Accessibility links

Məhkəmə AXCP fəalını ev dustaqlığına buraxmayıb


Bəxtiyar İmanov

Avqustun 13-də Bakının Nəsimi rayon Məhkəməsi hakim Babək Pənahovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəkilin verdiyi şikayəti təmin etməyib.

AXCP-nin məlumatına görə, Bəxtiyar İmanovun məhkəmə iclasında iştirakı təmin edilib.

“Bəxtiyar İmanov məhkəmədə 14 iyul gecəsi evdə olduğunu, heç kimdən hər hansı tapşırıq almadığını və heç kimə də göstəriş vermədiyini bildirib. Vəkil onun hər hansı bir cinayətdə iştirak etmədiyini, ziyalı olmasını, ailəsində azyaşlı uşaqları olmasını bildirməklə onun ev dustaqlığına buraxılmasını xahiş edib,” məlumatda deyilir.

Lakin məhkəmə şikayəti və vəsatətləri təmin etməyib, İmanovu həbsdə saxlayıb .

AXCP bildirir ki, həbs olunandan bu günə qədər ilk dəfə olaraq vəkillə Bəxtiyar Imanovun konfidensial görüşünə şərait yaradılıb. AXCP fəalı saxlanma şəraitindən narazı olmadığını, eləcə də fiziki işgəncəyə məruz qalmadığını bildirib.

Bəxtiyar İmanov barəsində iyulun 20-də Bakının Nəsimi rayon Məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham edilir.

AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-15-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 47 nəfər fəalı həbs edilib.

“Onlardan 17 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 17 nəfər inzibati qaydada həbs edilib. 1 nəfər ev dustaqlığındadır. 12 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü isə öncədən siyasi məhbusdur. Beləliklə, hazırda AXCP-nin 43 fəalı siyasi sifarişlə həbsdədir,” məlumatda qeyd edilir.

AXCP fəallarının həbsini siyasi sifariş hesab edir.

Qısa tarixcə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.

Yaranmış insidentlə bağlı cinayət işi qaldırlıb, çoxsaylı insan həbs edilib.

Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycanda iki nəfər seldə həlak olub
please wait

No media source currently available

0:00 0:12:34 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG