Accessibility links

Müllerin hesabatı cümə axşamı günü açıqlanacaq


ABŞ-ın Ədliyyə nazirliyi xüsusi prokuror Robert Muellerin Rusiyanın Donald Trampın prezident seçilməsi məqsədilə 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə əlaqədar təxminən 400 səhifəlik hesabatının redaktə olunmuş versiyasının cümə axşamı açıqlanacağını bildirib.

Tramp onun özünün və Amerika ictimaiyyətinin Müllerin 22 aylıq istintaqının detallarını gözləməsinə baxmayaraq, bazar ertəsi artıq seçki ilə əlaqədar hüquq pozuntularından azad olduğunu yenidən bildirib.​

Ədliyyə Nazirliyinin sözçüsü Kerri Kupec aprelin 15-də deyib ki, hesabat həm Konqresə təqdim olunacaq, həm də ictimaiyyət üçün açıqlanacaq.​

Baş prokuror Uilyam Barr üç həftə əvvəl Muellerin hesabatının dörd səhifədən ibarət xülasəsini açıqlayaraq, xüsusi prokurorun Trampın və onun kampaniyasının onun seçkilərdə qələbəsinə kömək etmək üçün Rusiya ilə əlaqələri olmadığı haqda nəticə çıxardığını, lakin Trampın ədaləti pozub-pozmadığı məsələsi ilə bağlı nəticəyə gəlmədiyini bildirib.

Barr Müllerin hesabatının böyük münsiflər məhkəməsi və ABŞ kəşfiyyatının məxfi mənbələrindən daxil olduğu gizli materiallar istisna olmaqla, mümkün qədər çox hissəsini açıqlayacağını bildirib.

Demokrat konqresmenlər baş prokuror Barrdan martın 24-dək 400 səhifəlik hesabatın olduğu kimi açıqlanmasını tələb etmişdilər. Barr indiyədək bu hesabatın özü tərəfindən hazırlanmış 4 səhifəlik xülasəsini təqdim edib.

Demokratlar bunun kafi olmadığını bildirmiş və belə bir narahatlıq ifadə etmişdilər ki, vəzifəsinə bu yaxınlarda Trump tərəfindən təyin edilmiş baş prokuror hesabatda prezidentə aid neqativ faktları ört-basdır etməyə çalışa bilər.

Nümayəndələr Palatasının demokrat spikeri Nensi Pelosi ötən həftə Associated Press agentliyinə demişdi ki, Barrın hesabatla bağlı hərəkətlərindən “çox narahatdır”.

O, Barrı Trampın siyasi əmrlərini yerinə yetirməkdə ittiham edərək demişdi: "O, Donald Trampın baş prokuroru deyil. O, Birləşmiş Ştatların baş prokurorudur. Mən Barra inanmıram. Mən Müllerə inanıram”.

XS
SM
MD
LG