Accessibility links

Müsavat Partiyasının fəalları İran səfirliyi qarşısında piket keçirməyə cəhd edib


Müsavat Partiyasının fəalları aksiya zamanı
Müsavat Partiyasının fəalları aksiya zamanı

Polis cəhdin qarşısını alıb

İyulun 17-də Müsavat Partiyasının fəalları İranın Ermənistanla birgə silah istehsalına etiraz olaraq bu ölkənin Bakıdakı səfirliyi qarşısında piket keçirməyə cəhd edib. Polis cəhdin qarşısını alıb.

Müsavat Partiyasının məlumatına görə, partiyanın fəalları Razim Əmiraslanlı, Tofiq Yaqublu, Ayxan Hacıbəyli, Arzulla Buludlu, Əziz Məmiyev, Rəhim Yaqublu, Qədir Nağıyev və digərləri polis tərəfindən saxlanılıb. Müsavat Gənclər Təşkilatının sədri Elman Quliyev aksiya başlanmadan əvvəl saxlanılıb.

Aksiyanın qətnaməsində İran hökumətindən Ermənistanla hərbi əməkdaşlığı dayandırması, birgə silah istehsalına dair müqaviləni ləğv etməsi tələb edilir.

“Eyni zamanda Abbas Lisani və digər fəalların azadlığa buraxılmasını, etnik diskriminasiyaya son qoyulmasını tələb edirik. Biz həmçinin Azərbaycan hakimiyyətindən tələb edirik ki, İranın Ermənistanla hərbi əməkdaşlığına siyasi qiymət versin, rəsmi Tehranın Azərbaycan dövlətinə və xalqına qarşı siyasətinə adekvat tədbirlər görsün,” sənəddə qeyd edilir.

Qətnamədə həmçinin İranın Ermənistanla birgə Azərbaycanın hərbi hava qüvvələrini, pilotsuz uçaqlarını, quru qoşunlarını məhv etmək üçün silah istehsal etməsinə qəti etiraz bildirilir.

“Ermənistanla hərbi əməkdaşlığı getdikcə genişləndirməkdə olan rəsmi Tehran bu davranışı ilə özünü islam dünyasına qarşı üz-üzə qoymaqdadır. İran və Ermənistanın Azərbaycana qarşı birgə istehsal etdikləri silahların Rusiyada nümayiş etdirilməsi hər üç ölkənin dövlətimizə qarşı maraqlarının üst-üstə düşdüyünü təsdiqləməkdədir”, Müsavat Partiyası qeyd edir.

Bir neçə gün öncə Müsavat Partiyası Gənclər Təşkilatının İran səfirlyi qarşısında piket kerçirməklə bağlı müraciətinə Bakı meriyası razılıq verməyib.

Yerli media bildirir ki, iyunun 25-30-da Moskvaətrafı Kubinka qəsəbəsində keçirilən "Ordu" beynəlxalq hərbi-texniki forumunda Ermənistan İranla birgə istehsal edilən Naim-802 radiolokasiya stansiyasını (RLS) nümayiş etdirib.

RLS-dən uçan hədəflərin məsafədən aşkarlanması, hədəfi məhv etmək üçün koordinatların verilməsi üçün istifadə olunur. Naim-802 Yerevan Rabitə Vasitələri Elmi-Tədqiqat İnstitutunda (ERNISS) hazırlanıb.

XS
SM
MD
LG