Accessibility links

Məhkəmə Əli Kərimlinin mühafizəçisini ev dustaqlığına buraxmadı


Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bugünkü məhkəmə prosesində vəkil Zibeydə Sadıqova deyib ki, iki vəsatət qaldırıb.

Vəsatətlərdən biri cinayət işinin başlanmasına xitam verilməsi, digəri vəsatət isə Niyaməddin Əhmədovun həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi idi.

Onun sözlərinə görə, istintaq zamanı müvəkkilinə qarşı irəli sürülmüş terroru maliyyələşdirmə ittihamı sübuta yetirilməyib. Bu ittihamla bağlı ortaya mötəbər sübut-dəlil qoyulmayıb.

O deyib ki, hüquqlarının müdafiə etdiyi Nyaməddin Əhmədov vəsatətləri müdafiə edib.

Hakim vəsatələrin heç birini təmin etməyib.

Vəkil Sadıqova müvəkkilinin həbsdə saxlandığı 1 ilə yaxın müddətdə ailə üzvləri ilə telefon danışığı və görüş hüququnun pozulduğunu da əlavə edib.

məhkəmə
məhkəmə

Məhkəmə prosesində Niyaməddin Əhmədovun atası da iştirak edib. O, oğlunun günahsız olduğunu və işgəncələrə məruz qaldığını deyib.

“Onun boynuna müəyyən ağır ittihamlar qoyublar. Ona hədsiz işgəncə veriblər. Hal-hazırda o gündən bu günə iki dəfə görüş veriblər. Telefon danışığı verilməyib. Anası xəstədir. Onunla danışmağa icazə verməyiblər.”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədova qarşı irəli sürülən ittihamı partiyaya qarşı təzyiq kimi dəyərləndirib.

“İstər yerli, istər xarici instansiya məhkəmələrində hardasa o bəraətini alacaq. Təbii ki, bütün bunların hamısının siyasi bir proses olduğunu bütün ictimaiyyət bilir, yaxşı olar ki, hakimiyyət bu addımlarından bir an öncə əl çəksin”

Növbəti məhkəmə prosesi martın 10-na təyin edilib.

Niyaməddin Əhmədov
Niyaməddin Əhmədov

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Niyaməddin Əhmədova Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28,281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlara etməyə hazırlıq) və 233-1.2.1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma) maddələri ilə ittiham elan olunmaqla, barəsində həbs-qətimkan tədbiri seçilib.

Əhmədova qarşı cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyası ittihamları əsassız və absurd hesab edir.

"Bu cür üsullarla Niyaməddin Əhmədovdan, AXCP-dən, partiyanın sədri Əli Kərimlidən qisas almaq məqsədi güdürlər. Milli Şuranın 2019-cu il oktyabrın 19-da keçirdiyi mitinqdə Əli Kərimli həbs olunan ana qədər Niyaməddin Əhmədov onun yanında olub. Ondan bunun qisasını alırlar. AXCP-yə və Əli Kərimliyə qarşı qisasçılıq, repressiyalar illərdir davam edir," AXCP bildirib.

Niyaməddin Əhmədov 2020-ci il aprelin 16-da Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin qaydalarını pozma) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunub.

AXCP-nin məlumatına görə, aprelin 28-də fəal saxlanıldığı Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindən başına torba salınaraq naməlum ünvana aparılıb və ağır işgəncələrə məruz qoyulub.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AXCP-nin məlumatında deyilənləri təkzib edib. Onun sözlərinə görə, məlumat "uydurma xarakterlidir".

Mayın 16-da inzibati həbs müddəti başa çatdıqdan sonra Niyaməddin Əhmədova qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, Qabil Məmmədov adlı şəxsin Almaniya ərazisində sığınacaq alaraq Azərbaycan ərazisində terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, "Məmmədovun hakimiyyətə qarşı cinayət əməllərində dəstəklənməsinə etibar etdiyi şəxslərə, o cümlədən yaxından tanıdığı həmyerlisi Niyaməddin Əhmədova müxtəlif üsullarla göndərdiyi pul vəsaitlərini verməsinə, sonuncunun isə öz növbəsində terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib, həmin pul vəsaitlərini qəbul edərək uydurma ünvanlar adı altında qəsdən toplamaqla terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Lakin Qabil Məmmədovun çıxışlarında bəyan etdiyi terrorçuluğun törədilməsinə yönələn cinayət əməlləri iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb,” məlumatda deyilir.

Baş Prokurorluq ittihamın ibtidai istintaqda sübut olunduğunu bildirir.

AXCP fəalının həbsi prezident İlham Əliyevin müxalifəti kəskin tənqidlərindən sonraya təsadüf edib.

AXCP sədri Əli Kərimli bildirib ki, Niyaməddin Əhmədovun terrorçuluğun maliyyələşdirilməsi kimi "ağır, gözlənilməz cinayətdə ittihamı sadəcə absurdun dibi deyil, müxalifəti düşmən elan etməyin nəticəsidir".

Ötən il noyabrın 19-da Bakının Nəsimi rayon Məhkəməsi Niyaməddin Əhmədovun barəsində seçilmiş həbs qətimklan tədbirinin müddətini 2021-ci il aprelin 23-dək daha beş ay uzadıb.

XS
SM
MD
LG