Accessibility links

Müsavat Partiyasının fəalı və onun qohumunun narkoloji dispanserə məcburi müalicəyə göndərildiyi bildirilir


Nizaməli Süleymanov
Nizaməli Süleymanov

Müsavat Partiyası fəalı Nizaməli Süleymanovun və onun qohumu Akif Süleymanovun 20 sutkalıq inzibati həbs müddəti bitdikdən sonra narkoloji dispanserə məcburi müalicəyə göndərildikləri haqda məlumat yayıb.

“Nizaməli və Akif Süleymanovların heç biri narkotika istifadəçisi olmayıb, polisin məhkəməyə təqdim etdiyi ekspertiza rəyi saxtadır. Nizaməli və Akif Süleymanovlar evdən polisə çağırılaraq siyasi motivlə tutulduqlarını, onların hər hansı bir ekspertizadan keçirilmədiklərini məhkəmədə bildiriblər. Lakin hakim buna məhəl qoymayıb,” Müsavat Partiyasının məlumatında deyilir.

Müsavat Partiyasının Divanı fəalların narkoloji dispanserə göndərilməsini “Azərbaycanda müxalifətə qarşı repressiyaların davamı kimi qiymətləndirir”, hər iki fəalın dərhal azadlığa buraxılmasını tələb edir.

Nizaməli və Akif Süleymanovları aprelin 5-də Bakının Suraxanı Rayon Məhkəməsi hakim Elnur Nuriyevin sədrliyi ilə 20 sutka inzibati həbsə məhkum edib. Onlar psixotrop maddədən istifadə etməkdə ittiham olunub və İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib.

Nizaməli Süleymanov məhkəmə qərarının onun siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib.

“Müxtəlif üsullarla məni təhdid edib, Müsavat Partiyasından çıxmağımı istəyirlər. Çıxmadığım üçün cəzalandırırlar,” o qeyd edib.

Rəsmi qurumlar bu məlumata hələ münasibət bildirməyib. Bununla yanaşı, rəsmi Bakı bir qayda olaraq insanların əqidəsinə görə təqib edilmədiyini bəyan edir.

XS
SM
MD
LG