Həbsdə 33 gündür aclıq keçirən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin səhhəti çox ağırdır. Son bir neçə gündə o hər gün 600 qramadək çəki itirir.
Bu barədə vəkil Bəhruz Bayramov Amerikanın Səsinə bildirib.
Müstəqil həkim, tibb elmləri doktoru Adil Qeybulla dekabrın 7-də Penitensiar Xidmətin Müalicə Müəssisəində Saleh Rüstəmli ilə görüşüb.
“Görüşə müşahidə altında özü gəldi. Təbii ki, ona dəstək müalicəsi edilir. Bu müalicə onun səhhətinin bərpasına xeyli kömək edib. Xəstəlik tarixçəsinə baxdım. Müayinə və analizlərinin göstəriciləri bu gün həyatı üçün təhlükəli həddə deyil. Bərpa mülaicəsi xeyli effektini verib” - deyə, o, Amerikanın Səsinə müsahibəsində bildirib.
Adil Qeybulla Saleh Rüstəmlidən aclığı dayandırmasını xahiş edib.
“Mən həkim kimi aclığı dayandırmasını xahiş etdim. Ancaq qərarı o verir. Biz onun qərarına qarışa bilmərik.”
Adil Qeybulla Müalicə Müəssisəsinin həkimləri ilə birgə konsilum da (məşvərət) edib.
Bu gün, dekabrın 8-də Saleh Rüstəmlinin qardaşı Taleh Rüstəmli onunla görüşdən sonra Amerikanın Səsinə deyib ki, səhhəti çox ağırdır.
“Oynalarında kəskin ağrılar davam edir. İndi Salehin qaldığı palataya başqa bir məhbus gətiriblər. O, qida qəbul edəndə Salehə pis təsir edir. Saleh gecələr yata bilmir,” o qeyd edib.
Onun sözlərinə görə, Saleh Rüstəmli 18 kiloqramdan çox arıqlayıb, çəkisi 69 kiloqramdan 51 kiloqramadək azalıb.
Vəkil Bəhruz Bayramov Ameirknaın Səsinə deyib ki, Rüstəmli aclığı sonadək davam etdirmək qərarındadır.
Dekabrın 6-da vəkillər Bəhruz Bayramov və Aqil Layıc Rüstəmlinin sağlamlıq durumui ilə əlaqədar həbs cəzasının qalan hissəsindən azad edilməsi barədə Bakının Nizami rayon Məhkəməsinə müraciət edib.
Müdafiə tərəfi Cinayət Məcəlləsinin məhbusun ağır xəstəliyi ilə əlaqədar məhkəmə qərarı ilə cəzadan azad edilməsini nəzərdə tutan 78.2-ci maddəsinə istinad edib.
Rüstəmli böyrək çatışmazlığından əziyyət çəkir, bundan başqa uzun müddət aclıq etməsi onun sağlamlığına mənfi təsirlər göstərib.
Qanunvericiliyə görə, məhkəmə 10 gün ərzində ərizəni icraata götürüb-götürməməsi barədə qərar qəbul etməlidir.
“Lakin məhkəmə tez də qərar qəbul edə bilər. Amma hələ müraciətimizlə bağlı cavab verməyiblər,” Bayramov qeyd edib.
Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsi müdafiə tərəfinin müraciəti əsasında məhkəmənin Reqlamentinin Rüstəmliyə münasibətdə müvəqqəti tədbirlərin görülməsi haqqında 39-cu qaydasının mexanizmini işə salıb.
Vəkillər Strasburq Məhkəməsinə müraciətlərində uzun müddət davam edən aclıq aksiyası nəticəsində Rüstəmlinin komaya düşməsi təhlükəsini və səmərəli tibbi yardımın təmin edilməsi üçün onun həbsxana hospitalından mülki klinikaya köçürülməsi zərurətini qeyd ediblər.
Layıcın sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi Rüstəmlinin sağlamlığı ilə bağlı qaldırdığı suallara cavab vermək üçün hökumətə dekabrın 10-na qədər vaxt verib.
Saleh Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamı ilə tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Sonra, mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamların dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılıblar.
AXCP ittihami təkzib edib və siyasi sifariş adlandırıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirova şərti cəza verilib. Onların heç biri məhkəmədə ittihamları qəbul etməyib. Babək Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.