Accessibility links

Müdafiə Xətti: Siyasi girov Emin Saqiyev azadlığa buraxılmalıdır


Emin Saqiyev və Türkel Azərtürk

“Müdafiə Xətti siyasi girov Emin Saqiyevin azadlığa buraxılmasını tələb edir, habelə, yerli və beynəlxalq hüquq ictimaiyyətindən, insan haqları sahəsində ixtisaslaşmış hüquq müdafiə təşkilatlarından, etibarlı beynəlxalq siyasi və hüquqi mərkəzlərdən Azərbaycandakı insan haqlarının bu ağır durumuna müdaxilə etmələri məqsədilə fəal hərəkətə keçmələrini xahiş edir.”

Bu barədə Müdafiə Xətti hüquq müdafiə təşkilatının sentyabrın 16-da yaydığı bəyanatda deyilir.

Müdafiə Xətti inanır ki, Emin Saqiyev Azərbaycanda siyasi motivlərlə həbsə atılmış 200-dən çox siyasi məhbusdan biridir.

“O, siyasi ittihamlarda hökumətin ənənəvi olaraq dəyənək kimi istifadə etdiyi cinayət qanunun narkotiklərdən sui-istifadəni qadağan edən 234.4.3-cü maddəsi əsasında məhkum edilib. 2017-ci ilin noyabrında həbs edilən Saqiyev yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus elan edilib. Saqiyev 2018-ci ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin əsassız və ədalətsiz hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib,” sənəddə qeyd edilir.

Müdafiə Xətti bildirir ki, hökumət Emin Saqiyevi onun yaxın qohumu olan tənqidçi bloğer Türkel Azərtürkün Avropadan yayımladığı, hakimiyyəti kəskin tənqid edən populyar verilişlərinə görə cəzalandırıb. Azərtürk özü siyasi təqib və təzyiqlər nəticəsində mühacirət edib.

“Müdafiə Xətti dərin narahatçılıq hissi ilə bildirir ki, hökumət mühacirətdə olan tənqidçilərini uydurma ittihamlarla bibaşa “zərərsizləşdirə” bilmədikdə onların yaxın qohumlarını siyasi girov kimi saxlayaraq təzyiq vasitəsi kimi istifadə edib. Bloğer Türkel Azərtürkə qarşı tətbiq edilən bu üsul bir neçə il öncə mühacirətdə fəaliyyət göstərən “Azadlıq” qəzetinin baş redaktoru, Turan TV-nin prezidenti Qənimət Zahidin Azərbaycanda yaşayan qohumlarına qarşı da həyata keçirilib. Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov, əmisi oğlu Rövşən Zahidov da Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək azadlıqdan məhrum ediliblər. Hər iki şəxsi yerli hüquq müdafiə təşkilatları siyasi məhbus kimi tanıyıb. Hökumət habelə bir neçə il öncə bloğer Emin Millinin qaynı R.Ağabəyovu da eyni maddə ilə uzun müddətə azadlıqdan məhrum etmişdi,” bəyanatda deyilir.

Bu il avqustun 18-də Azərbaycan Ali Məhkəməsi Emin Saqıyevin kassasiya şikayətini təmin etmədikdən sonra o, məhkəmənin qərarına etiraz olaraq saxlandığı 6 saylı cəzaçəkmə müəssisəsində 24 gün aclıq aksiyası keçirib.

Vəkil Bəhruz Bayramov bildirib ki, Emin Saqıyev sentyabrın 11-də aclığı dayandırıb, çox zəifdir, çəki itirib, danışmaqda çətinlik çəkir.

Azərbaycan rəsmiləri insanların siyasi iradəsinə görə təqib edilmədiyini və ölkədə siyasi məhbusların olmadığını bəyan edir. Dövlət rəhbərləri Azərbaycanda fundamental insan hüquqlarının tam bərpa edildiyi qənaətindədir. Rəsmi Bakı bu sahədə tənqidləri də qəbul etmir, qərəzli sayır.

Bununla yanaşı, yerli hüquq müdafiə təşklatları hazırda ölkədə iki yüzdən çox siyasi məhbusun adı əks olunan hesabatlar yayıb. Avropa Şurası Parlament Assambleyası bu ilin yanvarında Azərbaycanda siyasi məhbuslara dair qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyətdədir.

Müdafiə Xətti hüquq-müdafiə təşkilatı bu il iyulun 21-də təsis edilib. Yeni təşkilat qeyri-siyasi və qeyri-dini birlik olduğunu bildirib.

Keçmiş müstəntiq, siyasi məhbus kimi tanınan Rüfət Səfərov təşkilatın icraçı direktoru seçilib.

Müdafiə Xətti Azərbaycanda insan haqlarının qorunması və dəstəklənməsi, hüququn aliliyinin təmin edilməsinə yardım məqsədilə yaradıldığını bəyan edib.

Şərhlərə bax

XS
SM
MD
LG