Accessibility links

Müsəlman Birliyi Hərəkatının fəalı həbsxanadan təcridxanaya köçürülüb


Abbas Hüseyn

Qobustan Qapalı həbsxanasında həbsdə olan Müsəlman Birliyi Hərəkatının sədr müavini Abbas Hüseynov 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Hərəkatın Qobustan həbsxanasında saxlanılan digər fəalı Cabbar Cabbarovun isə hazırda harada saxlanılması barədə məlumat yoxdur. Bu barədə onların ailələri bildirib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, məhbusların yerdəyişməsi ilə bağlı məlumatlar yalnız onların vəkillərinə və ailə üzvlərinə verilir.

Abbası 3 gündür Kürdəxanı (1 saylı Bakı İstintaq Təcridxanası) təcridxanasına köçürüblər. Deyirlər karantindədir. Oğlumla görüş imkanı yaratmadılar.
Rəhimə Hüseynova, ana

“Abbası 3 gündür Kürdəxanı (1 saylı Bakı İstintaq Təcridxanası) təcridxanasına köçürüblər. Deyirlər karantindədir. Oğlumla görüş imkanı yaratmadılar. Abbasın təcridxanaya hansı səbəbdən köçürülməsi ilə bağlı ailəmizə hər hansı məlumat verilməyib. Oğlumun işgəncəyə məruz qalmasından narahatam. Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinə də məlumat verdim ki, oğluma baş çəksinlər. Mən prezidentə, birinci vitse-prezidentə müraciət etmək istəyirəm ki, günahsız övladıma qarşı işgəncələrə son qoyulsun,” Abbas Hüseynovun anası Rəhimə Hüseynova Amerikanın Səsinə bildirib.

Müstəqil hüquqşünaslar bildirir ki, məhbuslar ona qarşı yeni cinayət işi qaldırılanda, işə birinci instansiya məhkəməsində, apellyasiya və ali məhkəmədə baxılanda, məhbusun özü məhkəməyə müraciət edəndə təcridxanaya köçürülə bilər.

Gündüz Ağayevin "Nardaran işi" məhkəməsi illisturasiyası
Gündüz Ağayevin "Nardaran işi" məhkəməsi illisturasiyası

Bir neçə həftə öncə ailələri Müsəlman Birliyi Hərəkatının lideri Taleh Bağırovun, hərəkatın fəalları Abbas Hüseynov və Cabbar Cabbarovun Qobustan həbsxanasında işgəncələrə məruz qaldıqları və həbsxana rəhbərliyindən şikayət etmələri barədə məlumat yayıb. Güman edilir ki, onların şikayəti üzrə araşdırma aparıla bilər və bu səbəbdən təcridxanaya köçürülə bilərlər.

Digər tərəfdən hüquq müdafiəçisi Oqtay Gülalıyev facebook səhifəsində Taleh Bağırov, Abbas Hüseynov və Cabbar Cabbarovun ağır işgəncələrə məruz qaldığını yazır.

“Son günlər Qobustan Qapalı həbsxanasında baş verənlər daha dəhşətlidir. Orada saxlanılan siyasi məhbuslar Taleh Bağırov, Abbas Hüseynov və Cabbar Cabbarov müxtəlif formalarda ağır psioxoloji və fiziki işgəncələrə məruz qalır. Hətta "bandotdel"də ağır işgəncələrə məruz qaldıqda belə bunu biruzə verməyən Taleh Bağırov Qobustan həbsxanasında üzləşdiyi işgəncələrdən dolayı özünə xəsarət yetirib. Cabbar Cabbarov dəfələrlə vəhşicəsinə döyülüb. Abbas Hüseynov isə 18-ci əsrdə olduğu kimi çarmıxa çəkilərək işgəncəyə məruz qalıb.”

Hüquq müdafiəçisi facebook səhifəsində yazır ki, bu gün (yanvarın 15-də) isə aldığı məlumata görə Abbas Hüseynov saxlanıldığı kameraya basqın edərək onu döyə-döyə naməlum istiqamətə aparıblar.

“Hazırda onun taleyindən xəbər yoxdur. Bəziləri onun "bandotdel"ə, bəziləri Kürdəxanı İstintaq Təcridxanasına, bəziləri isə işgəncə vermək üçün "tubzon" deyiln yerə aparıldığını bildirir. Gözlərimizin qarşısında Azərbaycanı 17-18-ci əsrə sürükləmək, ölkəni cəngəllik qanunları ilə idarə etmək, Şimali Koreyaya çevirmək istəyirlər. Günahsız insanları istədiyi vaxt oğurlamaq, şərləyib həbs etmək, həbsdə ağır işgəncələrə məruz qoymaq və öldürmək praktikasını adiləşdirməyə çalışırlar,” o qeyd edib.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsi həbsxanada işgəncə halları ilə bağlı deyilənləri qəbul etmir.

“Cəzaçəkmə müəssisələrində və həbsxanada heç bir məhbus işgəncəyə məruz qalmır. Yazılanlar tam yalandır. Bütün məhbuslar qanunvericilik əsasından daxili intizam qaydalarına uyğun saxlanılır. Əgər işgəncə və ya qeyri-insani rəftarla bağlı faktları varsa şikayət etsinlər,” Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Amerikanın Səsinə bildirib.

2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat krçirib. Əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər öldürülüb.

Hadisələrlə bağlı ümumilikdə 70-dən çox adam həbs olunub.

Günahsız insanları istədiyi vaxt oğurlamaq, şərləyib həbs etmək, həbsdə ağır işgəncələrə məruz qoymaq və öldürmək praktikasını adiləşdirməyə çalışırlar.
Oqtay Gülalıyev, hüquq müdafiəçisi

Onların bir qisminə silah saxlama ittihamı ilə il yarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma) ittihamlar verilib.

Ağır maddələrlə təqsirləndirilənlərin işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Taleh Bağırov və daha 17 nəfərin işinə birlikdə baxılıb. Bağırov, Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19 il, digərlərinə isə 10 ildən 17 ilədək həbs cəzası verilib.

Hər biri 12 nəfərdən ibarət digər iki qrupun üzvlərinə, o cümlədən ilahiyyatçılar Zülfüqar Mikayılov, Elçin Qasımov, Elman Ağayevə 13 ildən 16 ilədək həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

XS
SM
MD
LG