Accessibility links

Münaqişə zonasının minalardan təmizlənməsinin illərlə davam edəcəyi bildirilir


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin direktoru Qəzənfər Əhmədov və Qarabağ Humanitar Minalardan Təmizləmə Mərkəzinin direktoru Samvel Mesropyan Dağlıq Qarabağ münaqişəsi zonasında mina ilə çirklənmə dərəcəsinin yüksək olduğunu bildirib.

"Mina ilə çirklənmə dərəcəsi çox yüksəkdir. 27 sentyabrdan bəri təkcə Stepanakertdə (Xankəndi) təxminən 30-40 min partlamamış hərbi sursat tapılıb və zərərsizləşdirilib," Mesropyan Rusiyanın RİA Novosti agentliyinə bildirib.

Mesropyan hesab edir ki, Dağlıq Qarabağda mina təmizlənməsi üçün 15-20 il, bəlkə də daha çox vaxt lazım olacaq.

Sentyabr ayının 27-dən noyabrın 10-dək Dağlıq Qarabağda hərbi əməliyyatlar yenidən bərpa olunub və bu otuz ildən çox davam edən münaqişənin davamı olub.

Noyabrın 10-da əldə edilən Azərbaycan, Ermənistan və Rusiya razılaşması hərbi əməliyaların dayandırılmasına səbəb olub. Razılaşmaya əsasən bölgəyə Rusiya sülhməramlıları yerləşdirilib.

Ekspertlər münaqişə zonasında yüz minədək mina basdırıldığını güman edir. Onlar minaların ən çox Tərtər, Ağdam və Füzuli rayonlarının ərazisində olduğunu düşünür.

Hazırda münaqişə zonasının ermənilər yaşayan hissəsində Rusiya Silahlı Qüvvələrinin minatəmizləyənləri, Azərbaycan Ordusunun nəzarətində olan hissədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA), Azərbaycan Müdafiə Nazirliyinin və Türkiyə Milli Müdafiə Nazirliyinin minatəmizləyənləri çirklənmiş sahələrin təmizlənməsi işlərini həyata keçirir.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, nazirliyin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri noyabrın 23-dən başlayaraq Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində 414,6 hektar ərazini, 160,3 kilometr yolu, 22 sosial əhəmiyyətli obyekt daxil olmaqla, 617 yaşayış binasını partlamamış hərbi sursatlardan təmizləyib, 18 925 partlayıcı aşkar edərək zərərsizləşdirib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin son məlumatına görə, münaqişə zonasında agentlik tərəfindən 27 sentyabr – 31 dekabr tarixlərində ümumilikdə 1 619 ədəd partlamamış hərbi sursat (PHS), 4 542 ədəd piyada əleyhinə mina, 1 430 ədəd tank əleyhinə mina, 1 912 ədəd tank əleyhinə minanın partladıcısı, 77 ədəd detonator, 1 437 ədəd 9N235 bombacıqları, 20 988 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 5 968 qram qara barıt, 275 kiloqramq plastik partlayıcı maddə, 150 kiloqram amonium-nitrat tərkibli partlayıcı maddə, 27 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 7 ədəd dron (zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxemi və 1 938 ədəd partlamış raket hissələri aşkar olunub.

ANAMA-nin direktoru Qəzənfər Əhmədov bir qədər əvvəl Amerikanın Səsinə müsahibəsində deyib ki, hazırda ərazidəki minaların və partlamamış sursatların nə qədər olduğunu dəqiq demək çətindir.

“Nə vaxt ki, genişmiqyaslı minatəmizləmə əməliyyatları başlayacaq, o zaman görünəcək ki, nə qədər mina və partlamamış hərbi sursatlar var. Əlbəttə, kriteriyalara uyğun olaraq müdafiə zolağının birinci, ikinci, üçüncü eşelonu ən böyük minalanmış ərazilərdir.”

Əhmədov minaların təmizlənməsinin nə qədər çəkəcəyini deməkdə çətinlik çəkir.

“Dəqiqliklə bir ilə, beş ilə, on ilə təmizlənəcəyini demək çətindir. Amma əlbəttə dövlət tərəfindən prioritetlər təyin olunur. Həmin prioritetlərə görə birinci dərəcəli yollar, elektrik xətləri, su təminatı, dövlət mülki əhəmiyyətli obyektlər və başqa ərazilər təmizlənilir. Ondan sonra ikinci dərəcəli prioritetlər hansı ki, evlər tikiləcək, şəhərlər, qəsəbələr salınacaq ərazilər təmizlənəcək. Üçüncü dərəcəli, camaat köçürüləndən sonra yaşamaq və işləmək üçün əkin sahələri, otlaq sahələri təmizlənəcək. Axırıncı prioritet meşə sahələri, dağlıq ərazilər, mülki şəxslərin hərəkət edəcəyi ərazilər təmizlənəcək,” o qeyd edib.

Son günlər münaqişə zonasında çoxsaylı insan minaya düşüb. Yerli medianın məlumatlarına görə, azı 9 nəfər, o cümlədən 1 Rusiya, 3 Azərbaycan hərbçisi həlak olub, ondan çox insan xəsarət alıb.

Şərhlərə bax

XS
SM
MD
LG