Accessibility links

Məhəmməd Talıblı: Deputatlığa namizədlər sosial-iqtisadi problemləri uca səslə ifadə etmir


İqtisadçı alimin Amerikanın Səsinə müsahibəsi

İqtisadçı alim Məhəmməd Talıblı Amerikanın Səsinə müsahibəsində Azərbaycanda növbədənkənar parlament seçkilərində deputatlığa namizədlərin platformalarında irəli sürülən iqtisadi-sosial problemlərdən danışıb.

Amerikanın Səsi: Növbədənkənar parlament seçkilərində iqtisadiyyat mövzusu nə qədər əhəmiyyətlidir?

Ölkədə sosial-iqtisadi vəziyyətin dərinləşməsi, postneft dövrünün əsas çağırışlarına adekvat ola biləcək namizədlərin sayı demək olar ki, barmaqla sayılacaq səviyyədədir.

Məhəmməd Talıblı: İqtisadiyyat mövzusu yalnız seçki ərəfəsində deyil, seçkidən öncə də ciddi problem olmalıdır. Çünki iqtisadiyyatın özündə problemlər var. Ona görə də namizədin əsas söyləməli olduğu çıxışlardan, tezislərdən biri məhz sosial-iqtisadi məzmunlu olmalıdır. Bu baxımdan yanaşanda, - namizədlərin çıxışlarını diqqətlə izləyirəm, - bəzilərinin çıxışlarında ümumiyyətlə sosial-iqtisadi mövzulara toxunulmur. Seçiləcəyi təqdirdə görəcəyi işlər, verəcəyi töhfələrin nədən ibarət olacağı da aydın görünmür. Amma ümumilikdə elə namizədlər var ki, onların çıxışlarında xüsusilə iqtisadi problemlər qabardılır, - ünvanlı sosial yardımla bağlı məsələlər, minimum əmək haqqının, uşaqlar üçün veriləcək müavinətlərin səviyyəsi, pensiya siyasəti ilə bağlı yanaşmalarda müəyyən tezislər epizodik olaraq hiss olunur. Amma ümumilikdə qəbul olunası və sistemli xarakter daşıya biləcək hər hansı bir namizədin xüsusi iqtisadi platforma və tezisləri hiss olunmur. Bu ondan xəbər verir ki, həmin namizədlər ölkədəki sosial-iqtisadi problemləri qabartmaq hesabına millət vəkili olmaq deyil, hər hansı bir problemləri qabartmadan deputat olmaq istəyirlər. Ona görə də bu tezis onu deməyə əsas verir ki, Azərbaycanda seçki prosesinin özü ədalətsiz meyarlar üzərində formalaşır. Hesab edirəm ki, nəticəsi də xeyli legitimlik problemi daşıyan bir seçki olacaq. Bu baxımdan namizədlərin bu mərhələdən üzüağ çıxacağını qabaqcadan söyləmək çətindir. Amma hər halda ölkədə sosial-iqtisadi vəziyyətin dərinləşməsi, postneft dövrünün əsas çağırışlarına adekvat ola biləcək namizədlərin sayı demək olar ki, barmaqla sayılacaq səviyyədədir.

Məhəmməd Talıblı: Deputatlığa namizədlər sosial-iqtisadi problemləri uca səslə ifadə etmir
please wait

No media source currently available

0:00 0:05:29 0:00

Amerikanın Səsi: Bəs, sosial problemlərin qabardılması platformalarda nə dərəcədə əksini tapır? Eyni zamanda, platformaların təhlili necə göstərir, regionlarda, yoxsa mərkəzi şəhərlərdə sosial poblemlər daha çoxdur?

Problemlərin əsas ciddiliyi, xüsusilə də yoxsulluqla bağlı, sosial, demoqrafik problemlər daha çox regionların payına düşür.

