Accessibility links

Müsavat Partiyasının fəalları Rusiya Səfirliyinin binası qarşısında piket keçirib


Müsavat Partiyasının fəalları Rusiya səfirliynin binası qarşısında piket keçirib
Müsavat Partiyasının fəalları Rusiya səfirliynin binası qarşısında piket keçirib

Müsavat Partiyasının bir qrup fəalı Rusiyanın Azərbaycandakı Səfirliynin binası qarşısında Azərbaycanın Şuşa şəhərinə nüvə başçlığı daşıya bilən orta mənzilli “İsgəndər” raketinin atılmasına etiraz olaraq “Rusiya rədd ol!”, “Qarabağ Azərbaycandır!”, “Rusiya Qarabağdan əlini çək!”, “İvan idi domoy!” (İvan evinə get!, bu şüar ilk dəfə 1989-cu ildə Çexoslovakiyada qaldırlıb-red) şüarları ilə piket keçirib.

Piket zamanı Müsavat Partiyasının qətnaməsini partiyanın Gənclər Təşkilatının sədri Elman Quliyev elan edib.

Sənəddə deyilir ki, Azərbaycan Minatəmizləmə Agentliyi Şuşaya atılan İsgəndər raketinin E (eksport) deyil, M versiyası olduğunu müəyyən edib.

“Bu versiya 500 kilometr mənzilə malik orta mənzilli raketlər sinfinə aiddir. Həmin raketlərin ixracı 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanan “Yaxın və orta mənzilli raketlərin məhdudlaşdırılmasına dair Müqavilə”nin tələblərinə tamamilə ziddir,” sənəddə qeyd edilir.

Müsavat Partiyası Rusiyanın müharibədə iştirak etməsinə siyasi qiymət verilməsini tələb edir.

“Biz Rusiyanın Azərbaycandakı Səfirliyi qarşısında keçirilən piketin iştirakçıları Rusiyanın müharibədə nəinki Ermənistana faktiki hərbi-siyasi dəstək verdiyini, hətta hərbi əməliyyatlara bilavasitə qoşularaq Azərbaycana nöqtə zərbələri endirdiyini hərbi aqressiyanın sübutu kimi qiymətləndiririk. Rusiyadan rəsmi qaydada “İsgəndər-M” raketlərinin atılması ilə bağlı izahat verməsini tələb edirik. Beynəlxalq birliyi, o cümlədən BMT-ni və ATƏT-i Qarabağda və regionda ənənəvi olaraq separatizmi dəstəkləyən Rusiyanın pozuculuq fəaliyyətini dayandırmaq üçün təsirli tədbirlər görməyə, Rusiyanın 44 günlük Qarabağ müharibəsində qadağan edilmiş silahdan istifadə etməsinə siyasi qiymət verilməsinə çağırırq,” Müsavat Partiyasının qətnaməsində deyilir.

Polis aksiyaya müdaxilə etməyib.

Azərbaycan Şuşaya atılan “İsgəndər” raketlərinin qalıqlarını nümayiş etdirib
Azərbaycan Şuşaya atılan “İsgəndər” raketlərinin qalıqlarını nümayiş etdirib

Bu il aprelin 2-də Azərbaycan Minatəmizləmə Agentliyi ötən il hərbi əməliyyatlar dövründə Azərbaycanın Şuşa şəhərinə atıldığı güman edilən Rusiya istehsalı “İsgəndər” raketlərinin qalıqlarını nümayiş etdirib.

Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov bildirib ki, martın 15-də əməkdaşlar tərəfindən Şuşa şəhərinin iki müxtəlif hissəsində təqribən bir-birindən 780 metr məsafədə iki ədəd partlamış raketin qalıqları aşkar edilib.

"Raketlərə baxış zamanı üzərində olan 9M723 koduna görə bunun “İsgəndər” raketi olduğu müəyyən olunub. Raketin ümumi uzunluğu 7.2 metr, diametri 920 millimetrdir. Raket tam olaraq partlamış haldadır və iki hissədən ibarətdir. Həmin ərazidə əməliyyat-axtarış tədbirləri davam etdirilir,” o qeyd edib.

Qərargah rəisinin sözlərinə görə, aparılan araşdırmalar nəticəsində belə qənaətə gəlinib ki, "bu, "İskəndər-M" raketidir".

News.am saytı bildirir ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan Şuşa şəhərinə “İsgəndər” raketinin atılması barədə məlumatları şərh etməyib.

“Mən heç nə deyə bilmərəm, bu, məxfi məlumatdır,” o, qeyd edib.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Azərbaycan tərəfinin “İskəndər” raketlərinin qalıqlarının tapılması ilə bağlı açıqlamasını şərh edərkən deyib ki, bu, yeni məlumatdır.

“Yox, başa düşdüyüm qədər, bu, yeni məlumatdır. Mən bilmirəm, bu, hərbiçilər vasitəsilə məruzə edilib, bizim hərbiçilərin bu barədə hər hansı ətraflı məlumatı varmı. Bu, əlbəttə ki, daha çox onların səlahiyyətinə aiddir”, Peskov Rusiya prezidentinin Azərbaycan tərəfinin Qarabağ münaqişə zonasında Rusiya istehsalı olan “İsgəndər” raketlərinin qalıqlarının aşkar edilməsi haqqında məlumatından xəbəri olub-olmaması barədə suala cavabda bildirib.

Münaqişə zamanı “İsgəndər” raketlərindən istifadə olunub? Bu dəqiqləşdirici suala Peskov belə cavab verib.

“”İsgəndər”lərlə bağlı məsələni xatırlayırsınız, ki, münaqişə zamanı onlardan istifadə olunmayıb. Bu, təsdiq edilib,” RİA-Novosti agentliyi Peskova istinadən məlumat yayıb.

XS
SM
MD
LG