Dörd ay əvvəl Vaşinqtonla potensial məhbus mübadiləsinə əsasən vətəndaşlarının sərbəst buraxılması üçün çalışacağına söz verməsinə baxmayaraq, belə görünür İranda ABŞ-da günahlandırılan və ya mühakimə olunan 12 iranlıya ictimai və ya özəl dəstək çox azdır.
Uzun müddətdir düşmənçiliyi davam edən iki ökə arasında son və nadir məhbus mübadiləsi dekabrın 7-də, İsveçrənin vasitəçiliyi ilə Zürixdə olub. O vaxt ABŞ iranlı alim Məsud Süleymaninın sərbəst buraxılması müqabilində Çin mənşəli amerikalı alim Siyu Vanı sərbəst buraxıb.
Bundan iki gün sonra İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Twitter səhifəsində Vaşinqtonla bundan sonra da "genişmiqyaslı məhbus mübadiləsinə" hazır olduğunu yazıb. Ondan bir gün sonra isə onun köməkçisi Möhsün Baharvand İranın dövlət İRNA xəbər agentliyinə açıqlamasında deyib ki, Tehran ABŞ-da həbsdə olan "təxminən 20 iranlı məhbusun" azad edilməsini istəyir.
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk dekabrın 10-da Vaşinqtonda keçirilən forumda Baharvandın şərhlərinin İranda saxlanılan bütün günahsız amerikalıların da sərbəst buraxılmasına gətirib çıxara biləcək "müsbət ilk addım" kimi qiymətləndirdiyini deyib.
Brayan Hukun dediyinə görə, o vaxtdan dörd ay keçib və ABŞ rəsmiləri Vaşinqtonun Tehranın uydurma ittihamları ilə ədalətsiz həbs edilməsində ittiham etdiyi dörd amerikalının azad edilməsi yolunda davamlı olaraq çalışıb. Onlar donanma veteranı Maykl R. Vayt və üç ikili vətəndaşlığı olan iranlı-amerikalılar - ata və oğlu Siyamək və Bəgir Namazi və ekoloq Murad Təhbazdır.
Mart ayında İranda koronavirus pandemiyası ağırlaşaraq həbsxana sisteminə yayıldığına görə ABŞ rəsmiləri İranı oradakı amerikalıların sağlamlıqlarının qorunması üçün təcili olaraq sərbəst buraxılmasına çağırdı. İran hökuməti martın 19-da Maykl Vaytda koronavirus simptomları aşkar edildikdən sonra onun həbsxanadan çıxmasına icazə versə də ölkəni tərk etməsinə icazə verməyib. Eyni zamanda digər amerikalıların azad edilməsi tələbini də rədd edib.
İran isə əksinə, dekabrın əvvəlindən bəri ABŞ-da həbsdən və ya mühakimə olunmaqdan azad olunmasını istədiyi iranlılar haqqında açıq heç bir şey deməyib və həmin şəxslərin adlarını belə çəkməyib.
Amerikanın Səsinin Fars şöbəsi ABŞ həbsxanalarında olan və ya şərti olaraq azad edilən 12 iranlının adını onları təmsil edən vəkillərdən və ABŞ Ədliyyə Nazirliyinin məlumat bazalarından öyrənib.