Accessibility links

Müsavat Partiyası Azərbyacan parlamentini Çində uyğurlara qarşı münasibəti soyqırım kimi tanımağa çağırıb


Müsavat Partiyası Çində uyğurlara qarşı münasibətin soyqırım kimi tanınması üçün Azərbaycan Milli Məclisinə müraciət edib.

Partiyanın məlumatında deyilir ki, Çində Sincan Uyğur Muxtar Rayonunda yaşayan uyğur türklərinə qarşı Pekin rejiminin diskriminasiya, soyqırım siyasəti uzun illərdir davam edir.

“Sincan-Uyğur Muxtar Bölgəsi 1,65 milyon kvadrat kilometr ərazisi ilə Çinin ən böyük inzibati-ərazi vahididir. Əhalinin 1953-cü ildəki siyahıyaalmasına görə burada əhalinin 75%-ni uyğurlar təşkil etdiyi halda ölkənin dominant etnosu olan han çinlilərinin sayı cəmi 6% idi. Mərkəzi hökumətin siyasəti nəticəsində 50 il ərzində demoqrafik vəziyyət dəyişdi və hazırda bu ərazidə uyğurların sayı 46%-ə düşüb (təxminən 10 milyon nəfər) hanların sayı isə 40%-i ötüb. Çin hökuməti belə demoqrafik siyasət yürütməklə müsəlmanları ölkə miqyasında olduğu kimi bu bölgə daxilində də azlığa çevirməyə çalışır.”

Müsavat Partiyası bildirir ki, 2018-ci ilin avqustunda BMT-nin insan haqları paneli "etibarlı hesabatlara" istinad edərək bildirib ki, bir milyondan çox insan Sincanda ekstremizm əleyhinə mərkəzlərdə saxlanılır. Çin hakimiyyəti uzun illərdir ki, Sincan bölgəsini "böyük gizli əsir düşərgəsinə" çevirib.

“Uyğurların bir qismi islah məqsədilə “Təhsil-islah mərkəzləri” adı altında xüsusi cəza düşərgələrində saxlanılır. Çin dövlətinin uyğurlara qarşı apardığı insanlığa zidd, diskriminasiya, repressiya siyasətindən milyonlarla uyğurun əzab-əziyyət çəkdiyi artıq heç kəsə sirr deyil. Sincanda yerli qanunvericiliyə edilən düzəlişlərə əsasən uyğurlar uşaqlarının dövlət məktəblərinə qəbulunun yasaqlanması, dini qaydalara əsasən kəbin kəsməyin qadağan olunması, pasportun verilməsinin məhdudlaşdılması kimi qadağalarla üz-üzədir. Uyğur türlkərinə qarşı bu vəhşilik bütün dünyanın gözü qarşısında baş verir və bunun qarşısını almaq üçün təsirli tədbirlər həyata keçirilmir.”

Müsavat Partiyası təəssüflə qeyd edir ki, BMT, ABŞ, Kanada və bəzi Avropa ölkələri Çinin uyğurlara qarşı soyqırımı siyasətinə öz etirazlarını dövlət səviyyəsində bildirsə də, türkdilli və müsəlman dövlətləri, o cümlədən Azərbaycan insanlığa qarşı bu cinayətə hər hansı rəsmi münasibət bildirməyib.

“Müsavat Partiyası uyğur türklərinə qarşı bu cinayətlərlə bağlı məsələnin Azərbaycan Milli Məclisində müzakirəyə çıxarılması və soyqırım kimi tanınmasının zəruri olduğunu bəyan edir," partiyanın Milli Məclisə müraciətində qeyd edilir.

Müsavat Partiyasının müraciətinə Milli Məclis hələ münasibət bildirməyib.

Bu il fevralın 18-də ABŞ-ın Azərbaycandakı Səfirliyi də Çinin Sincan bölgəsində yaşayan türk müsəlmanları olan etnik uyğurların mədəniyyətindən bəhs edən “Undercover China” (“Çinin gizlinləri”) filmi ilə bağlı müzakirə təşkil edib.

ABŞ Səfirliynin Facebook səhifəsində yaydığı məlumatda deyilir ki, uyğur etnik qrupu Çin Xalq Respublikası tərəfindən ciddi təzyiqlərə məruz qalır.

XS
SM
MD
LG