq ediblər. Ona heç bir konkret əsas göstərmədən Cinayət Məcəlləsinin 281.2-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma—təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) və 283.1-ci maddəsilə (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) ittiham elan ediblər. Bakı şəhəri Səbail Rayon Məhkəməsi ona 4 aylıq məhkəməyəqədər həbs təyin edib,” sənəddə deyilir.

“Müdafiə Xətti” Aslan Qurbanova verilmiş ittihamların ləğv edilməsini və onun dərhal azadlığa buraxılmasını tələb edir.

Hüquq müdafiə təşkilatı hesab edir ki, AXCP Nizami rayon şöbəsinin sədri Paşa Umudovun `saxta ittihamla uzunmüddətli həbs cəzasına məhkum edilməsi hökumətin yürütdüyü ağır və dağıdıcı siyasi repressiyalarının tərkib hissəsidir`.

Paşa Umudov
Paşa Umudov

Bakı şəhəri Nərimanov rayon Məhkəməsi avqustun 7-də Paşa Umudovu 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

O, Cinayət Məcəlləsinin 234.2-cü maddəsi (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narktok vasitələri və ya psixotrop maddələri satma) əsasında ittiham edliib.

"Paşa Umudov bütün AXCP fəalları kimi polisin və təhlükəsizlik orqanlarının daimi qanunsuz müşahidəsi altında olub. Siyasi fəallığın yüksəldiyi zaman, etiraz aksiyaları önü başqa AXCP üzvləri kimi polis tərəfindən saxlanılıb və heç bir əsas olmadan “ənənəvi” polisə müqavimət və başqa qurama ittihamlarla qısamüddətli həbs cəzasına məhkum edilib. Paşa Umudovu 16 oktyabr 2019-cu ildə AXCP və Milli Şuranın keçirməyə hazırlaşdığı etiraz mitinqindən əvvəl həbs ediblər. Bir neçə gün sonra ona saxta cinayət ittihamı irəli sürüblər.”

Umudov 2012-ci ildən AXCP üzvüdür və 2018-ci ildə Nizami rayon təşkilatının sədri seçilib. Son illərdə o, həm də AXCP sədri Əli Kərimlinin texniki məsələlər üzrə yardımçısı kimi çalışıb.

“Siyasi fəaliyyətinə görə daim təqib olunan, mütəmadi tutulma və həbslər yaşayan, işsizlikdən əziyyət çəkən, hər hansı gəlir mənbəyindən məhrum olan şəxslərin ailələri kimi Paşa Umudovun ailəsi də mənəvi sarsıntılarla yanaşı ağır maddi sıxıntılar yaşayır. Hər hansı gəlir əldə etmək imkanından məqsədli olaraq məhrum edilmiş bu ailələr həbsdə olan yaxınlarına yemək, geyim və başqa zəruri əşyalar almaq üçün maddi vəsait tapa bilmirlər,” sənəddə qeyd edilir.

“Müdafiə Xətti” hökuməti siyasi repressiyaları durdurmağa, saxta ittiham və hökmləri ləğv etməyə, həbsdə olanları azad etməyə çağırır.

Hüquq müdafiə təşkilatı Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilən sabiq müdafiə naziri Rəhim Qazıyev ətrafında baş verənlərlə bağlı narahatçılığını ifadə edib.

Rəhim Qaziyev
Rəhim Qaziyev

“13 iyul 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayaraq göstərib ki, iyulun 12-si və 13-də sabiq müdafiə naziri Rəhim Qazıyevin sosial şəbəkələrdə Ermənistan-Azərbaycan sərhədindəki döyüş əməliyyatları və hadisələrin mahiyyəti barədə məqsədyönlü şəkildə həqiqətə uyğun olmayan xəbərlər yaydığına, ölkənin müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər etdiyinə, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlara yol verdiyinə əsaslı şübhələr üzə çıxıb.

Buna baxmayaraq, “Müdafiə Xətti” inanır ki, Qazıyev barəsində başlanmış cinayət işi üzrə cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillər mövcud deyildir. Cinayət təqibi siyasi xarakterlidir, ifadə azadlığına ziddir və Rəhim Qazıyevin mövcud hakimiyyətə qarşı sərt tənqidi fəaliyyətindən qaynaqlanır.”

Bəyanatda deyilir ki, bu, Rəhim Qazıyevin siyasi motivlərlə ilk həbsi deyil. Belə ki, o, 21 noyabr 1993-cü ildə külli miqdarda dövlət əmlakını talamada, vəzifə səhlənkarlığında və qanunsuz silah gəzdirmədə ittiham olunaraq həbs edilib. Lakin yerli və beynəlxalq hüquq müdafiə təşkilatları tərədindən siyasi məhbus kimi tanınan Qazıyev 20 mart 2005-ci il tarixdə əfv fərmanı ilə azadlığa buraxılıb.

“Müdafiə Xətti” hüquq müdafiəçilərini, beynəlxalq hüquq müdafiə təşkilatlarını, dövlətlərarası qurumları saxta ittihamlarla həbs və məhkum edilmiş şəxslərin azad edilməsi, onların hüquqlarının bərpa edilməsi üçün tələblərini daha da ücadan səsləndirməyə çağırır.

Öz növbəsində, rəsmi Bakı ölkədə insanların qanun qarşısında bərabər olduğunu, insanların siyasi əqidəsinə, tənqidi fikirlərinə görə təqib edilmədiyini bildirir. Hüquq mühafizə orqanları işgəncə və repressiya ilə bağlı deyilənləri "məqsədli şəkildə uydurulmuş qərəz" kimi qəbul edir. Yüksək hökumət və dövlət rəhbərləri fundamental hüquqların, o cümlədən söz, mətbuat, toplaşmaq azadlığının tam təmin edildiyini bildirir.

Bununla yanaşı, hüquq müdafiəçiləri ölkədə iki yüzə yaxın siyasi məhbusun olduğunu, Amnesty International ondan çox vicdan məhbusunun olduğunu bəyan edib. Avropa Şurası Parlament Assambleyası bu ilin yanvarında Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib, bu qurumda Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyətdədir. Azərbaycan beynəlxalq mətbuat azadlığı indeksində 180 ölkə arasında 168-ci yeri bölüşür.

“Müdafiə Xətti” hüquq-müdafiə təşkilatı bu il iyulun 21-də təsis edilib. Yeni təşkilat qeyri-siyasi və qeyri-dini birlik olduğunu bildirib.

Keçmiş müstəntiq, siyasi məhbus kimi tanınan Rüfət Səfərov təşkilatın icraçı direktoru seçilib.

"Müdafiə Xətti” Azərbaycanda insan haqlarının qorunması və dəstəklənməsi, hüququn aliliyinin təmin edilməsinə yardım məqsədilə yaradıldığını bəyan edib.

XS
SM
MD
LG