Accessibility links

Müsavat Partiyası: Zorakılığa yol verənlərin dərhal cəzalandırılmasını tələb edirik


Müsavat Partiyası seçki saxtakarlıqlarına etiraz edənlərə və jurnalistlərə qarşı törədilən zorakı və qeyri-insani rəftarı qətiyyətlə pisləyir. 11 fevral dinc etiraz aksiyası zamanı zorakılığa yol vermiş şəxslərin dərhal istintaqa cəlb olunaraq cəzalandırılmasını tələb edir.

Bu barədə partiyanın fevralın 12-də yaydığı bəyanatda deyilir.

Sənəddə deyilir ki, əsasən gənclərdən ibarət olan bir qrup deputatlığa namizəd 10 saylı Binəqədi seçki dairəsindən olan deputatlığa namizəd Rəbiyyə Məmmədovanın fevralın 11-də Mərkəzi Seçki Komissiyasının qarşısında keçirdiyi dinc aksiyaya dəstək verib.

“Sosial media üzərindən canlı yayımlanan bu dinc aksiya polis və digər xüsusi xidmət orqanları tərəfindən zorakılıqla dağıdılıb. Xeyli sayda aksiya iştirakçısı və jurnalistlər həbs olunub. Həbs olunanlar sırasında Müsavat Partiyasının seçkilərdə səlahiyyətli nümayəndələri Ərzulla Buludov, Əziz Məmiyev, bastainfo.com sayıtının baş redaktoru, Müsavat Partiyasının Divan üzvü Mustafa Hacılı, Müsavat Partiyasından deputatlığa namizəd, partiyanın Gənclər Təşkilatının sədri Elman Quliyev, həmçinin deputatlığa namizədlər Rəbiyyə Məmmədova, İradə Cavadova, Fərhad Mehdiyev, Turğut Qəmbər, jurnalistlər Sevinc Vaqifqızı, Aytac Tapdıq, Aynur Elgünəş, Aytən Məmmədova, Zərifə Novruz və başqaları da olub. Yüzədək aksiya iştirakçısı avtobuslara doldurularaq, saatlarla şəhərətrafı ərazilərdə gəzdirildikdən sonra sərbəst buraxılıb.”

Müsavat Partiyası bildirir ki, zor tətbiq edilməsi nəticəsində Müsavat Partiyası Suraxanı rayon təşkilatının sədri Ərzulla Buludov, Müsavat Partiyasının Divan üzvü, bastainfo.comsaytının baş redaktoru Mustafa Hacılı, deputatlığa namizəd Rəbiyyə Məmmədova, jurnalist Sevinc Vaqifqızı və başqaları ciddi xəsarətlər alıblar. Həkimlər Ərzulla Buludovun xəstəxanaya yerləşdirilməsini vacib hesab etdiklərinin bildirsələr də, xəstəxanaya gələn çevik polis alayı əməkdaşları buna imkan verməyiblər. Xəsarət alan Rəbiyyə Məmmədova və Sevinc Vaqifqızına ilkin tibbi yardım göstərilməsinə imkan verilməyib. Mustafa Hacılı saxlanıldıqdan sonra xüsusi dustaq maşınına aparılaraq, orada bir neçə şəxs tərəfindən işgəncəyə məruz qalıb. Ağır xəsarətlər alan jurnalist bundan sonra 5-ci polis bölməsinə, oradan Binəqədi polis idarəsinə aparılıb. Yalnız saat 23 radələrində sərbəst buraxılıb,” bəyanatda qeyd edilir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, fevralın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında keçirilən icazəsiz aksiyanın qarşısı alınıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi Ehsan Zahidov jurnalistlərə bildirib ki, fevralın 11-də saat 18:00-dan başlayaraq bir qrup şəxs MSK-nın binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

Onun sözlərinə görə, 2 saat MSK nümayəndələrinin onlarla izahedici söhbətlər aparmasına baxmayaraq, həmin şəxslər qanunsuz əməllərini davam etdiriblər.

Ehsan Zahidov daha sonra deyib ki, MSK nümayəndələri ərazi polis orqanına müraciət edərək razılaşdırılmamış aksiyanın qarşısının alınmasını xahiş edib.

"Əraziyə gələn polis əməkdaşları onları qanunun aliliyinə dəvət edərək, dağılışmalarını tələb edib. Lakin aksiya iştirakçıları polisin qanuni tələb və xəbərdarlığına məhəl qoymayıb. Belə olan halda polis qanunsuz aksiyanın qarşısını alaraq, onları ərazidən uzaqlaşdırıb. Bu zaman polisə müqavimət göstərən bir nəfər şəxs saxlanılıb."

XS
SM
MD
LG