Accessibility links

Müsavat Partiyasının fəalının apellyasiya şikayəti təmin edilməyib


Müsavat Partiyası
Müsavat Partiyası

Oktyabrın 28-də Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyasının fəalı Rövşən Hüseynovun apelyyasiya şikayətini təmin etməyib, fəalın həbsdə saxlanılması barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bu barədə vəkili Nemət Kərimli bildirib.

Müsavat Partiyasının məlumatına görə, Rövşən Hüseynov oktyabrın 13-də mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Suraxanı rayon Məhkəməsinin qərarı ilə polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 25 sutka inzibati həbsə məhkum edilib.

Vəkil Nemət Kərimli bildirib ki, fəalın apellyasiya şikayətinə baxış zamanı müdafiə tərəfinin vəsatətləri təmin edilməyib.

“Rövşən Hüseynov saxlanılan zaman həyat yildaşı onunla birgə olub. Yaxınlıqda olan şəxslər var. Hakim onların şahid qismində dindirilməsi ilə bağlı vəsatətimi təmin etmədi. Hesab edirəm ki, iki gün öncə Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki abidəsini ziyarət zamanı polislərə etiraz etməsi Hüseynovun həbsinə səbəb olub,” vəkil qeyd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən fəalın həbsi ilə bağlı şərh almaq mümkün olmayıb.

“Müdafiə Xətti” hüquq-müdafiə təşkilatı bildirir ki, hökumət müxalif fikir daşıyıcılarına qarşı yeni repressiv dalğa başlayıb, fasiləsiz surətdə qurama ittihamlar əsasında inzibati və cinayət təqibləri həyata keçirilir, siyasi yüklü qanunsuz cəzalandırmalar geniş vüsət almaqdadır.

“Hökumətə müxalif olan Müsavat Partiyasının üzvü Rövşən Hüseynov mülki geyimdə olan bir qrup şəxs tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. O, bir neçə saat polis bölməsində saxlanıldıqdan sonra polisin tələblərinə tabe olmama iddiası ilə 25 sutka inzibati qaydada həbs edilib. Sosial şəbəkələrdə yayılmış görüntülərdən aşkar görünür ki, müxalif fəal Rövşən Hüseynovun polis əməkdaşlarının qanuni tələblərinə və s. tabe olmama barədə irəli sürülən rəsmi versiya əsassızdır.”

"Müdafiə Xətti" müsavatçı fəalın dərhal azadlığa buraxılmasını, ölkədə kəskinləşən repressiv mühitin aradan qaldırılmasını, əsas insan hüquq və azadlıqlarına, eləcə də siyasi haqlara hörmət ruhunda rəsmi hüquq siysətinin yürüdülməsini tələb edir.

XS
SM
MD
LG