Accessibility links

Müxalifət liderinin övladının şəxsi həyatı ilə bağlı yayılan video tənqidlərə səbəb olub


Cəmil Həsənli
Cəmil Həsənli

Martın 28-də sosial şəbəkələrdə müxalifətdə olan Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının sədri Cəmil Həsənlinin qızının şəxsi həyatı ilə bağlı videoların yayılması geniş tənqidlərə səbəb olub. Yüzlərlə insan vətəndaşların son zamanlar konstitusion hüququ olan şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasına etiraz edib.

Xatırladaq ki, martın 8-də feminist qadınların etiraz aksiyasından sonra ictimai fəalların şəxsi həyatı ilə bağlı da belə videolar yayılıb. Onların şikayətlərinə baxmayaraq hüquq mühafizə orqanları hələ də həmin videoları yayanlara qarşı hüquqi tədbirlər görməyib.

Müxalifət lideri, keçmiş prezidentliyə namizəd Cəmil Həsnlinin qızının şəxsi həyatı ilə bağlı yayılan videolarla bağlı münasibətlərdən bir neçəsini diqqətinizə çatırırıq.

Milli Şuranın sədri Cəmil Həsənli videonun yayılmasında iqtidarın əli olduğunu bildirib.

“İlham Əliyev və onun təhlükəsizlik xidməti mənim qızım Günel Həsənlinin şəxsi həyatı ilə bağlı video görüntülər yayıb. Başqalarının şəxsi həyatına müdaxilə, insanların güdülməsi, adamların yataq otağına öz murdar və yöndəmsiz burunlarını soxmaları bunların köhnə peşəsidir,” Həsənli qeyd edib.

O hesab edir ki, əxlaqsızlıq başqasının intim həyatına burun soxmaq, dövlətin təhlükəsizlik orqanlarını buna səfərbər etməkdə məqsəd, bundan siyasi şantaj vasitəsi kimi istifadə etməkdir.

“Əlbəttə, indiyə qədər baş verən buna bənzər hadisələr kimi mənim qızımla bağlı yayılan bu video da şəxsən İlham Əliyevin əl işidir,” o qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirir ki, Milli Şuranın sədri, professor Cəmil Həsənliyə qarşı mənəvi terror hakimiyyətin özünün "ləyaqətsizliyini göstərir".

“Xalqımız bilir ki, Cəmil Həsənli ona xidmət etdiyi, onun haqqını qoruduğu, sözünü dediyi üçün mənəvi terrora məruz qalır. Hamı bilsin ki, belə namərd hücumlar bumeranq effektilə yalnız və yalnız rejimin özünü daha da nüfuzdan salıb, rüsvay edir. Hələ də müxtəlif bəhanələrlə rejimə yaltaqlıq edənlər gözlərini açıb görsünlər ki, hansı ləyaqətsizliyi özünə peşə edənlərə xidmət edirlər,” AXCP sədri qeyd edir.

İctimai fəal Bəxtiyar Hacıyev yazır ki, İlham Əliyev öz rəqiblərinə, tənqidçilərinə qarşı nalayiq, heç bir çərçivəyə sığmayan mübarizə üsulları seçib.

“Kiminsə övladının özəl həyatda nə etməsi yox, ölkənin başında duranların onillərlə milyonlarla insanın milyardlarını, haqqını yeməsi, başqalarının faciəsi üzərində özlərinə lüks həyat qurması ən böyük əxlaqsızlıqdır. Ən böyük şərəfsizlik siyasi rəqiblərinə qarşı yengəlik edib, onlara qarşı namərdcəsinə addımlar atmaq, siyasi mübarizəni bu qədər çirkinləşdirməkdir.

İnsanların övladlarının gizli videolarını çəkmək və yaymaq, buna dövlət orqanlarını alət etmək ən böyük mənəviyyatsızlıqdır,” o qeyd edib.

Bununla yanaşı, bir çox digər partiya rəhbərləri, ziyalılar, ictimai-siyasi xadimlər də müxalifət liderinin ailə üzvünün, ictimai-siyasi fəalların özəl həyatı ilə bağlı videoların yayılmasına etiraz edən bəyanatlarla çıxış edib. Bəyanatlarda rəsmi qurumlardan insanların şəxsi həyatı ilə bağlı intim videoları yayanların hərəkətinə hüquqi qiymət verilməsi tələb edilir.

Rəsmi qurumlar bu bəyantlara hələ münasibət bildirməyib.

XS
SM
MD
LG