Accessibility links

Məhkəmə AXCP fəalını həbsdə saxlayıb


Niyaməddin Əhmədov
Niyaməddin Əhmədov

Bu gün, iyunun 3-də Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdullayevin sədrliyi ilə AXCP fəalı, partiya sədrinin ictimai əsasla mühafizəçisi Niyaməddin Əhmədovun həbsindən verilmiş şikayətə baxılıb və şikayət təmin edilməyib.

Bu barədə AXCP məlumat yayıb.

Məlumatda deyilir ki, Niyaməddin Əhmədov məhkəmədə onun guya küçədə həbs edilməsi haqda iddianın yalan olduğunu bildirib.

“İnzibati cəzaçəkmə məntəqəsindən 16 may saat 16:00-da çıxarılaraq polisə, oradan da Nəsimi rayon Məhkəməsinə aparılıb, haqqında irəli sürülən ittiham tamamilə saxtadır. Onun dediyinə görə, işi aparan müstəntiq ona bildirib ki, xaricdə yaşayan Qabil Məmmədov adlı şəxs onun haqqında ifadə verib, Niyaməddin bəyə Azərbaycanda çevriliş etmək üçün pul göndərdiyini bildirib. Həmçinin guya Qabil Məmmədov tezliklə ölkəyə gətiriləcək və Niyaməddin bəyin üzünə durğuzulacaq,” AXCP Əhmədova istinadən bildirib.

İşi aparan müstəntiq Ramil Babayev məhkəməyə bildirib ki, Niyaməddin Əhmədovun Qabil Məmmədovla birlikdə Azərbaycanda çevriliş edəcəyi barədə şübhələr var, onun azad olunması və ya istintaq dövründə cəzasının ev dustaqlığına əvəz olunması məqsədəuyğun deyil.

Məhkəmə Əhmədov barəsində həbs qərarını qüvvədə saxlayib.

AXCP fəalı Niyaməddin Əhmədov aprelin 16-da Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin qaydalarını pozma) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunub.

AXCP-nin məlumatına görə, aprelin 28-də fəal saxlanıldığı Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindən başına torba salınaraq naməlum ünvana aparılıb və ağır işgəncələrə məruz qoyulub.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AXCP-nin məlumatında deyilənləri təkzib edib. Onun sözlərinə görə, məlumat "uydurma xarakterlidir".

Mayın 16-da inzibati həbs müddəti başa çatdıqdan sonra Niyaməddin Əhmədova qarşı Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, Qabil Məmmədov adlı şəxsin Almaniya ərazisində sığınacaq alaraq Azərbaycan ərazisində terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, Məmmədov hakimiyyətə qarşı cinayət əməllərində dəstəklənməsinə etibar etdiyi şəxslərə, o cümlədən yaxından tanıdığı həmyerlisi Niyaməddin Əhmədova müxtəlif üsullarla göndərdiyi pul vəsaitlərini verməsinə, sonuncunun isə öz növbəsində terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib həmin pul vəsaitlərini qəbul edərək uydurma ünvanlar adı altında qəsdən toplamaqla terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Lakin Qabil Məmmədovun çıxışlarında bəyan etdiyi terrorçuluğun törədilməsinə yönələn cinayət əməlləri iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb,” məlumatda deyilir.

AXCP sədri Əli Kərimli bildirib ki, Niyaməddin Əhmədovun terrorçuluğu maliyyələşdirmək ittihamı ilə həbs edilməsi yeni mərhələdir.

“Müxalifət fəallarının saxta ittihamlarla həbsi yeni xəbər deyil və heç kimi təəccübləndirmir. Lakin əvvəllər bu saxta ittihamlar narkotik, xuliqanlıq kimi cinayətlərlə bağlı olurdu. Terrorçuluğun maliyyələşdirilməsi kimi ağır, gözlənilməz cinayətdə ittiham isə sadəcə absurdun dibi deyil, müxalifəti düşmən elan etməyin nəticəsidir və repressiyaların növbəti, daha üst səviyyəyə keçidindən xəbər verir,” Kərimli qeyd edib.

Hazırda AXCP sədrinin iki mühafizəçisi cinayət təqibi ilə, bir mühafizəçisi və köməkçisi inzibati qaydada həbsədədir.

AXCP fəallarının həbsləri prezident İlham Əliyevin müxalifəti kəskin tənqidlərindən sonraya təsadüf edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG