Accessibility links

Müdafiə Xətti təşkilatı Ramazan bayramı münasibəti ilə əfv sərəncamı imzalanmasını istəyir


Müdafiə Xətti təşkilatı

Müdafiə Xətti İnsan Haqları Təşkilatı Ramazan bayramı münasibəti ilə əfv sərəncamı imzalaması çağırışı ilə prezident İlham Əlievə müraciət edib. Təşkilat hesab edir ki, siyasi məhbus kimi tanınan şəxslər bu əfvlə azadlığa qovuşmalıdır.

“Çoxlu sayda siyasi fəal şəxslər bu gün məhkəmələrdə siyasi motivli saxta ittihamlarla üz-üzədir. Vətəndaşların tənqidi siyasi fəaliyyətinə görə qurama əsaslarla həbsi ölkədə demokratik siyasi proseslərə və qanunların aliliyinə böyük ziyan vurur. Üstəlik, bu, siyasi opponent qüvvələr arasında qeyri-sağlam çəkişmələrə yol açır, konstitusion siyasi mübarizəni sarsıdır, radikalizmə, barışmazlığa yol açır, ölkəmiz üçün çox vacib olan siyasi dialoqu və faydalı siyasi işbirliyini mümkünsüz edir. Belə şəxslərin bir an gecikmədən azadlığa qovuşmaları, cinayət təqibindən qurtulmaları ölkədə daxili sülh, qarşılıqlı inam, ölkənin problemlərini çözmək yolunda birgə siyasi fəaliyyət üçün, eyni zamanda, xaricdən gələn siyasi təsirləri önləmək üçün olduqca vacibdir,” müraciətdə deyilir.

Hüquq müdafiə təşkilatının qənaətincə, siyasi məhbus kimi tanınan şəxslərin əfvi həmçinin ölkədə insan haqlarının durumu ilə bağlı neqativ tendensiyaları dayandıracaq, göstəriciləri yaxşılaşdıracaq, qanunun aliliyi sahəsində ciddi irəliləyiş olacaq.

“Müdafiə Xətti inanmaq istərdi ki, müqəddəs Ramazan bayramının verdiyi fürsətdən istifadə edərək vicdan və siyasi məhbus həyatı yaşayan şəxslərin azadlığını təmin edəcək əfv sərəncamı imzalanacaqdır,” sənəddə qeyd edilir.

Müdafiə Xətti yada salır ki, prezident Əliyevin bu ilin mart ayında imzaladığı əfv sərəncamı nəticəsində hüquq müdafiə təşkilatlarının siyasi məhbus kateqoriyasına aid etdiyi 38 şəxs azadlığına qovuşub.

“Bu qərarınızı önəmli addım kimi dəyərləndiririk. Bununla birlikdə təəssüflə bildirmək istəyirik ki, cəzaçəkmə müəssisələrində məhkumluğunun siyasi motivli olduğu hüquq müdafiəçiləri tərəfindən qəbul edilən onlarla məhbus qalmaqdadır,” müraciətdə deyilir.

Rəsmi Bakı ölkədə insanların siyasi iradəsinə görə təqib edilmədiyini, siyasi məhbusların olmadığını bildirir. Dövlət rəhbərləri Azərbaycanda insanların fundamental hüquqlarının tam təmin edildiyini bəyan edir.

Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyətlərdədir. Qurum 2020-ci ilin yanvarında Azərbaycanda siyasi məhbuslar üzrə qətnamə qəbul edib.

Hüquq müdafiə təşkilatları hazırda ölkədə 111 nəfər siyasi məhbusun olduğunu bildirir. Onlar siyasi məhbusları yeddi qrup üzrə təsnif edir: "Jurnalistlər və bloqerlər" - 7 nəfər, "Müxalifət partiyalarının və hərəkatların üzvləri" – 6 nəfər, "14-15 iyul 2020-ci il mitinqindən sonra həbs olunanlar" – 3 nəfər, "Dindarlar " – 18 nəfər, "Tərtər işi üzrə mühakimə olunanlar" - 25 nəfər, "Gəncə işi üzrə mühakimə olunanlar" - 38 nəfər, "Ömürlük mühakimə olunanlar" - 14 nəfər.

“Müdafiə xətti” hüquq müdafiə təşkilatı 2020-ci ilin iyulunda təsis edilib. Təşkilat qeyri-siyasi və qeyri-dini birlik olduğunu bəyan edib.

Təşkilatın təsisçiləri keçmiş müstəntiq, siyasi məhbus kimi tanınan Rüfət Səfərov, hüquqşünas Rəşid Hacılı, keçmiş vəkil Əlayif Həsənov, ictimai fəallar Zəfər Əhmədov, Sayğın Rüstəmli, Zaur Əkbər və jurnalist Təzəxan Mirələmlidir.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG