Accessibility links

46 məhbus koronavirusa yoluxub


Hazırda Azərbaycanda 46 məhbus koronavirusa yoluxub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 15-də keçirdiyi brifinqində bildirib.

Mayın 12-də Ədliyyə Nazirliyi penitensiar müəssisələrdə, o cümlədən 13 saylı cəzaçəkmə müəssisəsində 33 məhkumda test nəticələrinin müsbət çıxdığı barədə məlumat yayıb.

"Bu rəqəm əvvəl 33 idi. Daha 13 məhbus virusa yoluxub," o qeyd edib.

Bayramlının fikrincə, cəzaçəkmə müəssisələrində yoluxanlar kənarda tibbi xidmətə cəlb olunanlardır.

Virusla yaşamağa öyrəşməliyik. İlin sonuna kimi vəziyyət belə olacaq.
Ramil Bayramlı, TƏBİB İdarə Heyətinin sədri

“Həmin məhkumlar əsasən şəkərli diabet və ya böyrək çatışmazlığı olanlardır. Xroniki xəstələrin koronavirusa yoluxma faktları üstünlük təşkil edir. Belə xəstələr arasında müalicə alanda yoluxma artır. Onlar da təmasda olanları yoluxdurub. Artıq proses məhdudlaşdırılıb," o qeyd edib.

TƏBİB-in İdarə Heyətinin sədrinin sözlərinə görə, ölkədə karantin rejimi bu ilin sonunadək davam etdirəcək.

“Xüsusi karantin rejimindən mərhələli şəkildə çıxmaq ehtimalı ola bilər. Bu yükün artması və yumşalma prosesi vətəndaşların sosial məsuliyyətindən asılıdır. Virusla yaşamağa öyrəşməliyik. İlin sonuna kimi vəziyyət belə olacaq".

Onun sözlərinə görə, son zamanlar bəzi müəssisələrin rəhbərləri mövcud çağırışlara əməl etmədiyindən yoluxma faktları artıb.

“Bakı Tikiş Evində 64 nəfər virusa yoluxub və onların müalicəsi hazırda davam edir.”

Bayramlı infeksiyadan qorunmaq üçün həm tibbi maska istifadə edilməsini, həm də sosial məsafənin qorunmasını vacib sayır.

“Bu iki vasitə eyni anda həyata keçirilmədir."

TƏBİB sədri bildirib ki, son dövrlərdə çarter reysləri ilə xaricdən ölkəyə gələnlər arasında yoluxma 20 faiz təşkil edib.

XS
SM
MD
LG