Mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənovanın sədrliyi ilə Müsavat Partiyasının fəalı Azad Həsənova qarşı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Vəkil Osman Kazımov ötən iclasda verdiyi vəsatətə uyğun olaraq, Azad Həsənovun həbs edilməsi əməliyyatına rəhbərlik etdiyi bildirilən polis mayoru Fikrət Nəsirov, eləcə də polis leytenantı Şamil Bağırov dindirilib. Hər iki polis zabiti istintaq materiallarında əksini tapan itihamları təsdiqləyib. Lakin vəkilin suallarına cavab verərkən bir sıra ziddiyətli fikirlər səsləndiriblər. Dindirilmə zamanı hakim İradə Həsənova bir neçə dəfə Osman Kazımovun və Azad Həsənovun şahidlərə sual verməsini əngəlləyib.
Ötən iclasda məhkəmə Osman Kazımovun vəsatətini təmin edərək, Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) sorğu göndərmək və 2018-ci il oktyabrın 11-də Azad Həsənovun həbs edildiyi gün BŞBPİ-yə gəlib-gedənlərin qeydiyyat jurnalının surətini istəmək haqda qərar qəbul etmişdi. Bu jurnal Azad Həsənovun üzərində axtarış aparılarkən orada olduqlarını iddia edən hal şahidlərinin ifadələrinin doğru, yaxud yalan olduğunu üzə çıxara bilərdi.
Lakin məlum olub ki, BŞBPİ məhkəmənin sorğusuna rəğmən, qeydiyyat jurnalını təqdim etməyib. Bu gün dindirilən polis əməkdaşları BŞBPİ-də təhlükəsizlik kameralarının çalışdığını bildirib.
Məhkəmə iyunun 3-də davam etdiriləcək.
Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham olunur. O, 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə 2018-ci il oktyabrın 11-də Bakıya gəlib. Elə həmin gün atasının yaşadığı Hövsan qəsəbəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə Azad Həsənov onun seçki qərargahının üzvü olub.
Müsavat Partiyası bəyanat verərək, onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib.
Ancaq Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs edilməsinə dair iddiaları qəbul etmir.