Accessibility links

Müxalifət liderinin internet və telefon əlaqələrinin kəsilməsinə reaksiyalar


Əli Kərimli

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin və ailə üzvlərinin karantin dövründə telefon, internet əlaqələrinin kəsilməsi sosial şəbəkələrdə müzakirələrə və tənqidlərə yol açıb.

Arif Hacılı
Arif Hacılı

Arif Hacılı: Əli Kərimliyə qarşı təzyiqləri qətiyyətlə pisləyirəm.

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirir ki, Azərbaycan hakimiyyəti onun epidemiya dövrünü pis əməllər üçün yox, xoş məramlar üçün fürsət bilmək çağırışını qəbul etməyib.

“Hakimiyyət sərt qadağalara, repressiv tədbirlərə üstünlük verdi. Əhaliyə yetərli sosial yardımın edilmədiyi, orta və xırda biznesin xilası üçün lazımi tədbirlərin görülmədiyi şəraitdə yüksək cərimələr və həbslər davam edir. Son məlumata görə karantin qaydalarına əməl etməmək adı ilə 250-dən çox həbs olunan var. Bu dövrdə, xüsusilə siyasi müxalifətə qarşı repressiv tədbirlər həm Azərbaycan cəmiyyəti, həm də beynəlxalq birlik tərəfindən böyük narazılıqla qarşılanır.

Tofiq Yaqublunun qondarma ittihamlarla həbs edilməsi, bunun ardınca bir çox siyasi fəllara, jurnalistlərə, AXCP üzvlərinə, xüsusilə Əli Kərimliyə yaxın olan partiya üzvlərinə və şəxsən onun özünə qarşı olan təziqləri qətiyyətlə pisləyirəm. Azərbaycan hakimiyyətini cəmiyyətdə qarşıdurma yaradan addımlardan çəkinməyə, siyasi təqiblərə son qoymağa çağırıram,” Müsavat Partiyasının başqanı Facebook səhifəsində qeyd edib.

Fuad Ağayev
Fuad Ağayev

Fuad Ağayev: İqtidar belə üsullardan istifadə etməməlidir

Hquqşünas Fuad Ağayev bildirir ki, AXCP sədrinin və ailə üzvlərinin internet və telefon əlaqələrinin kəsilməsi Avropa İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın bior neçə bəndinin pozulmasıdır.

“Məlumdur ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri və Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli aprelin 13-də, Bakı vaxtı ilə saat 22:30-da “Osmanqızı” YouTube kanalında müsahibə verməli idi.

Müsahibənin başlanmasına 15 dəqiqə qalmış birdən-birə 3 aparat vasitəsilə həyata keçirilən internet rabitəsi kəsilib: eyni vaxtda onun mənzilindəki ayrıca modem, onun şəxsi istifadəsində olan mobil telefon və onun həyat yoldaşının istifadəsində olan mobil telefon vasitəsilə göstərilən internet xidmətləri dayandırılıb.

Bu məhdudiyyətlərin tətbiq edilməsi, uzun illər boyu pasportu belə verilməyən, bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı icra edilməyən insana qarşı həm də amansız rəftar olmaqla, ona mənəvi-psixoloji təzyiqin davamı kimi qiymətləndirilə bilər.
Fuad Ağayev, hüquqşünas

Sabahı gün, aprelin 14-də internet rabitəsi qısa müddətə bərpa olunduqda Əli Kərimli “Osmanqızı” YouTube kanalında axşam müsahibə verməyə cəhd edəcəyini açıqlayıb. Bundan azca sonra onun mənzilindəki internet necə bağlanılıbsa, indiyə qədər açılmayıb.

Son məlumatlara görə, Əli Kərimlinin evi ilə artıq telefon rabitəsi də yoxdur. Əgər bu həqiqətdirsə, onun özünün və ailə üzvlərinin hazırki karantin rejimində zəruri ərzaq alınması, yaxud tibb yardımı üçün evdən çıxmaq üçün SMS göndərmək imkanları da qalmayıb.

Nəzərə alsaq ki, Əli Kərimlinin artıq bir neçə köməkçilsi inzibati həbsdədir, AXCP sədri telefon rabitəsi olmaması səbəbindən SMS-siz mənzili tərk edəcəyi halda, polisin onun vəziyyətini anlaşıqlı qarşılaması və inzibati məsuliyyətə cəlb etmə üçün əsas olmaması fikri ilə razılaşması ehtimalı nə qədərdir?

