Accessibility links

Müsavat partiyası növbədənkənar parlament seçkilərində iştirak qərarı verib


Müsavat partiyası Respublika Gününü Novxanıda qeyd edir
Müsavat partiyası Respublika Gününü Novxanıda qeyd edir

Müsavat Partiyasının Ali Məclisi gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək haqqında qərar qəbul edib.

Bu barədə Müsavat Partiyasının Ali Məclisi dekabrın 7-də qərara gəlib.

Partiyanın başqanı Arif Hacılı bildirib ki, bu qərar mütləq əksəriyyətin səs çoxluğu ilə iştirak etməsi ilə qəbul olunub.

“Uzün müzakirələr oldu, müzakirələrin nətisəində indiki ictimai-siyasi şəraitdə seçkilərdə iştirakın Azərbaycan cəmiyyətinin maraqlarına daha uyğun olduğu qənaətinə gəlindi və mütləq əksəriyyətin səs çoxluğu ilə iştirak etmək barədə qərar qəbul olundu” deyə partiya başqanı vurğulayıb.

Müxalifət qüvvələrindən ReAL Partiyası da növbədənkənar parlament seçkilərinə qatılacağını açıqlayıb.

Milli Şura bununla bağlı qəti qərarını bildirməyib.
Qurumdan bu günlər verilən bəyanatda vurğulanıb ki, seçkilərin azad və ədalətli keçirilməsindən ötrü minimum şərtlər yerinə yetirilərsə onlar da prosesə qatıla bilərlər. Bunlara seçki komissiyalarının yenidən formalaşması, qeydiyyat mərhələsində maneələrin yaradılmaması, sərbəst toplaşmaq azadlığının təmin edilməsi və başqa şərtlər daxildir.

Rəsmilər hesab edirlər ki, hazırkı şəraitdə də azad və ədalətli seçkilər keçirilə bilər.

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Milli Məclisin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncamla Azərbaycanın beşinci çağırış Milli Məclisi buraxılır. Növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilir.

Dekabrın 4-də Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Azərbaycan Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.

Qərarda deyilir ki, Milli Məclisin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşana və fəaliyyətə başlayana qədər saxlanması zəruridir.

Dekabrın 2-də “Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan prezidentinə müraciət edilməsi barədə” qərar qəbul edib.

Bu qərarda Azərbaycan prezidentindən Milli Məclisin konstitusiyaya əsasən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahiş edilir.

Məlumata görə, Milli Məclis üzvlərinin mütləq əksəriyyətində parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə mövqe formalaşıb və nəticədə parlamentin öz fəaliyyətini davam etdirməsi qeyri-mümkün olub.

Qərara əsasən Milli Məclisin konstitusiyada nəzərdə tutulan səlahiyyətlərinin müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yüksək səviyyədə saxlanılmasının təmin edilməsi üçün Milli Məclis buraxılmalı və növbədənkənar parlament seçkiləri keçirilməlidir.

XS
SM
MD
LG