Martın 19-da Anews.az-ın həbsdə olan bölgə müxbiri Zaur Qənbərov azadlığa buraxılıb.
Bu barədə vəkili Cavad Cavadov məlumat yayıb.
"2020-ci il oktyabrın 29-da məhkəmənin hökmündən apellasiya məhkəməsinə şikayət vermişik. Həmin hökmdə Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (xuliqanlıq) Zaur Qənbərov 3 il 6 ay azadlıqdan məhrum edilib. Apellyasiya şikayətində hökmün ləğv olunmasını və bəraət verilməsini xahiş etmişdik. Gəncə Apellyasiya Məhkəməsi şikayəti qismət təmin etdi, 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin etdi. Barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv etdi. Azadlığın məhdudlaşdırılması ilə Zaur Qənbərov 2 il müddətinə hər gün saat 23-dən səhər saat 7-dək evdə olmalıdır. Məhkəmə onun 5 ay həbsdə olduğu müddəti nəzərə alaraq təyin etdiyi 2 ildən 1 il 2 ay azadlığının məhdudlaşdırılmasını qüvvədə saxladı. Belə ki, məhkəmə Qənbərovun həbsdə olduğu 5 ayın hər bir gününü iki gün azadlığın məhdudlaşdırlması cəzası kimi hesabladı,” vəkil bildirib.
Zaur Qənbərov ötən il oktyabrın 29-da Gədəbəy Rayon Məhkəməsi tərəfindən 3 il 6 ay azadlıqdan məhrum edilib.
Jurnalistin iddiasına görə, həbs edilməsinin səbəbi Gədəbəy rayonu məmurları haqqında yazdığı araşdırma məqalələri olub. Qənbərov bildirib ki, həbsi onun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəlib.
Anews.az xəbər portalının bölgə müxbiri Zaur Qənbərov 2020-ci il mayın 4-də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy rayon şöbəsinin binasında yaranan insidentlə bağlı həbs edilib.
“2020-ci il mayın 4-də peşə vəzifəmi yerinə yetirdiyim zaman Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy rayon şöbəsinin binasında həmin qurumun rəhbəri və onun sürücüsü tərəfindən döyülmüşəm, təhqir olunmuşam, çəkiliş apardığım telefonum sındırılıb. Bununla bağlı hüquq- mühafizə orqanlarına şikayət etsəm də qarşı tərəfə deyil, mənə qarşı Cinayət Məcəlləsinin 221.3 maddəsi (xuliqanlıq-silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) ilə cinayət işi qaldırılıb,” o qeyd edib.
Jurnalist etiraz olaraq ötən ilin iyulunda aclıq akasiyası keçirib.
Anews.az saytı bildirib ki, konkret halda jurnalistə qarşı deyil, Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsininn vəzifəli şəxslərinə qarşı cinayət işi qaldırılmalıdır.
"Çünki, peşə fəaliyyətini həyata keçirərkən DSMF Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev və onun sürücüsü İsfəndiyar Qələndərov jurnalistə hücum çəkib, onu təhqir edib, döyüb, bu hadisəni videoya çəkdiyini gördükdə telefonunu əlindən alaraq ayaq altına atıb, təpiklə zərbə vuraraq sındırıb.”
"Sərhədsiz Reportyorlar" beynəlxalq mətbuatı müdafiə təşkilatının ötən il yaydığı bəyanatda deyilir ki, jurnalistə hücuma səbəb COVİD 19 pandemiyası dövründə yardımın ədalətli paylanmaması haqqında video olub.
"Hadisə araşdırılmalıdır. Cəzasızlığa yox deyirik!" bəyanatda qeyd edilir.
Öz növbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidməti bildirib ki, Gədəbəydə anews.az saytının müxbirinin DSMF rayon şöbəsində döyülməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Qurbanov idarənin müdirini və işçiləri təhqir edib, hədə-qorxu gəlib. İdarənin iş ahəngini 40 dəqiqəyə yaxın pozub. Zaur Qənbərovla bağlı insidentə və onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün DSMF-nin yerli şöbəsi tərəfindən Gədəbəy Rayon Prokurorluğuna müraciət olunub," mətbuat xidməti qeyd edib.