Accessibility links

Azərbaycan vaxtikən işğal altında olmuş ərazilərdə dəymiş ziyanla bağlı beynəlxalq məhkəməyə müraciət etmək məramındadır


Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 16-da Azərbaycanın azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfər edib.

Dövlət başçısı son 27 ildə erməni silahlı birləşmələrin nəzarətində olan bu rayonlarda bütün inrastrukturların dağıdıldığını və bununla bağlı beynəlxalq məhkəməyə müraciət ediləcəyini bildirib. Prezident Əliyev özü Twitter səhifəsində regionda dağıdılmış yaşayış məntəqlərinin videosunu nümayiş etdirib.

“Bura Cəbrayıl şəhərinin mərkəzidir. Bir dənə də salamat bina qoymayıblar. Yalnız orada özləri üçün hərbi hissə tikiblər. Bütün qalan infrastruktur, evlər, binalar, məktəblər, ictimai binalar - hamısı düşmən tərəfindən sökülüb. Cavab verəcəklər. Beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Mən demişəm, bir daha demək istəyirəm ki, beynəlxalq qurumlar gələcək, ekspertlər gələcək, bütün ziyan hesablanacaq. Otuz il ərzində bizə vurulmuş ziyan hesablanacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək. Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq. Bax, durmuşuq burada, öz doğma torpağımızda, Cəbrayıl şəhərində. Bütün buraları bərpa edəcəyik,” Əliyev qeyd edib.

Azərbaycanın beynəlxalq tanınmış sərhədləri daxilində əraziləri erməni silahlı qüvvələrinin nəzarətinə keçdikdən sonra dağıdılmış mülkiyyət barədə hələ rəsmi səviyyədə qiymətləndirmə aparılmayıb. Bu günlərdə Azərbaycan Nazirlər Kabineti cəbhəyanı regionda dəymiş ziyanın qiymətləndirilməsi üçün ekspert qrupları yaradıb.

Bununla yanaşı, mediada Azərbaycan ərazilərinə təxminən 50 milyard ABŞ dolları miqdarında ziyan dəydiyi səsləndirilir.

Rəsmi məlumatlara görə, ermənilərin nəzarətinə keçmiş Azərbaycan ərazilərində uzunluğu 25 min kilometr olan avtomobil yolu, uzunluğu 3984 metr olan 160 körpü, 14,5 min kilometr uzunluğunda elektrik xətti, 2500 elektrik transformotoru, 2 min kilometr qaz boru xətti, 160 su deposu, 34-dən çox qaz dağıtım stansiyası dağıdılıb.

İşgal edilmiş bölgələrdə 140 min şagirdin oxuduğu 600 məktəb, 53 min şagirdin təhsil adlığı 65 peşə məktəbi, 2 texnikum məhv edilib. Həmçinin 700 səhiyyə ocağı, o cümlədən 800 nəfərlik xəstəxanalar, poliklinikalar, doğum evləri, aptek binaları, təcili yardım xəstəxanaları dağıdılıb. Səhiyyə xidmətinə dəyən ümumi iqtisadi ziyan 1,2 milyard dollara yaxındır.

Azərbaycana aid 903 dövlət qeydiyyatında olan, 1500 dövlət qeydiyyatında olmayan tarix və mədəniyyət abidələri, minlərcə əsərin qorunduğu 26 müzey, 8 rəsm sərgisi, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı talanıb.

Azərbaycanın Baş Prokuroru Ermənistanın “işğalından azad edilmiş ərazilərdə arxeoloji qazıntıların aparılması tarixi və mədəni irs abidələrinin talanması və digər epizodlarla bağlı" cinayət işi başlayıb.

Azərbaycan Milli Elmlər Akademiyiasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Baş Prokuror Kamran Əliyevə müraciət edib.

“2002-ci ildən başlayaraq ermənilər xarici ölkə alimlərini cəlb etməklə on ildən artıq müddətdə Xocavənd rayonu ərazisindəki Qədim Daş dövrünə - Paleolit dövrünə aid Azıx mağara düşərgəsində qanunsuz arxeoloji qazıntı işləri aparmış, respublikanın aidiyyatı orqanlarının müvafiq izacəsi olmadan əldə edilmiş tapıntılar Ermənistan ərazisinə daşınmışdır. Ağdam rayonunun işğalda olan Şahbulaq qalası yaxınlığında 2005-cı ildən etibarən Ermənistan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşı arxeoloji kəşfiyyat işləri aparmış, 2006-cı ildən bu qrup, başda Yerevan Dövlət Universitetinin Kultorologiya fakültəsinin rəhbəri olan Hamlet Petrosyan olmaqla qanunsuz arxeoloji qazıntılara başlamışdır. Bu qazıntılar 2020-ci ilin iyul ayına qədər 14 il fasiləsiz davam etdirilmişdir. Ermənilər qanunsuz olaraq Azərbaycana məxsus qədim şəhər yerində arxeoloji işlər aparmaqla uydurma "Tiqranakert şəhərini" tapdıqlarını və bu ərazilərin guya "ermənilərin qədim əraziləri olduğu" haqqında uydurmalarla dünya mətbuatında daimi çıxışlar etmişlər. 2009-cu ildə bu ərazilərdə "Tiqranakert qoruğu" təşkil edən qondarma rejim, 2010-cu ildə Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığına məxsus Şahbulaq qalasında "Tiqranakert Arxeoloji Muzeyi" yaratmışdır. Şahbulaq qalasında müsəlman abidəsini muzeyə çevirərək, uzun müddət aparılan qanunsuz qazıntıların nəticəsində ətraf ərazilərdən aşkar etdikləri arxeoloji materialları bu muzeydə saxlamışlar. Qanunsuz ekspedisiyanın rəhbəri Hamlet Petrosyan özünün Facebook səhifəsində, maddi mədəni irs nümunələrinin artıq Şahbulaqda olan muzeydən çıxarıldığını bildirmişdir,” müraciətdə qeyd edilir.

Ermənistan tərəfi bu məlumatlara hələ münasibət bildirməyib. Eyni zamanda Ermənistan tərəfi də sərhədləri daxilində bir sıra yayış evlərinə və obyektlərə ziyan dəydiyi barədə məlumatlar yayıb. Erməni rəsmilər münaqişə dönəmində Dağlıq Qarabağda ermənilərin yaşadığı yaşayış məntəqələrinin hücumlara məruz qaldığını və dağıntılar baş verdyini bildirib.

XS
SM
MD
LG