Əvvəl yazdığımıza əlavə olaraq, yaranmış vəziyyəti İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 3 (ləyaqəti alçaldan rəftar) və 5-ci (azadlıq hüququ) maddələrinin pozuntuları kimi də qiymətləndirə bilərik.

Diplomatik dillə desək, müxalifətlə belə dialoq yolverilməzdir və konstruktiv deyil.

Müasir cəmiyyətdə insanın internet və başqa kommunikasiya vasitələrindən məhrum edilməsi təkcə onun ifadə azadlığının, yəni hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığının (İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsi) pozulması deyil, həm də karantin zamanı onun şəxsi və ailə həyatına hörmət hüququna (Konvensiyanın 8-ci maddəsi) yolverilməz müdaxilədir.

Əvvəl Əli Kərimlinin bir neçə köməkçilsinin həbsi, indi isə onun mənzilindən kənarla ünsiyyət vasitələrindən məhrum edilməsi, uzağa getmirəm, hətta Rusiya kimi avtokratik dövlətlər üçün səciyyəvi deyil.

Bu məhdudiyyətlərin tətbiq edilməsi, uzun illər boyu pasportu belə verilməyən, bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı icra edilməyən insana qarşı həm də amansız rəftar olmaqla, ona mənəvi-psixoloji təzyiqin davamı kimi qiymətləndirilə bilər. Düşünürəm ki, özünü güclü sayan iqtidar belə üsullardan istifadə etməməli, hansısa məmurlar səlahiyyətlətini aşmışsa, onların qarşısını almalıdır,” vəkil AXCP sədrinə qarşı baş verənləri belə qiymətləndirir.

Azərbaycan Demokratiya və Rifah Hərəkatı- ADR
Azərbaycan Demokratiya və Rifah Hərəkatı- ADR

ADR Hərəkatı: Əli Kərimli və ailəsi faktiki olaraq öz evində həbsdə saxlanılır

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı hakimiyyəti karantin rejimindən siyasi məqsədlər üçün sui-istifadəyə son qoymağa çağırır.

ADR Hərəkatı hakimiyyəti karantin rejimindən siyasi məqsədlər üçün sui-istifadəyə son qoymağa, AXCP sədrinin informasiyaya və rabitə vasitələrinə çıxış imkanlarını bərpa etməyə, Tofiq Yaqublunu və həbsdə olan bütün siyasi fəalları, jurnalistləri azad etməyə çağırır.


“Artıq bir həftədir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri və onun ailəsinə ətraf mühitlə təmas və rabitə vasitələrindən istifadəyə imkan verilmir. Əli Kərimli və onun ailəsi məqsədli şəkildə cəmiyyətdən tədric olunub və məcburi şəkildə informasiya blokadasına salınıb. Əli Kərimli və ailəsi faktiki olaraq öz evində həbsdə saxlanılır, hətta məhkumlar üçün mümkün olan kommunikasiya vasitələri də onlar üçün əlçatmazdır. Telefon və internetə çıxış imkanlarının məhdudlaşdırılması onun və ailəsinin ətraf mühitlə əlaqəsində, ərzaq təminatında və dərman təchizatında da problemlər yaradır. Çünki evdən çıxış icazəsinin əldə olunması da yalnız telefon vasitəsilə mümkündür.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı hesab edir ki, hakimiyyətin qlobal pandemiya dövründə tətbiq etdiyi karantin rejimindən sui-istifadə edərək siyasi opponentlərini cəmiyyətdən müxtəlif vasitələrlə təcrid etdirməsi, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, müsavatçı Tofiq Yaqublunun cinayət məsuliyyətinə, müxalif partiyası liderini ev dustağlığına, ADR Hərəkatının, AXCP üzvlərinin və müstəqil jurnalistlərin inzibati həbs cəzasına məhkum olunması və bir sıra ictimai-siyasi fəalların cərimələnməsi heç bir siyasi etika və mədəniyyət normasına sığmır, hazırda cəmiyyət üçün daha çox önəm daşıyan həmrəylik və birliyin yaranmasına mane olur, əhalidə hakimiyyətə etimadsızlığı artırır. Odur ki, ADR Hərəkatı hakimiyyəti karantin rejimindən siyasi məqsədlər üçün sui-istifadəyə son qoymağa, AXCP sədrinin informasiyaya və rabitə vasitələrinə çıxış imkanlarını bərpa etməyə, Tofiq Yaqublunu və həbsdə olan bütün siyasi fəalları, jurnalistləri azad etməyə çağırır,” ADR Hərəkatının bəyanatında deyilir.