Məhəmməd Talıblı: Təbii ki, problemlərin əsas ciddiliyi, xüsusilə də yoxsulluqla bağlı, sosial, demoqrafik problemlər daha çox regionların payına düşür. Eyni zamanda, ölkədə regionlardan Bakıya kütləvi axın var. Ölkədən kütləvi çıxış var. Bu problemlər regionlarda daha qabarıq özünü göstərir. Amma regionlardan deputat seçilməsi iddia olunan namizədlərin çıxışlarında demək olar ki, regional problemlərin qabardılması hiss olunmur. Yalnız epizodik olaraq hər hansı problemə yanaşma hiss olunur. Problemlərin uca səslə, daha çılpaqlığı ilə ifadə olunması hiss olunmur. Bu da ondan xəbər verir ki, regionlara baxanda paytaxtda namizədlər problemlərin üzərinə getdiyi, eyni zamanda qabarıq ifadə etdiyi görünür.

Amerikanın Səsi: Parlament seçkiləri ölkədə iqtisadi-sosial problemlərin həllinə hansı köməklik edə bilər?

Azərbaycanda inhisarşılıqla bağlı çox ciddi problemlər var. Ölkədə “Rəqabət Məcəlləsi”, “Maliyyə nəzarəti haqqında” qanun yoxdur.

Məhəmməd Talıblı: Təbii ki, parlamentdə təmsil olunacaq namizədlərin özünün sosial-iqtisadi baxışlarının olması çox vacibdir. Amma biz baxırıq ki, Azərbaycanda iqtisadiyyatla bağlı hansı qanunların, hansı hüquqi normativ aktların qəbul olunmasında, hansı hüquqi çərçivənin müəyyənləşməsi ilə bağlı çox ciddi problemlər var. Məhz, onu peşəkar iqtisadçılar, hüquqşünaslar və bu yönümdə qanunvericiliyin hazırlanmasını, qanuni texnologiyaların ortaya çıxarılmasını hazırlıqlı müətxəssislər formalaşdıra bilər. Hər halda namizədlərin çoxluğu parlamentdə həmin qanunlarına hazırlanmasına əsas ola bilər. Xüsusilə, Azərbaycanda inhisarçılıqla bağlı çox ciddi problemlər var. Ölkədə “Rəqabət Məcəlləsi”, “Maliyyə nəzarəti haqqında” qanun yoxdur. Halbuki, büdcə vəsaitlərinin dağıdılması, ictimai vəsaitlər üzərində nəzarətin zəif olması, ictimai vəsaitlərin idarə olunmasında şəffaflıq, səmərəlik və hesabatlılığın zəif olması, onu deməyə əsas verir ki, problemlərin həlli üçün namizədlərin özü bu istiqamətdə mütləq hər hansı bir hazırlıq səviyyəsinə malik olmalıdır.

Amerikanın Səsi: Platformalarda iqtisadi-sosial problemlər Avropa dəyərlərinə nə qədər uyğun irəli sürülür?

Azərbaycanın indiki halda beynəlxalq iqtisadi qurumlara, iqtisadi bloklara inteqrasiya olunmaması və bu status-kvonun qorunması namizədləri heç narahat etmir.

Məhəmməd Talıblı: Əslində mən Avropa dəyərləri deməzdim. Sadəcə Azərbaycanın xüsusi iqtisadi inkişafının əsas istiqamətlərindən biri məhz iqtisadi inteqrasiyanın genişlənməsi, onun coğrafiyasının geniş olması ilə müəyyənləşir. Xüsusilə də çıxışlarda bu istiqamətdə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı ümumiyyətlə heç bir tezis, baxış olmadı. Azərbaycanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramında iştirakı və bununla bağlı Avropa İttifaqına, Avropa ailəsinə üzv olandan sonra Azərbaycanı gözləyə biləcək problemlər və üstünlüklər haqqında ümumiyyətlə heç bir fikir söylənilmədi. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın indiki halda beynəlxalq iqtisadi qurumlara, iqtisadi bloklara inteqrasiya olunmaması və bu status-kvonun qorunması namizədləri heç narahat etmir. Əslində, Azərbaycanın inkişafı Qərb, Avropa, Avroatlantik məkana inteqrasiya yolu olmalıdır. Bu istiqamətdə problemlərin həll olunmasına namizədlər daha çox töhfə verməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG