Accessibility links

Müsavatçıların polisə çağırıldığı deyilir


Müsavat Partiyası fəallarının kütləvi şəkildə polis orqanlarına çağırıldığını bildirir. Noyabrın 8-də partiyanın aparat rəhbəri Gülağa Aslanlı Binəqədi Rayon Polis İdarəsinə çağırılıb.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, Binəqədi rayon Polis İdarəsinə çağırılmağının əsas səbəbi Müsavat Partiyasının noyabrın 12-də keçirilməsini nəzərdə tutduğu piketdi.

Gülağa Aslanlı deyib ki, haqqında danışılan aksiyanın icazəsiz olmasını polisdə ona vurğulayıblar: “Mən də dedim ki, bu icazəni Azərbaycan Respublikasının Konstitusiyasının 49-cu maddəsi verir və hər kəs sərbəst toplaşmaq hüququndan istifadə edə bilər”.

Onun sözlərinə görə, rayon polis idarəsində təqribən 15-20 dəqiqə olub:

"Amma elə oradan çıxan kimi Binəqədi rayonu 7 saylı Polis Bölməsindən zəng etdilər ki, bölməyə gəlim. Noyabrın 9-na da Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət ediblər".

G.Aslanlı vurğulayıb ki, hazırda əldə etdikləri məlumata görə, Müsavat Partiyasının son günlər 24 üzvü polisə çağırılıb.

Bu məlumatı hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək və deyilənlərə oradan münasibət almaq mümkün olmayıb.

Müsavat Partiyası noyabrın 10-na mitinq təyin etmişdi. Amma Bakı Şəhər İcra Hakimiyyəti ilə aksiyanın yeri ilə bağlı razılaşma əldə edilmədiyindən mitinq təxirə salındı. Həmin aksiyada "Siyasi məhbuslara azadlıq", "Repressiyalara son" kimi şüarların səsləndirilməsi planlaşdırılırdı. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların mövcudluğu və repressiyaların aparılması fikri ilə razı deyillər. Onlar deyirlər ki, Azərbaycanda siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Daha sonra Müsavat Partiyası noyabrın 12-nə piket təyin edib. Amma BŞİH piketin keçirilməsini məqsədəuyğun saymayıb. Partiyadan isə bildiriblər ki, aksiya keçiriləcək.

XS
SM
MD
LG