Accessibility links

Müraciət: Xaçmazda mehmanxanalarda 6495 yer var, Rusiya sərhədində qalan vətəndaşlar orada yerləşdirilsin


Rusiya-Azərbaycan sərhədində azərbaycanlıların saxlanıldığı çadırlar

Sosial şəbəkələrdə Azərbaycan-Rusiya sərhədində qalmış Azərbaycan vətəndaşlarının humanitar vəziyyəti ilə əlaqədar Azərbaycan ictimaiyyətininn nümayəndələri prezident İlham Əliyev və digər yüksək dövlət rəsmilərinə müraciət yayıb. Müraciəti artıq 400-ə yaxın ictimaiyyət nümayəndəsi müdafiə etdiyini bildirib.

Sənəddə deyilir ki, Azərbaycan vətəndaşlarının hazırda ölkəyə qayıtmaq hüquqlarına qoyulan məhdudiyyət onlar üçün ağır humanitar vəziyyət yaratmaqla bərabər həmçinin Konstitusiyanın 28-ci maddəsinin IV hissəsinə ziddir.

“Bundan əlavə, Azərbaycanın tərəfdar çıxdığı və ratifikasiya etdiyi Avropa İnsan Hüquqları Konvensiyasına Əlavə 4 saylı Protokolun 2-ci maddəsi Azərbaycan vətəndaşlarının hərəkət etmək etmək azadlığını təsbit edir və müdafiəsini nəzərdə tutur. Həmin müddəaya əsasən qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək hüquq vardır (1-ci bənd). Buradan görünür ki, Azərbaycan vətəndaşlarının hərəkət etmək azadlığı yalnız konstitusion müddəa deyil, həmçinin Azərbaycanın beynəlxalq hüquqi öhdəliklərinin tərkib hissəsidir. Yaranmış vəziyyət həmçinin Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq hüquqi öhdəliklərə də zidd hal yaradır. Məhz bu səbəbdən vətəndaşlarımız ölkəyə buraxılmalı və zəruri tədbirlər çərçivəsində müvafiq karantinə və izolyasiya tədbirlərinə cəlb edilə bilərlər (onların sağlamlıq vəziyyəti qiymətləndirilərək). Hesab edirik ki, bu cür karantin və izolyasiya məqsədləri üçün lazım olan infrastruktur da mövcuddur. Belə ki, rəsmi məlumatlara əsasən Xaçmaz rayonunda mehmanxanalarda yerlərin sayı 6 495 nəfərlikdir. Hesab edirik ki, həmin resursdan istifadə edərək sərhəddin Rusiya tərəfindən humanitar vəziyyətdə yaşayan vətəndaşlarımızın müddətli karantin və izolyasiyasına nail olmaq mümkündür. İctimaiyyət nümayəndələri olaraq zərərçəkən vətəndaşlarımızın bu humanitar vəziyyətdən mümkün qədər qısa müddətdə xilas olacağını və bunun üçün zəruri tədbirlər görəcəyinizə ümid edirik,” sənəddə deyilir.

Müraciətdə Azərbaycanın müvafiq səlahiyyətli dövlət qurumlarından aşağıdakılar xahiş edilir:

- Azərbaycan-Rusiya sərhədində qalmış təxminən 600 civarında vətəndaşımızın humanitar vəziyyətinin aradan qaldırılması üçün görülməsi nəzərdə tutulan tədbirlər barədə ictimaiyyətə müvafiq və tutarlı məlumat verilməsini təmin edəsiniz;

- Həmin vətəndaşlarımızın ölkəyə buraxılmasının ağlabatan müddətdə həyata keçirilməsi üçün təxirəsalınmaz tədbirlər görəsiniz;

- Sərhəddə baş verən insidentlə əlaqədar Rusiya hüquq mühafizə orqanları tərəfindən saxlanılmış azərbaycanlıların azad olunması istiqamətində lazımi tədbirlər həyata keçirəsiniz.

Sənəddə deyilir ki, 2020-ci ilin mart ayının ortalarından etibarən təxminən 600 civarında Azərbaycan Respublikası vətəndaşı Azərbaycan-Rusiya sərhədində ağır və acınacaqlı şəraitdə yaşamağa məcburdur. Onların hazırda üzləşdikləri vəziyyət humanitar olaraq səciyyələndirilir.

