Accessibility links

Müsəlman Birliyi Hərəkatının fəalı Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilib


Anar Cabbarov
Anar Cabbarov

“Müsəlman Birliyi” Hərəkatının fəalı Anar Cabbarov Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilib.

"Müsəlman Birliyi" Hərəkatının məlumatına görə, Anar Cabbarov saxta ittihamla tutulub.

"Onu əvvəlcə sənədlərində problem olması adı ilə polisə aparıb və qanunsuz olaraq 3 gün saxlayıblar. Daha sonra polis idarəsinə 'naməlum' zəng gəlib və Anar Cabbarov polis bölməsindən Binkılıç Göç İdarəsinə aparılıb. Orada 4 gün saxlanaraq haqqında dəqiqləşmə aparıldığı və tezliklə buraxılacağı deyilib. Bu müddət ərzində Anar Cabbarovun vəkili dövlət idarələrindən dəqiq məlumat ala bilməyib. Martın 21-də Cabbarovu Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna aparıblar. Orada səfirlik əməkdaşları ilə Türkiyə məmurları arasında qısa danışıq olub və Cabbarov yenidən Binkılıç Göç İdarəsinə geri qaytarılıb", məlumatda deyilir.

Martın 22-də vəkili Anar Cabbarovla görüşə gedib və həmin vaxt şahidi olub ki, Cabbarovu yenidən Azərbaycanın İstanbul Baş Konsulluğuna aparıblar.

Vəkilə deyilib ki, Anar Cabbarov bəzi sənədlərin dəqiqləşməsi üçün aparılır və bir neçə saata geri qaytarılacaq, daha sonra isə çox güman ki, azad ediləcək.

“Lakin Anar Cabbarov bir daha geri qaytarılmayıb, Türkiyə dövləti tərəfindən Azərbaycan Konsulluğuna təhvil verilib. Martın 22-də günorta saatlarında Anar Cabbarov Azərbaycana gətirilib. Onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (Bandotdel) aparıblar”, Müsəlman Birliyi Hərəkatının məlumatında deyilir.

Anar Cabbarovun saxlanması ilə bağlı məlumatları Türkiyənin rəsmi qurumlarından və Azərbaycan Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

2015-ci il noyabrın 26-da polis Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib, ikisi polis olmaqla, altı nəfər öldürülüb.

Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Həmin vaxt Nardaranda və bundan bir qədər əvvəl Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən insidentə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə il yarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov terror və başqa ağır cinayətlərdə ittiham edilərək 20 il həbs cəzasına məhkum edilib.

Bununla yanaşı rəsmi qurumlar Nardaran hadisələri ilə bağlı 11 nəfərin axtarışda olduğunu bildirib, lakin həmin şəxslərin adlarını açıqlamayıb. Hüquq müdafiəçiləri güman edir ki, Anar Cabbarov da axtarılan şəxslərin arasında olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG