Accessibility links

Münaqişə bölgəsində son durum: Azərbaycan prezidenti Ağdama səfər edib, regionda minalardan təmizlənmə işləri davam edir


İlham Əliyev və Mehriban Əliyeva Ağdam məscidində

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı birgə bəyanatla hərbi əməliyyatların dayandırılması barədə razılığa əsasən son 28 ildə Ermənistan Ordusunun nəzarətində olan Azərbaycanın beynəlxalq tanınmış sərhədələri daxilində ərazilərinin boşaldılması davam edir. Noyabrın 20-də Ağdam rayonu Azərbaycan Ordusunun nəzarətinə keçib. Sabah, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilməlidir. Dekabrın 1-də isə Laçın rayonunun boşaldılması ilə Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri tam bərpa ediləcək.

Noyabrın 23-də Azərbaycan prezidenti İlham Əliyev Ağdam rayonuna səfər edib. Prezident Əliyev birinci ledi Mehriban Əliyeva ilə birgə dağıdılmış Ağdam məscidini ziyarət edib.

“Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək,” o qeyd edib.

Prezident Əliyev beynəlxalq təşkilatları, o cümlədən ATƏT-in Minsk Qrupunu ermənilərin nəzarətində olan Azərbaycan yaşayış məntəqələrində dağıntılara biganə qalmaqda günahlandırıb.

“Burada bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri olub. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Niyə narahatlıq yaratmayıb bu, bəzi Qərb liderlərində? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmaq olar. Belədirsə belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə burunlarını soxmasınlar. Heç kim bizim işimizə qarışmasın. Biz özümüz gəlmişik buraya. Bütün o ölkələrin səylərinə rəğmən gəlmişik, bütün təxribatlara rəğmən gəlmişik, qan tökə-tökə gəlmişik və durmuşuq bizim torpağımızda. Hərə getsin öz işi ilə məşğul olsun. Bizim işimizə qarışmaq istəyənin də cavabını vermişik və verəcəyik,” dövlət başçısı vurğulayıb.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Qarabağ istiqamətində sentyabrın 27-də hərbi əməliyyatlar bərpa edilib. Ağır döyüşlər nəticəsində Azərbaycan beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini azad edib. 44 gün davam edən döyüşlərdən sonra noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı birgə bəyanatla hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilib.

Bəyanata uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Hazırda ərazilərin boşaldılması ilə yanaşı ərazidə basdırılmış minaların təmizlənməsi qarşıda duran ümdə məslələrdən hesab edilir.

Birgə bəyanata görə, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin cəsədləri mübadilə olunur. Bu məqsədlə artıq Azərbaycan, Rusiya, Ermənistan və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrindən ibarət birgə qrup yaradılıb.

Ekspertlərin təxmini hesablamalarına görə, münaqişə zonasında 50 mindən 100 minədək mina basdırılıb.

Son günlər mina partlaması nəticəsində Azərbaycanın bir hərbiçisi, bir mülki vətəndaşı həlak olub, mina təmizləmə agentliyinin iki əməkdaşı və bir mülki vətəndaş isə ağır yaralanıb. Həmçinin bir rus zabiti və 4 erməni nümayəndə yaralanıb.

Rusiya Müdafiə Nazirliyinin noyabrın 24-də yaydığı məlumata görə, Rusiya Müdafiə Nazirliyinin mühəndis bölmələrinin hərbçiləri, Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazilərdə mühəndis-kəşfiyyatı və mina təmizlənməsi üzərində işlərini davam etdirir.

Rusiya mühəndislik bölmələri sülhməramlı müşahidə postları ilə ümumi yollar arasındakı marşrutlarda mühəndis kəşfiyyatı və minalardan təmizlənmə ilə məşğul olur, yaşayış məntəqələri və yaşayış məntəqələrinin sosial infrastrukturu yaxınlığında tədqiqatlar aparır və minalardan təmizləyir.