“Bundan əlavə, vətəndaşlarımız bu humanitar şəraitdə əlavə yüklərlə də üzləşirlər. Belə ki, ötən günlərdə öz haqlı tələblərini qaldıran vətəndaşlarımıza Rusiya təhlükəsizlik xidmətinin əməkdaşları qeyri-mütənasib güc tətbiq ediblər. Bu cür qeyri-mütənasib güc tətbiqi nəticəsində bir sıra vətəndaşlarımız xəsarət alıblar. Ümumiyyətlə isə həmin vəziyyətdə etirazlarını bildirən vətəndaşlarımıza Rusiya təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən təzyiqlər göstərilib. Bu insidenti əks etdirən müvafiq video və foto görüntülər sosial mediada yayılıb. Həmin görüntülərdən aydın olur ki, vətəndaşlarımız Rusiya təhlükəsizlik orqanları tərəfindən qeyri-insanı və ləyaqəti alçaldan rəftara məruz qalıblar. Bütün bunlar məcmu halda Azərbaycan-Rusiya sərhəd bölgəsində qalmış vətəndaşlarımızın ölkəmizə təcili olaraq gətirilməsinin zəruriliyini nümayiş etdirən faktlardır. Bunu vurğulamağı vacib sayırıq ki, hazırda pandemiyanın qarşısının alınması üçün müxtəlif dövlətlər, o cümlədən Azərbaycan tərəfindən görülən məhdudiyyət tədbirləri prinsip etibarilə və mahiyyətcə legitimdir (məqbuldur). Əhalinin sağlamlığı və salamatlığının təmin edilməsi üçün digər tibbi-sanitar xidmətlərin göstərilməsi ilə yanaşı müxtəlif məhdudiyyət tədbirlərinin tətbiq edilməsi zəruridir. Lakin görülən məhdudiyyət tədbirlərinin mahiyyətcə, legitimliyi və zəruriliyini qeyd etməklə yanaşı həmçinin onların proporsional (mütənasib) olub-olmamasının da nəzərə alınmasını da vacib sayırıq,” ictimaiyyət nümayəndələri bildirir.

Azərbaycan rəsmiləri ictimaiyyət nümayəndələrinin müraciətinə hələ münasibət bildirməyib.

Rusiyanın Azərbaycan ilə sərhədində iki aya yaxındır ölkəyə qayıtmaq üçün gözləyən bir neçə yüz Azərbaycan vətəndaşı iyunun 15-də axşam saatlarında Dağıstanın Qullar qəsəbəsində sərhəddən buraxılmaları tələbilə etiraz aksiyası keçirib.

Aksiyaya Rusiya polis qüvvələri müdaxilə edib. Polis havaya atəş açıb, aksiya iştirakçılarına qarşı güc tətbiq edib. Çoxsaylı insan xəsarət alıb. Sosial mediada yayılan videolardan görünür ki, azı iki nəfərin xəsarəti daha ağır olub.

Dağıstan İstintaq Komitəsinin mətbuat xidməti bildirir ki, iyunun 15-də baş vermiş iğtişaşla bağlı Rusiya Cinayət Məcəlləsinin 318 (hakimiyyət nümayəndəsinin həyatı üçün təhlükəli olan zorakılığın tətbiqi) və 167-ci (başqasının əmlakına qəsdən zərər vurma) maddələri ilə cinayət işi açılıb.

Məlumatda deyilir ki, iyunun 15-də 400-ə yaxın Azərbaycan vətəndaşı Rusiya-Azərbaycan sərhəddinin yaxınlığında “Qafqaz” federal avtomobil yolunu bağlamağa cəhd edib. Onlar polisə müqavimət göstəriblər və onlara daş ataraq “həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıq tətbiq ediblər”.

Nəticədə doqquz polis əməkdaşı xəsarət alıb, beş xidməti avtomobilə ziyan dəyib, 400 min rubla yaxın ziyan dəyib. Bu cinayətlərin törədilməsində şübhəli kimi 10 nəfər saxlanılıb, Dağıstan İstintaq Komitəsi bildirib.

Rusiya-Azərbaycan sərhədində iğtişaşlar iki aydan çox sərhəddə gözləyən Azərbaycan vətəndaşının ölkəyə buraxmamasından sonraya təsadüf edir. Sərhəddə uzun müddət gözləməkdən səbrləri daşan Azərbaycan vətəndaşları laqeydliykidən hiddətlənərək sərhədi keçməyə qərar verib.

Dərbənd rayonunun rəhbəri Fuad Şahıyev bildirib ki, narazı vətəndaşlar iki aydan çoxdur çadır düşərgəsində yaşayan və yaxın vaxtlarda Azərbaycana qayıtmasına icazə verilən şəxslərin siyahısına düşməyənlərdir. Koronavirusun yayılması ilə bağlı məhdudiyyətlər səbəbindən onlar sərbəst şəkildə sərhəddi keçə bilmirlər.

Fuad Şahıyev həmçinin deyib ki, Azərbaycan tərəfi 100-200 nəfəri ölkəyə buraxır, onların əvəzində sərhədə Rusiya ərazisində qalan daha çox azərbaycanlı toplaşır.

XS
SM
MD
LG