Accessibility links

Məhəmməd bin Salman Xaşuqcinin qətlini “dəhşətli cinayət” adlandırıb


Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman

Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman çərşənbə günü onun tənqiçilərindən biri olmuş jurnalist Camal Xaşuqcinin qətlini “haqq qazandıla bilməyəcək dəhşətli bir cinayət” adlandırıb.

Səudiyyə Ərəbistanı şahzadəsi Xaşuqcinin üç həftə bundan əvvəl Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlindən sonra ilk dəfə olaraq ictimaiyyətə açıqlamanı Ər-Riyadda keçirilən investisiya konfransında verib. “Bu cinayət bütün səudiyyələr üçün ağrılı oldu. Və bu, dünyada hər bir insan üçün dəhşətli və ağrılıdır”-deyə o bildirib.

Səudiyyə Ərəbistanını de-fakto idarə edən Məhəmməd bin Salman deyib ki, “bu cinayətin arxasında olanlar məsuliyyətə cəlb olunacaqlar və ədalət zəfər çalacaq.” Səudiyyə Ərəbistanı rəsmiləri Xaşuqcinin ölümü ilə əlaqədar olaraq beş nəfəri vəzifəsindən kənarlaşdırıb və 18 nəfəri həbs ediblər.

Hüquq müdafiəçiləri və fəallar İstanbulda Səudiyyə Ərəbistanının konsulluğu qarşısında Xaşuqcinin qətli ilə bağlı izahat almaq üçün aksiya keçirir, 9 oktyabr, 2018.
Hüquq müdafiəçiləri və fəallar İstanbulda Səudiyyə Ərəbistanının konsulluğu qarşısında Xaşuqcinin qətli ilə bağlı izahat almaq üçün aksiya keçirir, 9 oktyabr, 2018.

Məhəmməd bin Salman deyib ki, Səudiyyə Ərəbistanı Türkiyədə jurnalistin qətli ilə bağlı təhqiqatı davam etdirəcək.

Səudiyyə Ərəbistanının vəliəhdi bunları ABŞ prezidenti Donald Trampın The Wall Street Journal qəzetinə verdiyi açıqlamalardan sonra deyib.

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Səudiyyə Ərəbistannın şahzadəsi, vəliəhd Məhəmməd bin Salmanın səudiyyəli dissident və jurnalist Camal Xaşuqcinin qətlinin “özbaşına hərəkət edən agentlər” tərəfindən öldürüldüyü haqda verdiyi izahata inanmaq istəyir. Lakin o bildirib ki, Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda baş vermiş qətl hadisəsinə görə başlıca məsuliyyət şahzadə Məhəmməd bin Salmanın üzərinə düşür.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü bildirib ki, Xaşuqcinin ölümünə görə məsuliyyət daşıyanlar “ədalətdən qaça bilməyəcəklər.”

Ankarada danışan Ərdoğan deyib ki, Türkiyə qətlin ört-basdır edilməsinə imkan verməyəcək və cinayətin üstünün açılması üçün dəlillərin tədqim edilməsində şəffaflıq nümayiş etdirəcək.

Türkiyə prezidenti çərşənbə axşamı günü parlament qarşısında çıxışında səudiyyəli jurnalistin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olduqdan sonra qətlinin təfərrüatları ilə bağlı detalları açıqlayıb. Ərdoğan Səudiyyə Ərəbistanının Xaşuqcinin qətlində “özbaşına hərəkət edən agentlər”in məsuliyyət daşıdığı haqda iddiasını rədd edib.

O bildirib ki, ABŞ-da fəaliyyət göstərən səudiyyəli jurnalist Camal Xaşuqcinin qətli öncədən planlaşdırılıb və bu əməliyyatın həyata keçirilməsinə göstəriş verən insanlar da daxil olmaqla, onun ölümünə görə məsuliyyət daşıyan hər kəs cəzalandırılmalıdır.

XS
SM
MD
LG