“Tapılmış döyüş sursatları və partlayıcı maddələr poliqona aparılaraq məhv edilir. Tullantı poliqonuna köçürülə bilməyən döyüş sursatları təhlükəsizlik təmin edildikdən sonra yerində məhv edilir. Partlayıcı obyektlərin zərəsizləşdirilməsi üçün Rusiya sülhməramlılarının xidməti üçün stasionar postların tikiləcəyi ərazilərin araşdırılması işlərin mərhələlərindən biridir. Minalardan təmizlənməyə qatılan hərbçilər müasir qoruyucu kostyumlar ilə təchiz olunub, partlayıcı obyektlərin axtarışı üçün müasir vasitələrlə - IMP-S2 mina detektorları və INVU-3M axtarışçıları ilə təmin edilib,” Müdafiə Nazirliyi bildirir.

Nazirlik qeyd edir ki, Rusiya sülhməramlıları dinc həyatın bərpası üçün yerli hakimiyyət orqanlarına maksimum yardım göstərir. Sülhməramlı qüvvələrin mühəndis bölmələri yol hərəkətinin bərpası, sosial obyektlərə və yaşayış binalarına elektrik enerjisinin, suyun və istilik enerjisinin verilməsinə kömək edir.

Bu arada Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer Rusiyanın RBK televiziyasına bildirib ki, Qarabağda münaqişə regionunda qurumun fəaliyyəti 4 dəfə artırılacaq.

"Son altı həftə ərzində biz missiyanın fəaliyyətini kökündən dəyişdirdik. Münaqişə başlayandan daha çox iş görməli olduğumuzu başa düşdük. Müharibədən əvvəl bölgədəki missiyamızın büdcəsi 10 milyon İsveçrə frankı idisə, gələn il 45 milyon olacaq və bu da fəaliyyətimizin 4 dəfə artırılması deməkdir," o qeyd edib.

Peter Mauer BQXK-nin bölgəyə əlavə 500 nəfər mütəxəssis göndərəyini bildirib.

“BQXK-nın Yerevanda, Bakıda, Bərdədə ofisləri var. Hazırda insanları Stepanakertə (Xankəndi) evlərinə qaytarır və evlərini tərk etmək məcburiyyətində qalanlara daha yaxın olmaq üçün bir-iki ofis açmağı planlaşdırırıq.”

Onun sözlərinə görə, hərbi əməliyyatların davam etdiyi vaxt BQXK nümayəndələri Stepanakerti (Xankəndi) tərk etməli olub, ancaq döyüşlər bitdikdən bir neçə gün sonra geri qayıdıblar.

Maurer həlak olmuş insanların cəsədlərini bərpa etmək işinin həmişə çətin olduğunu söyləyib. İndiki anda da cəsədlərin şəxsiyyətini müəyyənləşdirmək çətinliyi yaranıb. Bu səbəbdən tərəflər bir çox cəsədləri toplayaraq şəxsiyyətlərinin müəyyənləşdirilməsi üşün ölüxanalara göndərib.

"Çətinlik təmas xəttinin özündə, döyüşlərin olduğu cəbhə xəttində işləməkdir: minalar var, cəsədləri tapmaq çox çətindir. Və düşünürəm ki, burada Ermənistan, Azərbaycan və Rusiya hərbçilərinin əməkdaşlığına ehtiyac var," o qeyd edib.

O, ərazinin minalarla çirkləndiyini təxmin edir.

“Qışda cəsədlər çürüməyə başlayanda şəxsiyyətlərini müəyyənləşdirmək daha çətin ola bilər.”

BQXK-nin prezidenti əvvəlki müharibədən sonra 4,5 min insanın da itkin düşdüyünü xatırladıb.

BQXK-nin prezidenti hazırda Qarabağda humanitar böhran yaşandığını və bunun fəlakət olduğunu qeyd edib.

XS
SM
MD
LG