Accessibility links

Müsavat Partiyasının qırxdan çox fəalı polisə çağırılıb


Müsavat Partiyası
Müsavat Partiyası

Son üç gündə Müsavat Partiyasının qırxdan çox fəalı polisə çağırılıb.

Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli Amerikanın Səsinə bildirib ki, çağırışlar partiyanın noyabrın 12-nə Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında təyin etdiyi aksiya ilə bağlıdır. Dəvət olunanlardan aksiyada iştirak edib-etməyəcəklərini soruşurlar.

"Hələlik saxlanılan yoxdur, amma təzyiq davam edir", Hacıbəyli qeyd edib.

Şənbə günü Müsavat Partiyasının sədr müavinləri Səxavət Soltanlı, Fərəc Kərimli və Razim Əmiraslanlı, habelə partiyanın aparat rəhbəri Gülağa Aslanlı Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının noyabrın 10-na təyin etdiyi mitinqin şəhərin hüdudları daxilində keçirilməsinə razılıq verməkdən imtina edib və aksiyanı Lökbatan qəsəbəsində keçirməyi təklif edib.

Partiya mitinqi ləğv edib və noyabrın 12-də şəhər administrasiyasının binası qarşısında piket keçirəcəyini bildirib. Amma icra hakimiyyəti bu piketə razılıq verməkdən imtina edib. Buna baxmayaraq, Müsavat rəhbərliyi şəhər administrasiyası qarşısında aksiya keçirəcəyini bəyan edib.

Rəsmi qurumlar Müsavat Partiyasının fəallarının polisə çağırılması ilə bağlı hələ açıqlama verməyib.

XS
SM
MD
LG