Accessibility links

Azərbaycan və Ermənistan arasındakı son toqquşmaların sülh danışıqlarına təsiri - Ekspert rəyləri


Azərbaycan-Ermənistan dövlət sərhədində iyulun 12-dən başlayaraq silahlı qarşıdurma baş verib. Rəsmi məlumatlara görə, döyüşlərdə Azərbaycanın 12 hərbi qulluqçusu, 1 mülki şəxsi, Ermənistanın 4 hərbi qulluqçusu həlak olub. Hər iki tərəfdə yaralıların olduğu haqda məlumat verilib.

Amerikanın Səsinə danışan mütəxəssilər son günlərdə iki ölkə arasındakı beynəlxalq sərhəddə baş verən toqquşmaların sülh danışıqlarına təsiri və ATƏT-in Minsk Qrupunun münaqişədəki rolunu şərh ediblər.

Beynəlxalq Böhran Qrupunun eksperti Zaur Şiriyev silahlı qarşıdurmanın hər iki ölkə tərəfindən de-yure tanınan beynəlxalq sərhəddə baş verməsinin yaxın zamanlarda sülh danışıqlarına və Azərbaycanla Ermənistan arasındakı münasibətlərə ciddi mənfi təsirinin olacağını qeyd edib.

Zaur Şiriyev və Lilit Gevorgian
Zaur Şiriyev və Lilit Gevorgian

Onun sözlərinə görə, danışıqların ruhuna zərbə endirəcək iki başlıca amil dövlətlər arasında birbaşa kommunikasiyanın öz əhəmiyyətini itirməsi və Ermənistanda hakimiyyətə yenicə gəlmiş Baş Nazir Nikol Paşinyan hökuməti ilə bağlı yaranan ümidlərin və danışıqlarda dönüş yaranacağı barədə fikirlərin alt-üst olması ilə səciyyələnə bilər.

ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişənin həlli yolundakı faəliyyətini dəyərləndirən Zaur Şiriyev qrupun həmsədr ölkələrinin liderlərinin daha çox müdaxiləsini görməyin daha effektiv ola biləcəyini deyib.

“Minsk Qrupunun həmsədr ölkələrinin üzv dövlətlərinin rəhbərlərinin prezident səviyyəsində aktiv fəaliyyəti Minsk Qrupunun həmsədrlik institutunun daha effektiv olmasını təmin edə bilərdi,” o bildirib.

Londonda qərargahlanan IHS Markit şirkətindən mütəxəssis Lilit Gevorgian son toqquşmaların müqanişə zonasından uzaqda, iki ölkə arasındakı beynəlxalq sərhəddə baş verməsinin və miqyasının digər toqquşmalarla müqayisədə daha ciddi olmasının iki ölkə arasında müharibə riskini artırdığını deyib.

O, bu cür insidentin qarşısını almaq məqsədilə beynəlxalq tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. “İnsidentin necə başladığı ilə bağlı beynəlxalq araşdırılma aparılmaldır, çünki bu insident münaqişə zonasında deyil, iki suveren ölkə arasındakı sərhəddə baş verib. Bunun gələcəkdə təkrarlanmamasını təmin etmək üçün bütün beynılxalq tədbirlər görülməlidir,” Gevorgian deyib.

Təhlilçinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən hər hansı bir tərəfi günahlandırmalarını gözləmək realistik deyil. “Lakin onlar hərtərəfli təhqiqat aparmalıdırlar. Onların nəsə baş verdikdə hər iki tərəfə mesaj göndərmələri və insidentin gələn dəfə belə bir hadisə baş verənədək yaddan çıxması artıq adi bir hala çevrilib,” o, qeyd edib.

Gevorgian deyib ki, Azərbaycan və Ermənistan tərəfləri münaqişənin həllini vasitəçilərdən fərqli görürlər. Onun dediyinə görə, indiki vəziyyətdə ən yaxşı həll yolu bəzi etimad yaratmaq tədbirlərinin həyata keçirilməsidir və onlardan ən mühümü də təhlükəsizlik mexanizmdir. “Yalnız belə bir halda, münaqişəni həll etməyin yollarını axtarmaq mümkün ola bilər,” o bildirib.

Beynəlxalq Böhran Qrupundan Zaur Şiriyevin sözlərinə görə isə son hadisələrdən sonra etimad yaratmaq təbirlərinin həyata keçirilməsi məsələsi bir müddət gündəmə gəlməyəcək. “Daha sonra isə onun gündəmə gəlməsi Azərbaycan və Ermənistan arasında rəsmi danışıqların nə qədər effektiv olduğundan asılı olacaq,” Şiriyev deyib.

ATƏT Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) and Endryu Şofer (ABŞ) Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı 13 iyulda bəyanat yayıb.

Bəyanatda sərhəddə baş verən atəşkəsin pozulması nəticəsində həyat itkisi baş verdiyi və ağır artilleriyadan istifadə olunduğu vurğulanır.

Həmsədrlər toqquşmalarda ailə üzvlərini itirənlərə başsağlığı verərək kədərlərini ifadə ediblər.

"Minsk Qrupu həmsədrləri baş vermiş atəşkəs pozuntularını pisləyir və tərəfləri eskalasiyasnın qarşısını almaq üçün bütün mümkün tədbirlər görməyə, o cümlədən mövcud birbaşa kommunikasiya kanallarından istifadə etməyə çağırırlar," bəyanatda deyilir.

Həmsədrlər həmçinin tərəfləri tez bir zamanda danışıqları bərpa etməyə çağırıblar.

XS
SM
MD
LG