Accessibility links

Müxalif qadın fəallar “Femida” heykəli qarşısında aksiya keçirib


Sentyabrın 8-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir qrup xanım fəalı Bakının Binə qəsəbəsindəki “Femida” heykəli qarşısında aksiya keçiriblər.

Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə, aksiyada xanımlar əllərini və ağızlarını bağlayaraq, boyunlarından“Azad et”, “Azadlıq”, “Tofiq Yaqublu dərhal azad edilsin”, “İstefa” şüarlarını asmışdılar.

Xanım fəallar bütün siyasi məhbuslara eləcə də hazırda həbsdə olan Tofiq Yaqubluya azadlıq istəyiblər.

Aksiyada çıxış edən xanm fəallardan biri aksiyanın “Femida” parkında keçirilməsinin təsadüfi olmadığını bildirib:

“Biz ona görə aksiyanı burada keçirdik ki, bu ölkədə “qanun şah deyil, şah qanundur”. Biz azad, ədalətli, demokratik cəmiyyət istəyirik. Amma bu, indiki hakimiyyətin zamanında mümkün deyil”.

Tofiq Yaqublunun həbsinə etiraz
Tofiq Yaqublunun həbsinə etiraz

Onun sözlərinə görə, bu heykəlin önündən keçən məmurlar baxsınlar ki, bu ölkədə haqq-ədalət yoxsa, bu heykəli niyə qoyublar, onu da buradan götürsünlər”.

Aksiya insidentsiz keçib.

Tofiq Yaqublunun həbsi geniş tənqidlərə yol açıb. Çoxsaylı beynəlxalq təşkilatlar, eyni zamanda ABŞ-ın, Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri narahatlıq ifadə edən bəyanatlarla çıxış edib. Amnesty İnternational Tofiq Yaqublunu vicdan məhbusu elan edib.

Azərbaycan rəsmiləri beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır. Ölkə rəhbərləri insanların siyasi iradəsinə görə təqib edilmədiyini bildirir.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

T.Yaqublunun özünün də sentyabrın 3-dən həbsxanada həbsinə etiraz olaraq aclıq aksiyasına başladığı bildirib.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Sükan arxasında olan Elxan Cəbrayılov Yaqublu ilə münaqişə edərək onu ittiham edib.

Nizami rayon polisi cinayət işi qaldırıb, lakin istintaq zamanı Tofiq Yaqublunun telefonundan onun təqsirsizliyinə dair bütün video-sübutlar silinib. Polis bunun nə üçün edildiyini açıqlamayıb.

Məhkəmə həmçinin videomaterialların bərpası və məhkəmədə istifadə edilməsi barədə vəsatətləri təmin etməyib.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. O, etiraz olaraq aclığa başlayıb.

Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. 2019-cü ilin oktyabrında icazəsiz aksiyada iştirakına görə inzibati qaydada həbsə məhkum edilib.

XS
SM
MD
LG