Accessibility links

Məhkəmə AXCP fəalını vaxtından əvvəl azadlığa buraxmayıb


Orxan Baxışlı (Foto Fərqanə Novruzovanındır)
Orxan Baxışlı (Foto Fərqanə Novruzovanındır)

Bakının Qaradağ rayon Məhkəməsi avqustun 11-də hakim Teymur Qurbanovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Orxan Baxışlının vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı müraciətini təmin etməyib.

Baxışlı məhkəməyə saxlanıldığı 14 saylı cəzaçəkmə müəssisəsindən onlayn qaydada qatılıb.

AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlı 2018-ci il mayın 6-da saxlanılıb. O, Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsiylə 6 il azadlıqdan məhrum edilib. Rəsmi məlumatlarda fəalın üzərindən 6 qram heroin tapıldığı bildirilir.

Sonradan Ali Məhkəmə satış məqsədini ittihamdan xaric edib, maddəni 234.1-ə tövsif edərək cəzanı 3 ilə endirib. Hazırda Baxışlının cəza müddətinin başa çatmasına 9 ay qalıb.

Gənc fəal məhkəmədə bildirib ki, ittiham siyasi sifarişdir, narkotiki saxlanılan zaman onun cibinə qoyublar.

AXCP bildirib ki, Orxan Baxışlı həbsindən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günündə mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal jurnalistin qətlində hakimiyyəti günahlandırıb.

Dövlət rəhbərləri və hüquq mühafizə orqanlarının rəhbərləri bəyan edib ki, Elmar Hüseynovun qətlində günahkar olan şəxslərin tapılmasında maraqlıdırlar. Onlar bu qətlə görə hökumətin günahlandırılmasını əsassız sayırlar.

Elmar Hüseynov 2005-ci il martın 3-də evinin astanasında odlu silahla qətlə yetirilib. Qatillər və qətlin sifarişçiləri hələ də tapılıb istintaqa təhvil verilməyib.

Avqustun 11-də Qaradağ rayon Məhkəməsində keçirilən prosesdə 14 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi Baxışlının vaxtından əvvəl azadlığa buraxılmasını məqsədəuyğun hesab etmədiyini bildirib.

“Barəsində çıxarılmış hökm və qərarlardan narazıdır, törətdiyi cinayət əməlini etiraf etmir. Əsassız həbs olunduğunu iddia edir.

... Xasiyyətcə tərs və təkəbbürlüdür. Məhkum yoldaşları və müəssisə əməkdaşlarına qarşı qeyri-səmimidir,” 14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Namiq Qocayev, onun müavini Natiq Hacıyev və dəstə rəisi Vüsal Zeynalovun imzaladığı mülahizədə deyilir.

XS
SM
MD
LG