Səbael rayon Məhkəməsi hüquqşunas Aslan İsmayılovu Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırıb. İş adamı, "Xəmsə-M” cəmiyyətinin rəhbəri Mürvət Həsənovun hüquqşunasa qarşı şikayəti qismən təmin edilib. O, hüquqşünasın böhtana görə həbs edilməsini istəyib.
Mürvət Həsənov ilə "Emre Piliç - Qida Sənaye və Ticarət Limited" şirkətinin rəhbəri Ömür Oral arasında yaşanan qalmaqalda türk biznesmenin vəkili Aslan İsmayılov olub. Həsənov iddia edir ki, hüquqşünas Facebook sosial şəbəkəsində ona "dələduz" deyib.
Bu mənim ictimai fəaliyyətimlə bağlı hökumətin təqibidir. Bu təqibin də başında duran prezidentin köməkçisi Əli Həsənov və ədliyyə naziri Fikrət Məmmədovdur.
İyulun 31-də Səbayel Rayon Məhkəməsi hakim Azər Tağıyevin sədrliyi ilə İsmayılov 1 il 6 ay müddətinə islah işlərinə məhkum edilib. Həmçinin, onun qazancından 15% dövlət nəfinə tutulmalı, 1500 manat cərimə ödəməlidir.
İsmayılov isə ona qarşı irəli sürülən ittihamı rədd edib.
O, Amerikanın Səsinə müsahibəsində bildirib ki, məhkəmənin hökmündən apellyasiya şikayəti verəcək.
“Bu mənim ictimai fəaliyyətimlə bağlı hökumətin təqibidir. Bu təqibin də başında duran prezidentin köməkçisi Əli Həsənov və ədliyyə naziri Fikrət Məmmədovdur. Fikrət Məmmədov “Siyəzən-broyler”in həmtəsisçisidir. Mən “Siyəzən-broyler”in qanunsuz əməllərini ifşa etmişəm. Əli Həsənovun isə fəaliyyətini daim tənqid etmişəm”, o qeyd edib
İyulun 4-də Bakının Səbael Rayon Məhkəməsi Aslan İsmayılovu "Müasir Müsavat" Partiyasının sədri Hafiz Hacıyevin iddiası ilə 1500 manat cərimələyib. Hacıyev hüquqşünasın Cinayət Məcəlləsinin 147.2 və 148 maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib. Məhkəmə iclasına sədrlik edən hakim Azər Tağıyev Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsiylə Aslan İsmayılova bəraət verib. Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsiylə isə 1500 manat cərimə edib. Hafiz Hacıyevin 100 min manatlıq mülki iddiası da təmin olunmayıb.
Hafiz Hacıyevin iddiasına görə, Aslan İsmayılov sosial şəbəkələrdə onu “canlı” adlandırmaqla təhqir edib, başqalarını şantaj edib pul aldığını deməklə böhtan atıb.