Accessibility links

Müsavat Partiyası fəalları Rusiya Səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edib


Mayın 8-də müxalifətdə olan Müsavat Partiyasının bir qrup fəalı Rusiyanın Azərbaycandakı Səfirliyinin binası qarşısında bu ölkənin sülhməramlı hərbi kontingentinin mayın 9-da Qələbə günü münasibətilə Xankəndində hərbi parad keçirəcəyinə etiraz olaraq aksiya keçirməyə cəhd edib. Polis aksiyanın qarşısını alıb, saxlananlar var.

Müsavat Partiyasından Amerikanın Səsinə bildiriblər ki, aksiyaya cəhd zamanı “Miropritvorı!” (Sülh hiyləgərləri!), “Net rossiyskoy okkupatsii!” (Rusiya işğalına yox!), “Ivan idi domoy!”( İvan evinə get!) “Karabax-Azerbaydjan! “(Qarabağ Azərbaycandır!) və başqa şüarlar qaldırılıb.

Aksiyanın qətnaməsində deyilir ki, Rusiyanın Qarabağda yerləşən hərbi kontingenti, sülhüməramlı missiyaya zidd olan növbəti addımlara hazırlaşır.

“Rusiya Müdafiə Nazirliyi mayın 9-da Qələbə günü münasibətilə hərbi parad keçirmək niyyətindədir. Biz, Müsavat Partiyasının təşkil etdiyi piketin iştirakçıları, həmin paradla bağlı hazırlıqların dayandırılmasını və bu tədbirin keçirilməsi haqqında qərarın ləğv olunmasını tələb edirik,” qətnamədə deyilir.

Müsavat Partiyası hesab edir ki, Rusiya Müdafiə Nazirliyinin Xankəndində hərbi parad keçirmək haqqında qərarı beynəlxalq hüququn kobud şəkildə pozulması, habelə müstəqil Azərbaycanın suverenliyinə təcavüz cəhdi kimi qiymətləndirilməlidir.

“Biz rəsmi Bakıdan bu məsələdə açıq və prinsipial mövqe nümayiş etdirilməsini, həmin paradın keçirilməsinin qarşısını almaq üçün təsirli tədbirlər görülməsini tələb edirik. Həmçinin dünya birliyindən Rusiya hərbi kontingentinin Azərbaycandakı hərəkətlərinə siyasi və hüquqi qiymət verilməsini tələb edirik. “Rusiya, Qarabağdan əl çək! Qarabağ Azərbaycandır!” bu partiyanın qətnaməsində deyilir.

Partiyanın məlumatına görə, aksiyaya cəhd zamanı ondan çox fəal polis tərəfindən saxlanılıb.

Aksiya zamanı Müsavat başqanı Arif Hacılı Facebookda hakimiyyət orqanlarını piketi "amansızlıqla" dağıtdıqlarına görə tənqid edib.

"Gülağa Aslanlı, Arzulla Bulud, Fəridə xanım Ələsgərli, Elman Quliyev, Zakir Məmmədzadə, Fərid Hüseynli, Rövşən Hüseynov, Cavad Qafarov və başqaları həbs edilib," deyə Arif Hacılı Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Bakıya gözlənilən səfəri əsnasında müsavatçıların aksiya keçirməsinin hökuməti təşvişə saldığını qeyd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə bildirib ki, cəhdin qarşısı polis tərəfindən dərhal alınmaqla, onlar ərazidən uzaqlaşdırılıb, saxlanılan yoxdur.

XS
SM
MD
LG