Müsavat Partiyasının qurultayının harada keçirilməsi ilə bağlı məsələ açıq qalır. İcra hakimiyyəti partiyanın təklif etdiyi məkana etiraz etməsə də, sarayın sahibi imtina edib.
Partiyanın başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsibndə bildirib ki, Müsavat Partiyasının IX qurultayının keçiriləcəyi məkan ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə bir neçə yer təklif edilib. Bu məkanların rəhbərliklərindən əvvəlcədən qurultayın keçirilməsi ilə bağlı razılıq alınmışdı.
“Bakı şəhər İcra Hakimiyyəti qurultayın 7-ci mikrorayonda yerləşən “Büllur” şadlıq sarayında (keçmiş “İnqilab” kinoteatrı) keçirilməsinə etiraz etmədiyini bildirib. İndi “Billur” sarayının rəhbərlıyi bildirir ki, iclasın orada keçirlməsinə icazə verə bilməzlər. Guya həmin gün, həmin saatda orada hansısa tədbir var. Ona görə, qurultayın harada keçiriləcəyi açıq qalır,” o qeyd edib.
Müsavat Partiyasının 9-cu qurultayı oktyabrın 12-də keçiriləcək. Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin məlumata görə, qurultay nümayəndələrinin qeydiyyatı saat 9-da başlayacaq.
Biz məktub aldıqdan sonra, birdən-birə sərt şəkildə və birmənalı olaraq "Billur" sarayının rəhbərliyinin zalın bizə verilməyəcəyi ilə bağlı mövqeyi məlum olmayan qaranlıq məqamların olmasından xəbər verir.Arif Hacılı, Müsavat Partiyasının başqanı
“Çox maraqlıdır ki, partiyanın nümayəndələri qabaqcadan sarayın rəhbərliyi, icarədarları ilə danışmışdı. Onlar qurultayın keçiriləcəyi ilə bağlı hər hansı problemin olmayacağını bildirmişdi. Aydın məsələdir ki, Müsavat Partiyasına qurultay keçirilməsi üçün hakimiyyət dairələri ilə razılşadırılmadan yer verilməsi qeyri-mümkündür. O səbəbdən biz Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdik, oradan razılıq məktubu aldıq. Biz məktubu aldıqdan sonra birdən-birə sərt şəkildə və birmənalı olaraq müəssisənin rəhbərliyinin zalın bizə verilməyəcəyi ilə bağlı mövqeyi məlum olmayan qaranlıq məqamların olmasından xəbər verir,” Hacılı qedy edib.
Müsavat Partiyasının başqanı bildirib ki, hazırda qurultayın keçirilməsi üçün alternativ yerlər axtarılır.
“Hələ, qurultayın keçirilməsinə beş gün qalır. Çalışacağıq ki, qurultayın keçirilməsi üçün müvafiq yer almağa nail olaq. Qurultayın keçirilməsinə yer verilməməsi üçün heç bir əsas yoxdur.”
Onun sözlərinə görə, qurultaya hazırlıq işləri sürətlə davam etdirilir.
“Artıq 60 rayon təşkilatı konfransalrını keçirib, qurultaya nümayəndələrini seçib. Bu proses başa çatıb. Qurultaya hazırlıq üzrə təşkilat komitəsi mütəmadi işləyir. Namizədlər öz təbliğatını aparır,” o qeyd edib.
Müsavat Partiyası Azərbaycanda mövcud olan ən yaşlı siyasi partiyadır. Əsası 1911-ci ildə İstanbulda muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadə və milli demokratiya ideoloqları tərəfindən qoyulub.
"Müsavat"ın ilk qurultayı 1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda keçirilib.
1918-ci il mayın 28-də Tiflisdə Müsavat Partiyası Azərbaycanın istiqlalını elan edib. Milli Şuranın sədri vəzifəsinə Rəsulzadə seçilib.
1918-1920-ci illərdə dövlət quruculuğu prosesində, parlament seçkilərində, Azərbaycanın dünya dövlətləri tərəfindən tanınmasında Müsavat Partiyasının böyük xidmətləri olub.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra partiya öncə gizli, sonradan siyasi mühacirətdə fəaliyyət göstərib.
1992-ci ildə Azərbaycanda Müsavat Partiyasının fəaliyyəti bərpa edilib. Xalq Cəbhəsinin liderlərindən biri, parlamentin ozamankı spikeri İsa Qəmbər partiyanın sədri seçilib.
Arif Hacılı partiyanın 2014-cü ilin oktyabrında keçirilən 8-ci qurultayında başqan seçilib.