Accessibility links

Müdafiə Xətti: Noyabrda insan hüquqları sahəsində durum olduqca ağır olub


“Noyabr ayında Azərbaycanda insan hüquqları sahəsində mövcud durum olduqca ağır olub.”

Bu barədə “Müdafiə Xətti” İnsan Haqları Təşkilatının aylıq hesabatında deyilir.

Hüquq-müdafiə təşkilatının monitorinqinə əsasən əvvəlki dövrlərdə olduğu kimi noyabr ayında da hökumət hüquqi dövlətin ayrılmaz tərkib hissəsi olan qanunun aliliyi və hüququn üstünlüyünə maraq göstərməyib.

“Cəmiyyətin siyasi həyatında vətəndaş iştirakçılığı hökumətin narahatçılığını doğurub. Xüsusilə, siyasi azadlıqlara hörmət edilməyib, sərbəst toplaşmaq üçün real zəmin yoxdur, söz və fikir, vicdan, mətbuat və məlumat azadlıqları təzyiq, təhdid, repressiv tədbirlərlə müşayiət edilir. Qanunsuz cəzalandırmalar, siyasi ağırlıqlı inzibati, ya da cinayət təqibləri, hüquq-mühafizə orqanlarında, xüsusilə, polis idarə və bölmələrində, müvəqqəti saxlama yerlərində, istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində işgəncə, qeyri-insani rəftar, ləyaqəti alçaldan davranış halları adiləşib. Siyasi rejimin təqibləri nəticəsində mühacirət edən, lakin sonradan repatriasiya edilənlər qurama əsaslarla cinayət təqibinə məruz qalır, istintaq dövründə ağır işgəncələr altında “etirafedici” ifadələr imzalayırlar. Bütün bunlar Azərbaycan Konstitusiyasının, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın norma və tələblərinin əsasən gözlənilməməsindən xəbər verir,” hesabatda qeyd edilir.

Hüquq-müdafiə təşkilatı hesab edir ki, ölkədə demokratik quruluşa təminat verilməli, icra, qanunverici və məhkəmə hakimiyyəti arasında balans yaradılmalıdır.

“Hamının qanun və məhkəmə qarşısında bərabərliyi real olaraq təmin edilməlidir. Sərbəst toplaşmaq, vicdan, söz və fikir azadlıqlarına hökumət orqanlarının subyektiv əngəl və müdaxilələri aradan qaldırılmalıdır. İşgəncə faktları xüsusi diqqətlə araşdırılmalı, bu əməllərdə iştirak edən şəxslərin dairəsi müəyyən olunaraq məhkəmə önünə çıxarılmalıdır” - “Müdafiə Xətti” bu təkliflərlə çıxış edib.

Öz növbəsində, Azərbaycan hökuməti ölkədə insanları bütün fundamental hüquq və azadlıqlarının tam təmin edildiyini bildirir. Hüquq-mühafizə orqanları işgəncə faktları ilə bağlı yayılan məlumatları qərəzli hesab edir.

XS
SM
MD
LG