Namizəd Səfərov
Namizəd Səfərov

Namizəd Səfərov: Qərəzli hərəkətlərdir

Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru Namizəd Səfəriov bildirib ki, hakimiyyətin Əli Kərimliyə qarşı törətdiyi əməllər, ictimai qaydaları kobud surətdə pozmaqla, cəmiyyətə qarşı açıq hörmətsizlik ifadə edən qərəzli hərəkətlərdir.

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyev: İnformasiya texnologiyaları dövründə müxalifət liderinin telefon xətti və interneti kəsilməməlidir

İctimai fəal Bəxtiyar Hacıyev hesab edir ki, Əli Kərimlinin telefon və internet əlaqələrinin kəsilməsi ondan ehtiyatlanmanın və narahatlığın əlamətləridir.

“Öncə Əli Kərimliyə (bir neçə il əvvəl-red.) ümumvətəndaş pasportu verməməklə onun ölkədən çıxması və qayıtmasını qadağan etmişdilər, indi də ona ən yaxın olan adamlara qarşı ya cinayət işi açıblar, ya ruhi xəstəxanaya göndərirlər, ya da karantin rejimini pozmaqda ittiham edib ondan təcrid edirlər. Saya bildiyim qədər son günlərdə 6-7 nəfəri beləcə təcrid ediblər, ürəkləri soyumayıb, Kərimlinin evində interneti və sabit telefon xəttini də bir neçə gündür kəsiblər ki, tam təcrid olunsun. Son 10-15 ildəki müşahidələr onu göstərir ki, iqtidar xalqın xeyrinə proqramlar həyata keçirirsə, xalqın pis durumuna görə yox, cəmiyyətdəki və vətəndaşlar arasındakı narazılığın çox yuxarı həddə olmasına görə edir. Heç vaxt "Biz çox yığdıq, sadə vətəndaşlar isə 100-200 manata möhtacdır, əlavə bir milyard da götürməkdənsə, onlar üçün bir sosial proqram hazırlayaq" deyilməyib. İnsanlar etiraz ediblər və onda vətəndaşlar da yada düşüb.

İqtidarın narahat olmasının ikinci göstəricisi də müxalifətə və müxalifət liderlərinə münasibətdən hiss olunub. Müxalifət liderinə qarşı Novruz bayramından tutmuş, nazirlərlə iclasa qədər bütün görüşlərdə sərt çıxışlar iqtidarın vətəndaşlar arasında narazılıqdan narahat olduğunun daha bir göstəricisidir.

Görünür, iqtidar öz mənbələrindən məlumat əldə edir ki, qarşıdakı aylarda ölkəni gözləyən iqtisadi və sosial problemlərə görə vətəndaşlar arasında narazılıq sürətlə artacaq, ona görə də qorxu və narahatlıqla müxalifətə hücuma keçib. Əks halda, 2020-ci ildə, informasiya texnologiyaları dövründə müxalifət liderinin sabit telefon xətti və interneti kəsilməzdi,” o, Facebook səhifəsində qeyd edib.

Ehsan Zahidov
Ehsan Zahidov

Ehsan Zahidov: Əli Kərimlinin ev və mobil telefonunda problem yaranıbsa aidiyyatı üzrə müraciət etməlidir

Rəsmi siyasi qurumlar hələ müxalifət liderinin internet və telefon əlaqələrinin kəsilməsinə münasibət bildirməyib. Bununla yanaşı, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, Əli Kərimlinin ev və mobil telefonunda problem yaranıbsa aidiyyatı üzrə müraciət etməlidir. "Telefon stansiyasına, mobil operatoruna müraciət etsin. Hərdən məndə də olur ki, şəbəkə itir," o qeyd edib.

Həbs olunmuş AXCP üzvləri ilə bağlı DİN-dən bildirilib ki, onların heç biri siyasi motivlərlə həbs olunmayıb. Həbs olunmuş şəxslər xüsusi karantin rejimini pozaraq inzibati məsuliyyətə cəlb olunublar.

XS
SM
MD
LG